Koronavirus: İtaliyada bir gündə 900-dən çox adam ölüb

Şəklin mənbəyi, EPA
İtaliyada bir gün ərzində koronavirus səbəbindən yeni 919 ölüm hadisəsi qeydə alınıb ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək gündəlik ölüm halları sayının rəqəmidir.
Bu o deməkdir ki, İtaliyada koronavirusdan ölənlərin sayı 9144 nəfərə çatıb.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Adhanom Ghebreyesus, qoruyucu vasitələrin "xroniki qlobal çatışmazlığını" insanların həyatını xilas etmək üçün görülən səylərə "ən ciddi təhdid" adlandırıb.
İtaliya Avropada koronavirusun ən ağır təsirinə qalan ölkədir. Ölkədə, demək olar ki, bütün obyektlər bağlanıb, insanlara evlərində qalmaq deyilib.
Cümə günü İtaliya rəsmiləri ölkədəkarantın məhdudiyyətlərinin aprelin 3-dən sonrakı dövr üçün də uzadılacağının gözlənildiyini bildiriblər.
Ölkənin şimalında yerləşən Lombardiyada ən ağır vəziyyət yaranıb, burada ölənlərin sayında kəskin artım baş verib.
Koronovirusa yoluxanların ümumi sayı İtaliyada 86500 nəfərə çatıb.

Roma müxbiri Mark Lowen-in təhlili
İtalyanlar üçün bu faciənin miqyasının dərk edilməsi gündən günə ağırlaşır.
Koronavirusdan ölənlərin sayı elə sürətlə artır ki, sanki ölkə hər gün bir kəndin əhalisini itirir.
Son 24 saat ərzində yalnız Lombardiya bölgəsində 541 ölüm hadisəsi baş verib.
Tunelin sonunda işığı görmək çətin olsa da, bunun üçün müəyyən zəmin var: yeni infeksiyanın yayılma sürəti azalmaqdadır. Lakin iki həftədən çoxdur ki, ölkə üzrə karantın tədbirləri elə də böyük bir irəliləyişə səbəb olmayıb. Dəhşətli xəbərlər gəlməyə davam edir: epidemiya başlayandan bəri 46 həkim ölüb.
Karantin rejiminin uzadılacağı şübhə doğurmur - Milli Səhiyyə Şurası karantın rejiminin bəlkə də aylarla çəkəcəyini istisna etməyib. Bu addım, karantinin iqtisadiyyatı çökdürdüyü yalnız İtaliyada yox, İtaliyada görülən tədbirləri özündə tətbiq etməyə hazırlaşan ölkələrdə də narahatlıq doğurur.
İtaliya Avropanın digər ölkələrini həm koronavirusun inkişafına, həm də görülən karantin tədbirlərinə görə 1-2 həftəlik zaman kəsiyinə qabaqlayır . Odur ki, burada baş verənlər başqa yerlərdə yaxından izləniləcəkr.

Avropanın qalan ölkələrində nə baş verir?
Britaniyanın Baş naziri Boris Johnson koronavirus testi müsbət olmuş ilk Qərb liderlərir. O deyib ki, onda "yumşaq smptomlar" aşkar olunub və o, özünü Downing Street-də təcrid rejiminə salıb.
Boris Johson deyib ki, "bu virusla mübarizə apardığımız bir dövrdə hökümətin gördüyü tədbirləri video-konfranslar vasitəsiylə yönəltməkdə davam edəcək".
İspaniya - koronavirusun ən ağır zərbəsi dəyən Avropanın İtaliyadan sonra ikinci ölkəsidir. İspaniyada da ölüm saylarının göstəricisi kəskin artıb, lakin yeni yoluxma hallarının əmsalı sabitləşib, rəsmilər bildirib.
Təsdiqlənmiş yoluxma hallarının sayı İspaniyada 64059 nəfərə çatıb. Son 24 saat ərzində ölənlərin sayı 769, epidemiya başladıqdan koronavirusdan ölənlərin ümumi sayı isə 4858 nəfər təşkil edib.
İspaniya höküməti ölkədə fövqəladə rejimi aprelin 12-dək uzadıb.
İnsanların sərbəst hərəkəti kəskin dərəcədə məhdudlaşdırılıb, dükanlar və müəssisələr bağlanıb.









