Bakalavr tələbələr yekun attestasiyadan azaddırlar

Şəklin mənbəyi, Azərtag
Koronavirusa görə Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alan tələbələr yekun attestasiyadan azad olunurlar.
Nazirlər Kabineti bununla bağlı verdiyi qərarda bildirir ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.
Amma təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında iştirak edə bilər, Baş nazir Əli Əsədovun bazar ertəsi imzaladığı qərarda deyilir.
Qərarda o da vurğulanır ki, ali təhsil müəssisəsinin Elmi Şurası bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsil alanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbini qoya bilər, amma bunu Təhsil Nazirliyi ilə razılaşdırmalıdır.
İndiyədək tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırdılar. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburi idi, onun hazırlanmasına və təşkilinə 6 həftə ayrılırdı.
Nazirlər Kabinetinin bu qərarı bu il oktyabrın 1-nə qədər qüvvədədir.
Koronavirus epidemiyasına görə, mart ayından Azərbaycanda bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bəzi təhsil müəssisələri təhsili könüllü şəkildə onlayn formatda davam etdirirlər.
Hazırda ölkənin iri şəhərlərində karantin rejiminin mayın 31-nə kimi davam etməsi nəzərdə tutulur: Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağandır, ölkə qonşu dövlətlərlə sərhədlərini bağlayıb və bütün uçuşlarını dayandırıb. Toy, yas, idman oyunları, konsert kimi kütləvi tədirlərə qadağa qoyulub.









