Marilyn Monroe-nun donu 5 milyon dollara satılıb

Şəklin mənbəyi, AP
Amerikalı ulduz Marilyn Monroe-nun ABŞ prezidenti John Kennedy-ə "Ad günün mübarək, cənab prezident!" mahnısını oxuyarkən geyindiyi don Beverly Hills şəhərindəki hərracda 4,8 milyon dollara satılıb.
Bu hərraclar tarixində satılan ən bahalı geyim olub.
İlkin dəyərləndirmədə dona 3 milyon dollar qiymət qoyulub. Lakin hərrac gedişatında bədənə dar oturan don daha çox maraq doğurub.

Şəklin mənbəyi, AFP
Dizayner Jean Louis tərəfindən hazırlanan don Ripley's Believe It Or Not muzeyi tərəfindən alınıb.
Marilyn Monroe 1962-ci ildə John Kennedy-in 45 yaşlıq yubileyindəki çıxışından 3 ay keçmiş vəfat etmişdi. Bu hadisədən bir il sonra prezident Kennedy də qətlə yetirildi.
Beverly Hills şəhərindəki hərracda kinoulduzların geyim və aksessuarlarından ibarət geniş kolleksiyanın satışı təşkil olunub.
2011-ci ildə Marilyn Monroe-nun daha bir donu 4,6 milyon dollara satılıb.
