Toyuq ətri "malyariyanın qarşısını alır"

Şəklin mənbəyi, KASSAHUN JALETA
Canlı toyuqdan gələn qoxu malyariyaya qarşı mübarizədə kömək edə bilər, tədqiqatçılar belə qənaətə gəliblər.
Efiopiyalı və isveçli alimlər aşkar ediblər ki, malyariya ağcaqanadları toyuq və digər quşlardan kənar uçurlar.
Qərbi Efiopiyada həyata keçirilmiş eksperiment zamanı qəfəsə salınmış canlı toyuq könüllünün yatdığı çarpayının yanında yerləşdirilib.
Keçən il Afrikada təxminən 400 000 insan malyariyadan ölüb, BMT bildirib.
İnfeksiya və ölüm faizi azalmaqdadır, lakin səhiyyə işçiləri xəstəliyin yayılmasının qarşısını almaq üçün yeni yollar axtarmaqdadırlar.

Şəklin mənbəyi, CDC
İlkin olaraq qaraciyərdə gizlənən, daha sonra isə qana keçən malyariya paraziti ağcaqanadlar vasitəsilə insandan insana keçir.
Elmi işləri Malaria Journal-da dərc edilmiş alimlərin qənaətinə görə, heyvanları dişləmək üçün qoxu duyma hissini işə salan ağcaqanadlar toyuqlardan gələn qoxudan çəkinirlər.
Addis Ababa Universitetindən Habtie Tekie bildirib ki, toyuq iyinin birləşmələri çıxarılaraq ağcaqanadlara qarşı istifadə edilə bilər.
İsveçin Kənd Təsərrüfatı Elmləri Universitetindən olan tədqiqatçılar da layihədə iştirak ediblər.



