Britaniya seçkiləri: Selfi çəkdirmək olarmı? Seçkiyə sərxoş gəlmək olarmı? Və digər suallara cavablar.

Şəklin mənbəyi, Getty Images
Britaniya "qadağan olunmayan hər şeyi etmək olar" deyiminin söz gəlişi olaraq qalmadığı ölkələrdən biridir. Bu, seçki məntəqələrində davranış normalarına da aiddir.
Parlament seçkilərinin gedişində hansı hərəkətləri etmək qadağandır?
Son onilliklərdə qaydalar çox az dəyişib. Seçici əlində "Səs vermək üçün siz bu vərəqəni özünüzlə gətirmək məcburiyyətində deyilsiz" sözləri yazılmış kartla seçki məntəqəsinə daxil olur, masa arxasında oturmuş şəxsə adını və ünvanını deyir, həmin şəxs siyahıda bunları tapır və ona bülleten verir.
Seçici kabinəyə girir, yadına düşür ki, sevimli qələmini kostyumunun cibində/çantasında unudub, kabinədə ipdən asılmış və ucu artıq xeyli yeyilmiş olan karandaşla bəyəndiyi namizədin adı yazılmış qrafaya ya "x", ya da "quş" işarəsi qoyur.
Selfi çəkdirmək olarmı?
Qanun bunu qadağan etmir, amma Britaniyanın Seçki Komissiyası səsvermə sirrinin qorunmasıyla bağlı son dərəcə mürəkkəb qanunvericiliyi də nəzərə alaraq israrla tövsiyə edir ki, seçki məntəqələrində selfi çəkilməsin.
Məsələn, başqasının necə səs verdiyini açıqlamaq qadağandır və ehtiyatsız çəkilmiş avtoportretin paylaşılması bununla nəticələnə bilər.
Bülletenin unikal identifikasiya nömrəsini çəkmək də qayda pozuntusudur. Qanun "seçki məntəqəsində əldə olunmuş" hər hansı informasiyanın paylaşılmasına icazə vermir: səsvermənin gizliliyini və nəticənin şəffaflığını qorumaq üçün.

Şəklin mənbəyi, Getty Images
"Qanunun qəsdən və ya bilməyərək pozulmasına yol verməmək üçün biz israrla tövsiyə edirik ki, heç kim seçki məntəqəsində şəkil çəkməsin. Kimsə özünün səsvermədə iştirakını nümayiş etdirmək istəyirsə, ya səsvermədən əvvəl, ya da sonra məntəqənin önündə şəkil çəkdirməyi məsləhət görürük" - Seçki Komissiyasının nümayəndəsi belə deyir.
Məntəqələrin çoxuna "Şəkil çəkməyin" lövhəsi vurulub.
Britaniyada səsvermənin gizliliyi haqqında qanunu pozmaq ciddi şəkildə cəzalandırılır. Avropa Parlamentinə seçkilər zamanı vətəndaşları xəbərdar ediblər ki, hətta istəmədən belə başqalarının necə səs verdiyini yaymış olsalar, 5 min funt sterlinq (7,6 min dollar) cərimə və ya 6 aylıq həbs cəzası ala bilərlər.
Ancaq seçki məntəqələrinin üzvləri polis çağırmayıblar, həvəskar fotoqraflardan şəkilləri silməyi xahiş ediblər. Məntəqə rəhbərlərindən biri dəqiqləşdirir: "Bu onların məhz nəyi çəkmələrindən asılıydı".
Tvit paylaşmaq olarmı?
Siz seçkidə səs verməyinizlə lovğalanmaq istəsəniz belə, Seçki Komissiyası bunu məntəqədə yox, istənilən başqa yerdə etməyiniz xahiş edir.
Ancaq bu hal üçün də ciddi qaydalar var: başqalarının səsvermə gizliliyi hüququnun pozulması, o cümlədən, hansısa şəxsin kimə səs verdiyini açıqlamaqla, ona təsir etmək cəhdi yolverilməz hesab olunur.
Başqasının kimə səs verdiyini və ya verəcəyini bəlli edən informasiyanın açıqlanmasını, o cümlədən, "vətəndaş seçdiyi qrafanı işarələdikdən sonra onun öz bülletenini nümayiş etdirmək istəyinə birbaşa və ya dolayı yolla təsir göstərmək, yəni istənilən başqa şəxsə onun hansı namizədə səs verməsi və ya səs verməməsi barədə məlumat vermək" qanunla cinayət əməli hesab olunur.
Məntəqəyə ev heyvanlarıyla gəlmək olarmı?
Hələ ki, itlərə səs verməyə icazə verilməyib, ancaq prosesə mane olmayacaqlarsa, gəlib onu müşahidiə edə bilərlər. Londonda 2008-ci ildə keçirilmiş mer seçkisinə qədər məntəqə üzvlərinə təlimat verilirdi ki, itlər ancaq "müşayiətçi" rolunu oynaya bilərlər, nəzarətsiz şəkildə gəzə bilməzlər.
Seçici məntəqəyə bir və ya bir neçə it gətirdikdə və eyni zamanda həm bülletenlə, həm də onlarla məşğul ola bilməyəndə, məntəqə nümayəndələri itlərin boyunduruğundan tutmaq hüququna malik idilər.

Şəklin mənbəyi, PA Media
Kənd yerlərində seçicilər məntəqəyə atla gələ bilərlər, amma onları bayırda bir yerə bağlamalıdırlar.
Dovşanlar, sincablar, cırtdan donuzlar və digər heyvanlarla bağlı hər hansı qayda müəyyənləşməyib, ona görə də onlarla bağlı qərarı yerlərdə məntəqə üzvləri özləri qərar verirlər.
Siyasi məzmunlu geyim məqbuldurmu?
Seçki məntəqəsinə siyasi məzmunlu geyimlə getmək lazım deyil. Londonun Westminster rayonunun keçmiş administrasiya rəhbəri Nigel Tonkin bir neçə il əvvəl kontekstin vacib olduğunu izah etmişdi:
"Westminster-də bir namizəd seçkiyə dəniz qulduru kimi qatılır. Əgər o, məntəqəyə dəniz qulduru qiyafəsində gəlsə (bu ehtimal böyükdür), biz buna icazə verərik. Bu qayda onun tərəfdarlarına da aiddir. Ancaq hər hansı partiyanın simvolu olan geyimlərə icazə verilmir, çünki seçicilər bunu təzyiq və hətta qorxutma cəhdi kimi qiymətləndirə bilərlər".

Şəklin mənbəyi, Getty Images
Hərçənd siyasətçilərin portretlərinə geniş mənada icazə verilə bilər. Məsələn, Çe Gevaranın şəkli olan köynək etiraz doğurmaz, çünki bu halda əsas kriteriya seçiciləri seçkidə iştiraka təşviq etməkdir.
Ancaq burada da sərhədlər var. Məsələn, pijamada gəlmək olar, amma seçicinin diqqətini səsvermə prosesindən yayıdıran geyimdə gəlmək olmaz.
Seçici üzünü və ya başını örtə bilərmi?
Olar. Seçki məntəqəsinin üzvləri bir şəxsin başqasının yerinə səs verməməsinə nəzarət edirlər, ancaq qanunda seçicinin üzünü göstərməsi tələb olunmur.
Birmingham şəhər şurasının seçki xidmətinin rəhbəri Rob Connelly-nin vaxtilə dediyi kimi:
"Seçicinin üzünü görmürsünüzsə, ona suallar verə, adı və ünvanını soruşa bilərsiz. Papağa və ya çadraya görə biz insanların səs verməsinə mane olmayacağıq".
Seçki Komissiyası son illərdə bu qaydanın dəyişmədiyini bildirir.
İçkili halda səs vermək olarmı?
Olar. Seçki məntəqələri alkoqolun və ya narkotikin təsiri altında olan şəxsləri səsvermə hüququndan məhrum edə bilməz. Əgər seçici səsvermə prosesini pozan hərəkətlərə yol verərsə, ondan vəziyyəti normallaşanda, yəni qəbul etdiyi maddələrin təsiri keçəndən sonra gəlib səs verməyi xahiş edə bilərlər.
Məntəqəyə böyük partiya nişanı taxıb gəlmək olarmı?
Olmaz. Belə yaxa nişanlarını ancaq namizədlər və onların rəsmi təmsilçiləri taxa bilər. Hətta bu halda da nişanın ölçüsü mübahisəli məsələdir. Seçki Komissiyasının qaydalarında bu haqda heç nə yoxdur, 2008-ci il seçkiləri öncəsi dərc edilən tövsiyələrdə göstərilmişdi ki, bu nişanlar 3-4 düymdən, yəni 7,5-10 santimetrdən artıq olmamalıdır.
Namizədləri müzakirə etmək olarmı?
Olmaz. Seçki məntəqələrində siyasi müzakirələr aparmaq qadağandır. Seçicilər müxtəlif namizədin mənfi və müsbət cəhətlərini müzakirə etməyə başlasalar, məntəqə üzvləri müdaxilə edəcəklər, çünki bu, digər seçicilərin mövqeyinə təsir edə bilər.
Bundan başqa, bir seçici digərindən kimə səs verdiyini soruşa bilməz, çünki bu da səsverməminin gizliliyini pozur, nəticələrin şəffaflığına xələl gətirir. Bunu soruşanlar olarsa, onlardan söhbəti məntəqə xaricində davam etdirməyi xahiş edərlər.
Kraliyyət ailəsinin nümayəndələri səs verə bilərlərmi?
Texniki baxımdan hətta kraliçanın da səsvermə hüquq var. Ancaq o bu hüququndan istifadə etmir. Çünki monarx siyasi baxımdan neytral mövqedə olmalıdır və bu qaydaya əməl etməmək konstitusiya pozuntusu hesab olunur. Britaniya monarxiyasının saytında məsələyə bu şəkildə münasibət bildirilib.
Musiqiyə qulaq asmaq olarmı?
Olar, amma başqalarına mane olmayacaq şəkildə. Əgər siz qulaqcıq vasitəsilə musiqiyə qulaq asırsınızsa, məntəqə üzvləriylə danışanda onları çıxarmalı olacaqsız: sizdən adınızı, soyadınızı, ünvanınızı və s. soruşacaqlar.
Kabinada olduğunuz müddətdə pleyerinizin səsi həddindən artıq yüksək olarsa, sizdən onun səsini azaltmağı, ya da məntəqəni tərk etməyi xahiş edə bilərlər. Bu, mobil telefon vasitəsilə ucadan danışmaq hallarına da aiddir.
Bülleteni işarələmək üçün mütləq kabindəkı karandaşdan istifadə olunmalıdırmı?
Yox. Qələm daha çox xoşunuza gəlirsə, ondan istifadə edin. İnsanlar çox vaxt "x" işarəsindən istifadə etsələr də, "quş" işarəsi qoymaq da qadağan deyil. Əsas məsələ səsinizi ifadə edən işarələrin aydın olmasıdır.
Yanlışlıqla səhv qrafanı işarələyəndə, yenidən səs vermək mümkündürmü?
Bəli, əgər bülleten seçki qutusuna atılmayıbsa. Məntəqə üzvlərinin əyləşdiyi masaya yaxınlaşaraq bunu onlara demək lazımdır. Korlanmış bülleteni sizdən alıb yenisini verəcəklər.
Seçici çox həyəcanlıdırsa, kömək üçün dostuna müraciət edə bilərmi?
Bəli, qanun səsverməyə həmin məntəqədə səs verəcək insanlarla birlikdə gəlməyi qadağan etmir. Ancaq səsvermə prosesinin özü şəxsi məsələdir və kabinəyə tək girmək lazımdır. Sizinlə eyni məntəqəyə aid olmayan seçicini binaya buraxmaya bilərlər.
Əgər siz bülleteni oxuya bilmirsinizsə, fiziki baxımdan təkbaşına səsvermək qabiliyyətində deyilsinizsə, məntəqəyə başqasıyla birlikdə gələ bilərsiniz. Məntəqədə sizə baş katib özü də yardım edə bilər.
Səsvermə prosesini göstərmək üçün uşaqları məntəqəyə gətirmək olarmı?
Əlbəttə. Seçki məntəqəsinin üzvləri uşaqları və 18 yaşına çatmamış yeniyetmələri xoş üzlə qarşılayacaqlar - gələcək seçicilərin gözünü qorxutmamaq üçün. Əgər məntəqədə həddindən çox gənc ziyarətçi olarsa, baş katibin onlardan bayırda gözləməyi xahiş etmək hüququ var.
Seçici səsverməyə bir neçə azyaşlı uşaqla gələrsə, o, kabinədə olan müddətdə məntəqə üzvləri uşaqlara nəzarət edə bilərlər.

Şəklin mənbəyi, Getty Images
Bülletini böyüklərin əvəzinə uşaqlar işarələyə bilərmi?
Yox, uşaqlar böyüklərin əvəzinə səs verə bilməzlər.
Bülletendə siyasətçilərə bir neçə kəlməlik qeyd yazmaq olarmı?
Olar, ancaq bu, bülleteninizin etibarsız sayılmasıyla nəticələnə bilər. Bunu şüurlu şəkildə etməyi ənənəvi üsulu var. "Bu namizədlərin heç birinə səs vermirəm" - sizin apolitik olmadığınızı, sadəcə bülletendəki namizədlərin heç birinə səs vermək istəmədiyinizi mədəni şəkildə ifadə etməyin yollarından biri budur.
Belə bülletenlər "rədd edilmişlər" kateqoriyasına aid edilir. Amma bu və ya digər namizədə səs vermək istəməyəndə, bülletenin kənarlarına qeyd yazmaq lazım deyil. Bu, səsləri sayanları çaşdıra bilər və onlar sizin bülleteni "rədd edilmişlər" topasına qoya bilərlər.
Qeydləriniz nə qədər müdrik olur-olsun, o an bülletenləri saymaqla məşğul olan məntəqə üzvləri çətin ki onlara diqqət etsinlər. Siyasətçilərsə, bildiyiniz kimi, yazdıqlarınızdan xəbər tutmayacaqlar.
Öz bülletenini imzalamaq olarmı?
Bəzi seçicilər məhz bu cür edirlər. Əgər imzanızda həm də adınız varsa, bülleteniniz ləğv olunacaq və "rədd edilmişlər"in yanına göndəriləcək. Çünki bu, səsvermənin gizliliyi şərtinin pozulmasıdır.
Bülletenlərin imzalanması praktikası XIX əsr Britaniyasında geniş yayılmış hal olub, çünki o vaxt namizədlər səsə görə seçicilərə pul ödəyiblər.
Bu sistem namizədə bülletenlərə baxmaq hüququ verib. İmza atmaq istəyi bu gün nə qədər məsum olur-olsun, böyük ehtimal, bülletenlərin ləğviylə nəticələnəcək.
Seçki məntəqəsini təcili surətdə bağlamaq lazım gələrsə
Birləşmiş Krallıqda 50 min seçki məntəqəsi var və parlament seçkisi böyük bir logistika işidir. Hansısa anormal hadisə baş verəndə, situasiyanı ancaq məntəqə üzvlərinin operativ müdaxiləsi xilas edə bilər.
Məsələn, Rob Connely xatırlayır ki, 2010-cu ildə onun ərazisindəki seçki məntəqələrinin birində yanğın baş verib: "Biz hər şeyi və hamını təxliyə etmək məcburiyyətində qaldıq. Və bir avtomobilin baqajında seçki məntəqə yaratdıq. Sadəcə baqajın qapısını açdıq və ümid etdik ki, yağış yağmayacaq".
Nigel Tonkin də avtomobildən istifadə etməli olub - seçki məntəqəsinin yerləşdiyi məktəbin gözətçisi gəlib çıxmadığına görə.
"Başqa bir dəfə də məntəqəyə gələndə gördük ki, xadimə bütün bülletenləri atıb. Təcili surətdə yenilərini gətizdirməli olduq".





