Soçiyə gələn Bəşər Əsəd "ölkəsini xilas etdiyi üçün" Putindən razılıq edib

Путин и Асад

Şəklin mənbəyi, kremlin.ru

Şəklin alt yazısı, Hər iki ölkənin prezidentlərinin görüşü noyabrın 20-də Soçidə baş tutub

Rusiya və Suriya prezidentləri arasında əvvəlcədən elan olunmayan görüş Rusiya liderinin "Suriyadakı terrorçularla mübarizədə ortaq işin tamamlanması" şərhi ilə nəticələnib.

Noyabrın 20-də Soçidə prezidentlər Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar baş tutub. Onların birgə bəyanatının transkripti Kremlin saytında dərc olunur.

İki ölkənin prezidentləri görüş zamanı Suriyadakı vəziyyətin həll edilməsi və Rusiyanın bu prosesdə hərbi yol da daxil olmaqla iştirakının nizamlanması barədə müzakirə aparıblar.

Putin ölkədəki siyasi prosesin "Birləşmiş Millətlər Təşkilatının himayəsi altında icra edilməsinin" lazım olduğunu söyləyib.

Əsəd Rusiyanın Suriyadakı əməliyyatını uğurlu adlandırıb və deyib ki, bu, Suriyaya müstəqilliyini müdafiə etməyə və sülh yolu ilə həll üçün siyasi prosesin başlamasına kömək edib.

Putin öz növbəsində, Rusiyanın Suriyadakı əməliyyatının başa çatdığını təsdiqləyib.

" Terrorizm üzərində tam qələbə qazanmaq üçün hələ, əlbəttə, uzun yol var, lakin Suriyada terrorçulara qarşı mübarizə üzrə birgə işlərimiz, bu hərbi əməliyyatlar həqiqətən başa çatıb."

Suriya prezidenti Rusiyanın silahlı qüvvələrinə "ölkəsini xilas etmək üçün etdikləri səylərə görə" təşəkkür edib.

Путин и Асад

Şəklin mənbəyi, kremlin.ru

Şəklin alt yazısı, Suriya prezidenti Bəşər Əsəd və Rusiya prezidenti Vladimir Putin

Bir çox rusiyalı siyasi təhlilçilər əvvəllər ehtimal etmişdilər ki, Putin prezidentlik üçün seçki kampaniyasına başlamazdan əvvəl Suriyadakı əməliyyatın rus hissəsini tamamlamağa çalışacaq.

Rusiya iki ildən artıqdır ki, Suriyada döyüşür. Analitiklərin fikrincə, Rusiyanın münaqişəyə müdaxiləsinin əsl məqsədi beynəlxalq arenada ağırlığını artırmaq və Suriya məsələsini digər dünya ölkələri ilə danışıqlarda istifadə etmək arzusudur.

2015-ci ildə Suriyadakı əməliyyatın başlanğıcında, Rusiya üçün əvvəlki ilin əsas xarici siyasəti sayılan Donbassda döyüşün fəal mərhələsi tamamlanmışdı.

Həmin ilin sentyabr ayının 30-da aerokosmik qüvvələr (VKS) Suriya ərazisində ilk hava zərbələrini həyata keçirib. O vaxtdan bəri onlar 30 min hərbi uçuş edib və 90 mindən çox hava zərbəsi həyata keçirib. Məlumatlar bu il sentyabrın 21-də Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.

Rəsmi məlumatlara əsasən, iki il ərzində təxminən 40 Rusiya hərbçisi həlak olub.

Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda bu ölkədə artıq 5-ci il idi ki, vətəndaş müharibəsi gedirdi.