İndoneziya: Selfilərə görə Adolf Hitlerin fiquru muzeydən yığışdırılıb

Adolf Hitler

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Şəkillər dünya boyunca qəzəbli reaksiyaya səbəb olub.

İndoneziyadakı muzeydə ziyarətçilərin birgə selfi çəkdirdiyi Adolf Hitlerin mum fiquru beynəlxalq ictimaiyyətin qəzəbli reaksiyasından sonra yığışdırılıb.

Yava adasında yerləşən muzey bildirir ki, nasist liderinin heykəli sırf maarifləndirmə məqsədilə sərgilənirdi.

"Biz təhqir yetirmək istəmirdik", - De ARCA Statue incəsənət muzeyinin meneceri Jamie Misbah AFP agentliyinə deyib.

Sosial mediadakı paylaşımlar Auschwitz ölüm düşərgəsi fonunda nasist liderilə selfie çəkdirərkən gülümsəyən insanları əks etdirir.

Hitlerin yanında çəkilmiş çoxsaylı şəkillərdən birində əllərini yuxarıya qaldırmaqla nasistsayağı salamlaşan gənc oğlanlar qrupunu da görmək olar.

Yəhudi hüquq müdafiəçiləri və fəallar hadisəni qəti şəkildə pisləyib.

Hitlerin heykəli muzeydə yerləşdirilmiş 80 fiqurdan biridir. O, ötən il Yavada nasist Almaniyası dövrünə aid rəmzlər və əşyalarla bəzədilən kafenin bağlanmasından bir il keçmiş sərgilənməyə başlayıb.