Nigeriyalı məktəbli qızların oğurlanması barədə beş sual

nigeriya

Şəklin mənbəyi, BBC World Service

Nigeriyada 3 həftə əvvəl Boko Haram hərbiləşmiş islamçı qrup tərəfindən oğurlanmış 200-dən çox məktəbli qızın axtarışı üçün ölkəyə xarici ekspertlər gəldiyi bir vaxtda Nigeriya üzrə BBC təhlilçisi Andrew Walker hadisəylə bağlı yaranan 5 suala cavab verir:

1: Qızlar haradadır?

Chibok məntəqəsində oğurlanan qızlar güman edildiyi kimi ölkənin ucqar və əlçatmaz hissəsində yerləşən Sambisa meşələrində saxlanılır.

nigeriya, xəritə

Şəklin mənbəyi, BBC World Service

Həmin ərazinin landşaftını ilboyu yaşıl qalan meşəliklər, çay qollarının yaratdığı çuxur və yarğanlar, qum və torpağın qranit və daş-kəsəklə qarışığı təşkil edir.

Qumlu torpağın üzərindən orda-burda pırtlayan bıcaq kimi iti qranit parçaları bu ərazidən hətta ciplə keçməyi düşünənlərin arzusunu gözündə qoyur.

Bəzi şayiələrə görə, oğurlanmış qızlar ölkədən çıxarılıb, ola bilsin ki Kamerunun şimalına aparılıblar, lakin bu qəbildən olan xəbərlər təsdiqlənməyib.

Boko Haram oğurladığı qızları göstərdiyini dediyi video yayıb. Hakimiyyət onlarla qızın dua oxuduğu göstərilən bu videonun harada çəkildiyini araşdırır.

2: Qızlar kimdir?

Oğurlanan qızların sayı dəqiq bilinmir, xristian fəallar 180 qızın kimliyinə barədə təsdiqlənməmiş məlumat yayıblar. Oğurlanmış qızlardan 35-i qaçmağa müvəffəq olub.

nigeriya

Şəklin mənbəyi, BBC World Service

Ölkənin cənubunda yerləşən Borno statı bir çox xristian icmaların məskunlaşdığı yerdir və güman edildiyinə görə oğurlanmış qızların əksəriyyəti xristandırlar.

Lakin onların arasında müsəlman qızları da var.

Chibok sakinləri üçün bu fərqin mənası yoxdur, çünki məntəqədə yaşayan azsaylı icmanın üzvləri bir-birini yaxşı tanıyır, ailələrin əksəriyyəti qarışıqdır – demək olar kı hər bir ailənin müsəlmanı da, xristianı da var.

3: Boko Haram qızları niyə oğurlayıb?

Qrup Qərb təhsilini haram sayır - onun adının tərcüməsi də elə "Qərb təhsili haramdır" deməkdir - qadınların təhsil almasına isə qarşı çıxır.

nigeriya

Şəklin mənbəyi, BBC World Service

Keçmişdə Nigeriya təhlükəsizlik qüvvələri tərəfindən Boko Haram döyüşçülərinin ailə üzvləri həbs edilib. Buna cavab olaraq qrup üzvləri xristian qadınları oğurlayacaqları barədə xəbərdarlıqlar etmişdilər.

Qadınların oğurlanmasının praktiki səbəbi də ola bilər: səyyar düşərgə şəraitində hərəkət edən üsyançılara işçi qüvvə və xidmətçilər lazımdır.

Keçmişdə qrup tərəfindən girov götürülmüş, lakin bir müddətdən sonra qaça bilmiş qadınların danışdığına görə, tutulan qadınlar məcburən komandirlərə bir mükafat kimi ərə verilir, və yaxud girov qadınlar seks nökəri kimi qrup üzlərinə xidmət göstərməyə məcbur edilir.

4: Nigeriyanın tədbir görməyi niyə ləngiyir?

Ölkənin şimalında baş verən dəhşətli zorakılıqlar nigeriyalıları bu cür hallara artıq bir növ öyrəşdirib, siyasətçilər də bu mənada istisna təşkil etmirlər.

nigeriya

Şəklin mənbəyi, BBC World Service

Münaqişə ilə bağlı Nigeriyada çoxları ümidsizliyə qapılıb, baş verənləri tale yazısı kimi qəbul edir; qızların oğurlanması sonu görünməyən zorakılıq silsiləsinin sıradan olan növbəti epizodu kimi qəbul edilir.

Gələn ilə təyin olunmuş seçkilər yaxınlaşdıqca siyasi dairələrdə dərinləşən parçlanmala vəziyyəti daha da çətinləşdirir.

Boko Haramın güclü olduğu şimal şərq ştatlarının rəhbərləri müxalifət nümayəndələri olduğundan bu amil mərkəzi hökümətlə yerli liderlər arasında inamsızlığın yaranmasına səbəb olur.

Hökümətə yaxın mənbələrin qeyd etdiyi kimi, nəticədə, hökümət siyasi tələyə düşməkdən qorunmaq üçün özünü bu cür problemlərdən kənarda saxlamağa meyl göstərir.

Lakin eyni zamanda hökümət idarəçiliyin bir çox digər sahələrində də - enerji siyasətində, təhsildə, səhiyyədə, təhlükəsizlikdə - səmərəli addımlar atmaqda acizlik nümayiş etdirir.

5: Nigeriya xarici yardıma münasibətini niyə dəyişib?

Suverenliyilə bağlı məslələrə Nigeriya olduqca həssas yanaşır.

Son zamanlaradək bu ölkə ərazisində Africom - Afrikada ABŞ hərbiyyəsinin mərkəzi qərargahının yaradılması barədə xahişləri rədd edib.

Əvəzində Nigeriya öz qüvvələrini inkişaf etdirməyə səy göstərir, lakin bu yolda nəzərəçarpan nəticə əldə edə bilməyib.

nigeriya

Şəklin mənbəyi, BBC World Service

Dünyanın diqqəti Nigeriyaya yönəldiyi bir vaxtda, paytaxt Abujada Afrika İqtisadi Forumunun keçirlilməsilə bağlı ölkəyə çoxsaylı qonaqların gəldiyi bir şəraitdə isə, Nigeriya, nəhayət, mövgeyini yumşaldaraq xaricdən təhlükəsizlik ekspertlərinin də ölkəyə gəlişinə icazə verib.

Keçmişdə president Goodluck Jonathan xarici hökümətlərdən Boko Harama qarşı dəstək verilməsini istəyib, lakin onun xahişi yerinə yetirilməyib.

Bu dəfə isə Nigeriyaya yardım göstərilə bilər.