Facebook selfisi, rəfiqəsini kəməri ilə boğan qızı tanımağa yardım edib

Şəklin mənbəyi, Facebook
Kanadalı qadın rəfiqəsinin ölümündə ittiham olunur. Polis sosial mediada rəfiqələrin fotosunda kəməri gördükdən sonra 21 yaşlı Cheyenne Rose Antoine-ni şübhəli bilib.
Antoine rəfiqəsi Brittney Gargol-u öldürdüyünü təsdiq edib. Hadisə 2014-ci ilin martında baş verib. O zaman Gargol 18 yaşında idi.
Boğulmuş halda meyiti tapılan Gargol-un cəsədinin yanında Antoine-nin kəməri də tapılıb.
Antoine adam öldürməni planlaşdırmadan qətlə görə 7 il azadlıqdan məhrum edilib.
O, Gargol-un ölümündən əvvəl birgə çəkilmiş və Facebook-da paylaşılmış selfiyə görə şübhəli şəxs qismində saxlanıb.
Toronto Sun yazır ki, onlar 25 mart 2014-cü ilədək, yəni Gargol-un ölümünədək "ayrılmaz" dostlar idi.
Antoine polisə əvvəlcə deyib ki, ev partisindən sonra Gargol tanımadığı bir kişi ilə gedib, onun özü isə əmisini görməyə gedib.
Lakin kəmər tapıldıqdan sonra Antoine əsas şübhəli olub və polisə Facebook-dakı fotolara baxaraq hadisəni müəyyənləşdirir.
Antoine hadisənin səhəri Gargol-un səhifəsinə yazıb: "Hardasan, səndən xəbər yoxdur. Ümid edirəm, evə sağ-salamat çatmısan".
Daha sonra Antoine əmisindən onun üçün yalandan ifadə verməsini istəyib.
Antoine son ifadəsində deyib ki, cütlük çox içkili olub və nəşə çəkibmiş. Aralarında yaranmış qızğın mübahisədən sonra Antoine rəfiqəsini boğduğunu da deyib. Lakin o həmçinin hadisələri tam xatırlamadığını deyir.
Antoine etdiyi hadisədən peşman olduğu üçün hakim ona 7 il həbs cəzası verib.
"Özümü heç vaxt bağışlamayacağam. Nə desəm də, etsəm də onu geri gətirməyəcək. Çox peşmanam, çox... Bu, baş verməməli idi", onun vəkili vasitəsilə verdiyi açıqlamada deyilir.
Vəkil həmçinin deyib ki, gənc qız bir müddət qaldığı qayğı mərkəzində təcavüzlə üzləşib və ölüm hadisəsindən bir ay qabaq polisə qəyyumlarından şikayət edib.
Hakim isə qıza deyib ki, "icmanın yaxşı nümayəndəsi olmaqla dostunu qürurlandıra bilərsən. Sən bunu ona borclusan".









