Koronavirus: Boris Johnson "Britaniya həkimlərinə həyatı üçün borclu olduğunu" bildirib

Boris Johnson

Şəklin mənbəyi, AFP

Britaniyanın Baş naziri Boris Johnson onu koronavirusdan müalicə edən NHS (Britaniya səhiyyə sistemi) işçilərinə həyatı üçün borclu olduğunu söyləyib.

Baş nazirin ofisi tərəfindən mətbuat üçün açıqlanan bəyanatında 55 yaşlı Boris Johnson üç gün intensiv terapiya şöbəsində keçirdiyi Londonun St. Thomas hospitalının həkimlərinə minnətdarlığını bildirib. Britaniyanın Baş naziri intensiv terapiya şöbəsindən adi palataya keçirildikdən sonra həmin hospitalda müalicəsini davam etdirməkdədir.

Bazar günü Britaniyada koronavirusdan ölənlərin sayının 10000 nəfəri keçəcəyi gözlənilir.

Şənbə günü Britaniyada koronavirusdan ölənlərin sayı 917 nəfər artaraq ümumilikdə bu xəstəlikdən ölənlərin sayını 9875 nəfərə çatdırıb.

Britaniya hökümətinin üzvləri bu həftə ölkə ərazisində havaların isti və günəşli keçməsinə baxmayaraq Pasxa bayramının təsadüf etdiyi həftəsonu günlərində insanları evdə qalmağa çağırır.

Cümə axşamı günü reanimasiya şöbəsindən çıxdıqdan bəri ictimaiyyət üçün verdiyi ilk açıqlamasında Baş nazir Boris Johnson onu müalicə edən həkimlərə minnətdarlığını bildirərək deyib: "Onlara minnətdarlığımı bildirmək üçün təşəkkürüm bəs etmir. Həyatım üçün onlara borcluyam".

Şənbə günü hökumətin gündəlik koronavirus brifinqini aparan daxili işlər naziri Priti Patel qeyd edib ki, Baş nazirə "istirahət etmək və sağalmaq üçün vaxt və məkan tələb olunur".