Ağ Evdə Trump-Erdoğan görüşündə nə danışılıb?

Ağ Evdə Trump-Erdoğan görüşündə nələr danışıldı?

Şəklin mənbəyi, Getty Images

ABŞ və Türkiyə Prezidentləri Donald Trumpla Recep Tayyip Erdoğan qapalı və heyətlərarası görüşlərdən sonra müştərək mətbuat konfransı keçirib. Konfransda Suriya məsələsindən Fətullah Gülen-ə, 1915-ci il hadisələrinin ABŞ Nümayəndələr Palatasında "erməni soyqırımı" olaraq tanıdılmasınadək bir çox mövzuya toxunulub.

Donald Trump-ın qeyd etdiyi mövzular arasında iki ölkə arasında bir ildən çox davam edən böhrana səbəb S-400 müdafiə sistemi də olub.

Trump Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sistemi haqqında "çox böyük çətinlik yaradır, ümid edirik ki, bunu düzəldə bilərik" deyib.

Erdoğan: "CİA-nın Mazlum Kobani haqqındakı sənədini Trump-a təqdim etdik"

Recep Tayyip Erdoğan Fetullah Gülenin Türkiyəyə təhvil verilməsi tələbini bir daha qeyd edib və söyləyib ki, onlar ABŞ-a çoxlu sənəd veriblər.

"Bütün bu hadisələrin təqsirkarı olan adamın ABŞ-da 400 hektar ərazidə yaşayaraq oradan dünyadakı başqa yerləri idarə etməsi qəbuledilən hal deyil. Bu səyahətimizdə sənədlər gətirdik, bunları da özlərinə təqdim edəcəyik. Ümid edirəm ki, bu sənədlərin müqabilində necə ki, bizdən terrorçular istənildiyində veririk, eləcə də onlar verərlər".

Cənab Erdoğan YPG lideri Mazlum Kobani haqda deyib ki, "Bu terrorçuların ABŞ kimi bir ölkənin prezidenti tərəfindən tərəf kimi qəbul edilməsini təəssüf hissi ilə qarşıladım".

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Mazlum Kobaninin "terrorçu olduğunu sənədləşdirdiyini və onlara ötürdüyünü" bildirən Türkiyə Prezidenti "Biz də cənab prezidentə təqdim etdik, gələn məktubu da eynilə verdik" deyib.

Erdoğan və Trump

Şəklin mənbəyi, Getty Images

Mətbuat konfransında başqa nələr danışılıb?

Mətbuat konfransında "Barış Pınarı" əməliyyatı və Suriyaya qayıtmaqlarla bağlı plan da müzakirə edilib.

Münasibətlərdə yeni səhifə açmaqda qərarlı olduğunu deyən Türkiyə Prezidenti Türkiyə və Suriyadakı həbsxanalardan qaçdıqdan sonra saxlanılan 2200 İŞİD üzvünün Türkiyənin əlində olduğunu deyib.

29 oktyabrda ABŞ-ın Nümayəndələr Palatasının "erməni soyqırımı"nı tanıyan qərarına toxunan Erdoğan "104 il əvvəl müharibə zamanı yaşanan bir məsələdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır. Türkiyə dialoq və sərbəst müzakirələrin tərəfdarıdır. Erməni tərəfinə müştərək tarixi komissiya yaradılması təklifimiz hələ də qüvvədədir. Silahlı qüvvələrimizin arxivlərində bir milyondan çox sənəd var" deyib.

Cənab Erdoğan ticarət məsələsində deyib ki, "100 milyard dollarlıq ticarət həcmi üçün razılığa gəldik. Bu, ABŞ üçün də çox yaxşı olar. Ticarət defisitimizi azaltmaq bizim hədəfimizdir. Türkiyədən bazarlarını daha çox açmasını tələb edirik və bunu da yerinə gətirirlər".