Rusiya Suriya kampaniyasına 38 milyard rubl xərclədiyini inkar edir

Şəklin mənbəyi, AP
Suriyadakı hərbi kampaniyaya yönəldilmiş xərclərə dair KİV-də yayılan məlumatlar Kremlin informasiyası ilə uzlaşmır, Rusiya prezidentinin mətbuat katibi bəyan edib.
Daha əvvəl RBK nəşri Rusiyanın Suriya hərbi kampaniyasına 38 milyard rubldan (539 milyon dollar) artıq vəsaitin sərf edildiyinə dair hesablamalarını dərc etmişdi.
“Yaxşı olardı ki, bu xərclər barədə mötəbər nəşrin haradan məlumat aldığını özünüz öyrənəsiniz”, - məlumatı şərh etmək xahişinə Peskov cavab verib.
Oktyabrın sonunda RBK Suriyada bir əməliyyat gününün 156,3 milyon rubla başa gəldiyini hesablamışdı.
Bu məbləğə döyüş uçuşları, hərbçilərin maaşı və sutkalıq xərcləri, eləcə də yüklərin daşınması və nəqliyyat xərcləri daxil idi.
167 gün ərzində hərbi kampaniyanın gündəlik xərcləri 1,5 dəfə arta bilərdi, RBK-da hesab edirlər.
Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının əsas hissəsinin martın 15-dən Suriyadan çıxarılmasına başlandığını elan etmişdi.
Bir çox ekspert və siyasətçi üçün Rusiya hakimiyyətinin qərarı sürpriz olmuşdur.




