Putini hərəkətə gətirən Rusiyanın zəifliyidirmi?

Obama-Putin danışıqlarının ab-havası sərin olub.
Şəklin alt yazısı, Obama-Putin danışıqlarının ab-havası sərin olub.

Rusiyanın Suriyaya müdaxiləsi dünya üçün gözlənilməz olub.

Moskva hava zərbələrinə cəmi 1 saat qalmış niyyəti varədə Vaşinqtonu xəbərdar edib.

İlk dəfədir ki prezident Putin qüvvələrini keçmiş SSRİ hüdudları xaricinə çəkib və bununla da apardığı qətiyyətli xarici siyasətini növbəti pilləyə qaldırıb.

Lakin prezident Obamanın mətbuat katibi Rusiyanın hərəkətinin gücdən yox, "zəiflikdən" doğduğunu bildirib. Bu belədirmi?

Putinin taktikasını BBC-nin Inquiry proqramında 4 ekspert müzakirə edib.

William Courtney: Moskva zəifdir

ABŞ diplomatı William Courtney Moskvada 30 il bundan əvvəl işləməyə başlayıb. O, Qazaxıstanda və Gürcüstanda ABŞ səfiri olub, eləcə də prezident Clinton-un Rusiya üzrə müşaviri vəzifəsində işləyib.

"Rusiyanın hərəkətlərinin kökündə zəiflik durur".

"Moskva ənənəvi olaraq Suriya, İraq, İran və Liviyaya arxalanıb. Lakin Qəddafi və Səddamın devrilməsi və indi də İran nüvə proqramına dair sövdələşmə Rusiya üçün bu regionda perspektivi şübhə altına alıb".

Rusiya hava zərbələrini Suriyada İD qroplaşması və ən-Nüsə cəbhəsinə vurduğunu bildirir
Şəklin alt yazısı, Rusiya hava zərbələrini Suriyada İD qroplaşması və ən-Nüsə cəbhəsinə vurduğunu bildirir

"Beləliklə, Yaxın Şərqdəki 4 ənənəvi müttəfiqdən yalnız Bəşər əl-Əsəd qalıb".

"Rusiya Yaxın Şərqdə nüfuzunun zəiflədiyini görərək, Bəşər əl-Əsəd hökümətini gücləndirmək qərarına gəlib".

"Yaxın Şərq Rusiyanın fövqəldövlət kimi özünü göstərə biləcəyi yeganə yerdir".

Andrey Kolesnikov: Rusiya çətin iqtisadi durumdadır

Andrey Kolesnikov keçmiş Rusiya jurnalistidir, Moskvadakı Carnegie Mərkəzində işləyir.

"Bir tərəfdən, Rusiya kifayət qədər güclüdür: böyük resursları olan ölkədir. Digər tərəfdən, ölkə olduqca zəifdir: həyat səviyyəsi düşür, iqtisadiyyat neft və qazın ucuzlaşmasına görə zəifləyir. İndiki problemin kökü neftdədir".

"İnflyasiya 15 faiz səviyyəsindədir, bu, Rusiya üçün böyük rəqəmdir".

"Əhalinin işləyən qisminin payı getdikcə azalır. Proqnozlara görə 2030-cu ildə hər bir işçinin payına bir təqaüdçü düşəcək. Uzaq perspektivdə Rusiya iqtisadiyyatına əsas mənfi təsiri məhz demoqrafiya göstərəcək".

"Çox sayda adam gənc yaşlarında ölür, yol qəzalarından, spirtli içkilərdən. Vəziyyəti yaxşı olan dövlətdə belə hallar baş verməz".

Rusiya-Suriya əlaqələrinin uzun tarixçəsi var
Şəklin alt yazısı, Rusiya-Suriya əlaqələrinin uzun tarixçəsi var

"Putin xalqına bir növ sövdələşmə təklif edib: azadlıqlar əvəzində Krım. İndi o bu sövdələşməyə Suriyanı da əlavə etmək istəyir".

Alexander Korolev: Əsas səbəb Çindir

İrkutskdan olan Alexander Korolev hazırda Sinqapur Dövlət Universitetinində araşdırmaçı kimi işləyir.

"Hazırda Putin Lisabondan Vladivostokadək böyük Avropa idealını St Peterburqdan Şanxayadək böyük Asiya formatına dəyişir".

"2013/2014-cü illərdə Çin ilə Rusiya arasında iki böyük enerji sövdələşməsi bağlanıb, Pekin Rusiya neft və qaz yataqlarına çıxış əldə edib".

Rusiya və Çin prezidentləri ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Şəklin alt yazısı, Rusiya və Çin prezidentləri ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

"Hətta maraqları toqquşan Orta Asiyada Çin və Rusiya əməkdaşlıq etmək qərarına gəliblər".

"Çin Rusiyaya onun istədiyini verir: BMT Təhlükəsizlik Şurasında Çin Rusiya ilə birgə ABŞ-ın dəstəklədiyi qətnaməyə veto qoyurlar, bu, ardıcıl olaraq 4 dəfə baş verib".

"Çin 2008-ci ildəki Rusiya/Gürcüstan müharibəsindən sonra heç zaman anti-Rusiya mövgeyindən çıxış etməyib, bu, mühüm məqamdır, çünki söhbət fövqəldövlət ölkələrdən gedir".

Hannah Thoburn: Putinin qətiyyətinə diqqət yetirilməlidir

Hannah Thoburn Vaşinqtondakı Hudson Institutunda Şərqi Avropa siyasəti sahəsində araşdırmalar aparır.

"ABŞ və Avropadakı transatlantik müttəfiqlər qətiyyətsizlik nümayiş etdirir. Son 2 il ərzində Avropa çox çətin vəziyyətdədir. ABŞ Suriyadakı hadisələrə qarışmaq istəmir, geri çəkilir. Kimyəvi silaha dair "qırmızı xətt" pozuldu, lakin buna dair heç bir tədbir görülmədi".

"Vladimir Putinin qətiyyəti göstərdi ki o, fürsətini əldən buraxmır. Qətiyyətli lider insanları öz tərəfinə çəkir."

"Son bir neçə həftədə İsrail baş naziri Netanyahu, Türkiyə prezidenti Erdogan və İranın rəhbərliyinin rəsmi nümayəndəsi Qasım Süleymani Moskvaya səfər ediblər. Putin Rusiya xalqı ilə sosial sövdələşməsini təzələməyə səylər göstərib".

"10 il bundan əvvəl o, deyirdi ki, "siz mənə hakimiyyət verirsiz, mən isə sizin həyat səviyyənizi təmin edirəm".

"Lakin onun indi dediyi bir qədər fərqlidir: "Mən Rusiyanın qüdrətini özünə qaytaracağam, biz bir daha beynəlxalq səhnədə alçalmayacayıq. Lakin bunun üçün siz son 10-15 ildəki yaşayışınızdan fərqli olaraq, hazırkı müvəqqəti maliyyə çətinliklərinə biraz dözməlisiniz, Rusiyanın gələcək qüdrəti naminə".

"Fikrimcə, bu sövdələşmə işləyir".