Şahzadə Harry və Meghan kral titullarından istifadə edə bilməyəcəklər

Şahzadə Harry və həyat yoldaşı Meghan

Şəklin mənbəyi, PA Media

Şahzadə Harry və həyat yoldaşı Meghan malik olduqları kral titullarından artıq istifadə etməyəcəklər və dövlətdən vəsait almayacaqlar, Buckingham sarayının açıqlamasında bildirilib.

Bu o deməkdir ki, elan edilən yeni qaydalar bu ilin yazından başlayaraq qüvvəyə minəndən sonra artıq onların ünvanına "kral həzrətləri" müraciətini işlətmək mümkün olmayacaq.

Lakin Harry və Meghan Sussex hersoqu və hersoginyası titullarını saxlayacaqlar, Harry isə, əlavə olaraq, şahzadə titulunu da qoruyacaq.

Harry və Meghan, həmçinin Windsor-dakı evlərinin təmiri üçün Britaniya büdcəsindən xərclənmiş £2,4 milyon məbləğndə pulu da qaytarmaq niyyətində olduqlarını açıqlayıblar.

Bundan əlavə, şahzadə Harry və Meghan kraliçanın rəsmi nümayəndələri səlahiyyətləriylə də vidalaşmalı olacaqlar.

"Son zamanlarda baş verən danışıq və müzakirələrdən sonra şadam ki, birlikdə nəvəm və onun ailəsinin növbəti addımlarına konstruktiv və dəstəkləyici bir yanaşma tapdıq. Harry, Megan və Archie həmişə ailəmin sevimli üzvləri olaraq qalacaqlar", - Britaniya kraliçası II Elizabeth-in bəyanatında deyilib.

Sussex hersoqu və hersoginyası Britaniya və Kanadada yaşamağı planlaşdırdıqlarını bildiriblər.

Buckingham sarayı şənbə günü Harry və Meqanın mühafizəsiylə bağlı işlərin necə təşkil olunacağı barədə məlumatın açıqlanmayacağını qeyd edib.