Müalicəsiz “Super malyariya” Cənub-Şərqi Asiyada sürətlə yayılır

Şəklin mənbəyi, Science Photo Library
- Müəllif, James Gallagher
- Vəzifə, Sağlamlıq və elm müxbiri, BBC News
Cənub-şərqi Asiyada yeni növ "super malyariya" narahatedici sürətlə yayılır, alimlər bildirib.
Malyariyaya qarşı istifadə edilən ən mühüm dərmanların heç biri ağcaqanadların daşıdığı parazitlər vasitəsilə yayılan xəstəliyin yeni növünə təsiri olmayıb.
Daha öncə Kambocada yayılan xəstəliyin Tayland, Laos və Vyetnamda da ortaya çıxdığı bildirilib.
"Çox ciddi bir təhlükə ilə üz-üzəyik. Xəstəliyin yeni növünün regionda bu sürətlə yayılması narahatedicidir və biz qorxuruq ki, xəstəlik daha da yayılaraq Afrikaya da çata bilər", Oxford Tropik Tibbi Tədqiqatlar Mərkəzinin rəhbəri professor Arjen Dondorp BBC-ə deyib.
Mərkəzin tədqiqatçıları malyariyanın yeni növünün müalicəsiz olması təhlükəsi daşıdığını qeyd ediblər.
Uğursuz müalicə
Lancet Yoluxucu Xəstəliklər tibbi jurnalında dərc edilən birgə məktublarında mütəxəssislər malyariyanın yeni növündə artemisinin dərmanına qarşı artan dözümlülüyün çox narahatedici olduğunu vurğulayıblar.
Ümumilikdə hər il dünyada təxminən 212 milyon insan malyariya xəstəliyinə yoluxur.
Xəstəlik, ağcaqanadlar tərəfindən yayılan parazitlər vasitəsilə yayılır və uşaq uşaq ölümlərinə səbəb olan əsas xəstəliklərdən biridir.
Malyariyanın erkən müalicəsində artemisinin və piperaquin dərmanlarının kokteylindən istifadə olunur.
Ancaq artemisinin daha az təsirli olması ilə, parazitin piperaquin-nə də müqavimət göstərməyə başladığı bildirilib.
Tükənən vaxt
Cənub-şərqi Asiyada xəstəliklə mübarizəyə böyük dəstək var.
Profesor Dondorp deyir ki, "Bu bir yarışdır - biz malyariyanı onun bir daha çoxlu ölümlərə səbəb olan və müalicə edilməsi mümkün olmayan xəstəliyə çevrilmədən əvvəl məhv etməliyik".
Professor Dondorp, Vyetnamda bu halların üçdə birinin müalicəyə cavab vermədiyini, Kambocanın bəzi ərazilərində isə bu rəqəmin 60 faizə yaxınlaşdığını deyir.
Mütəxəssislər vurğulayırlar ki, xəstəliyin dərmanlara müqavimət göstərməsi, ümumilikdə dünyada malyariya hallarının 92 faizinin olduğu Afrikada faciəvi nəticələrə səbəb ola bilər.
Böyük Britaniyanın Welcome Trust tibbi tədqiqatlar mərkəzindən Michael Chew deyib ki, "bizə məlum olan ən təsirli dərmanlara müqavimət göstərən super malyariya xəstəliyinin yayılması, qlobal miqyasda ictimaiyyətin sağlamlığı üçün ciddi bir təhlükə yarada bilər".
Chew "Ümumilikdə dünyada malyariya da, daxil olmaqla dərmanlara müqavimət göstərən xəstəliklərin nəticəsində təxminən 700 min insan həyatını itirir. Bunun həlli tapılmazsa, 2050-ci ilə qədər bu rəqəm milyonlara çata bilər", - deyə əlavə edib.





