Tülkü ilə marmotun qarşıdurması, qarda ot axtaran bizon və qartalın məkanı

Şəklin mənbəyi, Yongqing Bao
- Müəllif, Jonathan Amos
- Vəzifə, BBC
Bu şəkil Çinin Qilian dağlarında çəkilib. Tülkü marmotu şoka salıb və gəmiricinin öldürülməsi ilə nəticələnəcək bir qarşıdurma başlamaqdadır.
Hətta ana marmotun müdaxiləsi də bala gəmiricini xilas etməyəcək.
"Təbiətin işi belədir", - bu fotonun müəllifi Yongqing Bao deyir. Bu şəkil ona 2019-cu ilin Wildlife Photographer müsabiqəsində baş mükafatı qazandırıb.
Bu fotoşəkil Yongqing-ə məməlilərlə davranış kateqoriyasında da ən yaxşı foto mükafatını bölüşmək imkanını qazandırıb.
Yongqing bu anı lentə almaq üçün bir neçə saat ərzində Qinghai-Tibet platosunda gözləməli olub.
Tülkü marmotu tutmaq üçün pusquda xeyli vaxt tərpənməz yatıb.
Yongqing-in kamerasına tülkünün bala gəmiricinin başını ağzı ilə qapması anı da düşüb.
Münsiflər heyətinin sədri Roz Kidman Cox BBC News-a deyib ki, bu foto heyvanların davranışı mövzusunda "indiyədək gördüyü ən yaxşı şəkillərdən biridir".

Şəklin mənbəyi, Cruz Erdmann
Bu ilin 11-14 yaşlı gənclər arasında müsabiqənin baş mükafatçısı kalmar fotosu ilə indoneziyalı Cruz Erdmann olub.
Bu şəkildəki kalmar İndoneziyanın Şimali Sulavesi bölgəsinin sahilyanı sularında, Lembeh boğazında çəkilib.
Qartalın məkanı - Audun Rikardsen, Norveç

Şəklin mənbəyi, Audun Rikardsen
Quşların həyatı kateqoriyasında birinci yerə layiq görülən Audun bu fotonu çəkməyə nail olmaq üçün üç il vaxt sərf edib.
Qartal onun yerləşdirdiyi ağac budağına enib və fotoqraf elə o anda da kamerasını işə salıb.
Bir-birinə sıxılma - Stefan Christmann, Almaniya

Şəklin mənbəyi, Stefan Christmann
Fotomüsabiqənin əsas mükafatlarından birinə layiq görülmüş daha bir şəkil. Burada 5000-dən artıq imperator pinqvini şaxtalı qış küləyindən qorunmaq üçün bir-birilərinə sıxılmış vəziyyətdə çəkilib.
Şəkil Şərqi Antarktikada, Ekström buz şelfində çəkilib.
Sıçovul dəstəsi - Charlie Hamilton James, Britaniya

Şəklin mənbəyi, Charlie Hamilton-James
Fotomüsabiqənin şəhər həyatı kateqoriyasında bir dəstə sıçovulun göründüyü bu şəkil mükafata layiq görülüb.
Fotonun müəllifi Charlie Hamilton James bu sıçovullara New York şəhərində, Manhattan rayonunun Wall Street məhəlləsində rast gəlib.
Memarlıq ordusu - Daniel Kronauer, ABŞ

Şəklin mənbəyi, Daniel Kronauer
Müsabiqədə mükafata layiq görülmüş digər şəkil Kosta-Rikada çəkilib.
Şəkildə əks olunmuş bu qarışqa ordusu yuva tikmək üçün torpağın altını qazmaq və ya qədim bir ağacın gövdəsini seçmək əvəzinə bir-birinin üzərinə çıxaraq yuva qurur.
Qarışqalar bir-birindən yapışaraq budaqlardan asılır, sonra da həmin "qarışqa konstruksiyaları" bir-birinə düyünlənir.
Qar- Max Waugh, ABŞ

Şəklin mənbəyi, Max Waugh
Fotomüsabiqənin "Ağ-qara" kateqoriyasında mükafata layiq görülmüş bu şəkil ABŞ-ın Yellowstone Milli Parkında çəkilib.
Şəkildəki bizon güclü qar zamanı ayağının altını eşərək ot tapmağa çalışır.
Qaryaylası köçəriləri, Shangzhen Fan, Çin

Şəklin mənbəyi, Shangzhen Fan
Bu foto Çinin Altun-Şan Milli Qoruğunun Kumukuli səhrasında çəkilib.
Kiçik çiru antilopları 5500 metr yüksəkliklərdə yaşayır, burada temperatur -40 C şaxtayadək enə bilər.
Müəllif bu fotonu təxminən bir kilometr məsafədən çəkib.







