Suriya Münaqişəsi: ABŞ səfiri Raqqada 2,000 İD döyüşçüsünün qaldığını deyib

Şəklin mənbəyi, Reuters
Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın dayağı olan və hazırda mühasirəyə alınmış Raqqa şəhərində təxminən 2,000 İD döyüşçüsü qalıb, ABŞ rəsmisi bildirib.
İD-ə qarşı koalisiyaya ABŞ-ın xüsusi səfiri Brett McGurk deyib ki, ABŞ-ın dəstəklədiyi silahlı qrupların iyun ayında şəhər üzərinə başladıqları əməliyyatda artıq Raqqanın 45 faizini ələ keçirilib.
Cənab McGurk İD-in ölümcül mübarizədə olduğunu deyib və daha çox döyüşçülərinin şəhərdə öləcəyini ehtimal edib.
İD Raqqanı 2014-cü ildə ələ keçirərək "xilafətin" paytaxtı elan etmişdi.
Suriya Demokratik Qüvvələri (SDF) noyabr ayından etibarən şəhər istiqamətində irəliləyiblər və şəhərin ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyata iyunun 6-da başalyıblar.
Raqqada qalmış dinc əhalinin dəqiq sayı bilinmir, lakin Birləşmiş Millətlər Təşkilatı bu rəqəmin 20,000 və 50,000 arasında olduğunu ehtimal edir.



