Suriya müharibəsi: Raqqa üzərinə "son hücum" başlanıb

Şəklin mənbəyi, Reuters
ABŞ-ın dəstəklədiyi qüvvələr, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Raqqa şəhərində qalmış silahlılarına qarşı son hücuma başlayıb.
Suriya Demokratik Qüvvələri (SDF) bildirib ki, hücum, İD silahlıları və onların ailələri şəhəri gecə saatlarında tərk etdikdən sonra bazar günü başlayıb.
Deyildiyi kimi, İD silahlıları şəhəri tərk edərkən mülkilərdən "canlı qalxan kimi" istifadə edib.
Heç bir xarici döyüşçüyə onlara qoşulmağa icazə verilməyib.
Şəhərdə nə qədər İD döyüşçüsünün qaldığı aydın deyil.
Üç il bundan əvvəl İD Raqqa şəhərini "xilafətin" paytaxtı elan etmişdi.
Tərkibində kürd və ərəb silahlılarını birləşdirən SDF qüvvələri şəhəri dörd ay ərzində mühasirədə saxlayıb.
Hücuma başlayarkən yaydığı açıqlamada SDF bildirib ki, "bütün şəhər, xarici silahlılar da daxil olmaqla, təslim olmaqdan imtina etmiş terrorçulardan təmizlənməyənə qədər, hücum dayandırılmayacaq".
ABŞ rəhbərliyi altında fəaliyyət göstərən koalisiyanın məlumatına görə, Raqqanı "275 yerli muzdlu və onların ailələri" tərk edib, AP agentliyi bildirib.
Raqqa şəhəri mülki şurasının rəsmisi, Ömər Alluş, şəhəri tərk edənlərə 400 mülki vətəndaşın da qoşulduğunu deyib.
SDF sözçüsü Mustafa Bali Reuters-ə bildirib ki, həmin mülkilərdən silahlılar "canlı qalxan" kimi istifadə edib.
Görülmüş evakuasiya tədbirləri Qərb partnyorları tərəfindən tam şəkildə dəstəklənməyib.
Belə ki, polkovnik Dillon deyib: "Biz bəzən partnyorlarımızla tam şəkildə razılaşmaya bilərik. Lakin onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq".
Son iki il ərzində Suriya və İraqda tutduğu ərazilərdən çəkilməkdə davam edən İD üçün Raqqa şəhərinin itirilməsi daha bir ciddi zərbəyə çevriləcək.






