Boris Johnson: Mənə "litrlərlə" oksigen lazım idi

Boris Johnson

Şəklin mənbəyi, AFP

Britaniyanın Baş naziri Boris Johnson bu yaxınlarda koronavirusa yoluxduğuna və ciddi xəstələndiyinə görə xəstəxanada olduğu müddətdə "gözlənilməz hallar üçün planlar" hazırlandığını bildirib.

Bazar günü Sun qəzetində dərc olunmuş müsahibəsində Baş nazir deyib ki, xəstəxanada koronavirusdan müalicə olunduğu günlərdə həyatını xilas etmək üçün ona "litrlərlə oksigen" verilib.

O qeyd edib ki, Londonun St. Tomas xəstəxanasında keçirdiyi bir həftə müddətində onda həm digər insanları əzablardan qurtarmaq, həm də Britaniyanı "ayaq üstə vəziyyətinə qaytarmaq" istəyi formalaşdırıb.

Bundan əvvəl Baş nazirin nişanlısı Carrie Symonds onların bir neçə gün əvvəl doğulmuş oğlan uşağına Wilfred Lawrie Nicholas Johnson adının verildiyini açıqlayıb..

Bu adlar Boris Johnson-un və Carrie Symonds-un babaları və Baş naziri müalicə edən iki həkimlə bağlı seçilib.

Oğlan çərşənbə günü, Boris Johnson xəstəxananın reanimasiya şöbəsindən çıxdıqdan bir neçə həftə sonra anadan olub..

Qəzetə verdiyi müsahibəsində Baş nazir monitorlara necə qoşulduğunu və"göstəricilərin əks istiqamətdə necə hərəkət etdiyini" təsvir edib.

"Bu, çətin bir an idi, mən bunu danmıram, - deyərək Boris Johnson əlavə edir ki, o zaman özünə dəfələrlə bu sualı verib, - Görəsən, bu vəziyyətdən necə çıxacağam?"

Boris Johnson-da koronavirus diaqnozu martın 26-da aşkar edilib və 10 gündən sonra o, xəstəxanaya yerləşdirilib. Ertəsi gün isə onu reanimasiyaya şöbəsinə keçiriblər.

"Bir neçə gün ərzində mənim sağlamlığımın bu dərəcədə pisləşdiyinə inanmaq çətin idi, - Baş nazir Sun qəzetinə müsahibəsində deyib. - Həkimlər hər cür vəziyyətə hazır idilər".

Boris Johnson-un sözlərinə görə, onun sağalması "möcüzəli qayğının" nəticəsində mümükün olub.

O deyib ki, bir çox başqalarının hələ də əziyyət çəkdiyini nəzərə alaraq, özünü "bəxti gətirdiyi" kimi hiss edir.

"Məndən soruşsanız, digər insanların əzablarını dayandırmaq istəyimi məni istiqamətləndirir? Bəli, bu tamamilə belədir. Lakin mən ölkəmizi bütövlükdə ayağa qaldırmaq, yenidən sağlam olmaq, bacardığımız qədər irəli getmək kimi qarşısıalınmaz arzu ilə hərəkət edirəm və əminəm ki, biz buna nail olacağıq", - Baş nazir deyib.

Britaniyada koronavirusdan qeydə alınmış ölüm hallarının sayı ötən gün 621 nəfər artaraq ümumilikdə 28 131 nəfərə çatıb..

Bu arada, İngiltərə səhiyyəsinin baş rəsmisinin müavini doktor Jenny Harries bildirib ki, son bir həftə ərzində virusun xəstəxanalarında müalicə olunan insanların sayı 13% azalıb.

Baş nazir Boris Johnson ötən bazar günündən etibarən yenidən hökumətə rəhbərlik edir.