Zaur Qurbanlı: "Kişi bakirəliyi test edirsə, qadınına inanmır"

Şəklin mənbəyi, Orxan Azim
Fotoqraf Sitarə İbrahimovanın Azərbaycanda qeyri-rəsmi yayılmış bakirəlik testini işıqlandıran “Reflektor” layihəsilə bağlı BBC Azərbaycancanın müsahibəsi bir həftədir ki, sosial şəbəkələrdə müzakirə edilir.
Həmçinin oxuyun: <link type="page"><caption> "21-ci əsrdə yaşayırıq və bakirəlik problem olmamalıdır</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/07/160728_virginity_test_sitara" platform="highweb"/></link>"
Daha çox kişilər tərəfindən yazılan şərhlərdə bakirəliklə bağlı mövzuların müzakirə edilməsi tənqid edilir və xanım İbrahimovaya şəxsən təhqirlər yazılır.
Bəs həqiqətənmi bütün kişilər eyni fikirdədir?
İxtisasca hüquqşünas, sosial problemlərə dair bloqçu Zaur Qurbanlı ilə müsahibəni təqdim edirik. O, təhqir və tənqidlə dolu mühafizəkar şərhlərin səbəbindən danışır.
Onunla müsahibəni BBC Azərbaycanca müxbiri Xanım Cavadova aparıb.
- Bu məsələ Şərq dünyasına məxsus olan bir şeydir. Şərq deyəndə, bura Ermənistan və Gürcüstan daxil olmaqla, böyük bir çoğrafiya aiddir.
O da buradan qaynaqlanır ki, tarixən normal iqtisadi sosial inkişaf olmadığına görə insanlar daha çox natural təsərrüfatla, öz ailələri ilə məşğul olublar.
Dövlətin idarəçiliyində iştirak edə bilmədiklərinə görə, hakimiyyətləri qadınların üzərində, özlərindən daha zəiflərin üzərində həyata keçirməyə başlayıblar.
Bu da qadınların təbii vəziyyətlərinə görə ayrı-seçkilik olmasına gətirib çıxarıb.
İndi, necə ki, sizə şərh yazılır ki, bu barədə danışmaq olmaz, həmin kişilərin çoxunu tanıyıram, dost-tanış, uzaqdan tanış var, yəni necə tip adamlar olduğunu bilirəm.
Bu adamlar evlənənə qədər özləri sekslə məşğul olurlar və evlənənə qədər sekslə məşğul olan qadınla evlənmək istəmirlər.
Məsələ bundadır ki, özləri başqa qadınlara yalnız seksual obyekt kimi baxdıqlarına görə, elə bilirlər ki, kim qadın haqqında danışırsa, qadınlara özləri kimi baxır. Yəni hər kəsi özləri kimi görürlər.
Buna görə etiraz edirlər. Belə, patriarxal ənənələrlə yaşayan insanların ən böyük problemlərindən biri odur ki, evlənəndə bakirə qız tapa bilmirlər.
Bunun əsas səbəbi elə bu insanların özləridir, çünki başqa qadınlarla cinsi əlaqədə olurlar, amma onu gizli saxlayırlar və gizli saxlanılmasının tərəfdarıdırlar.
Nəticədə çox qeyri-səmimi vəziyyət yaranır. Qadın kişini aldadır, kişi də qadını. Özümüz də görürük ki, nəticədə ailədaxili zorakılıqlar son 10-15 il ərzində dəfələrlə artıb.
- Bakirəliklə bağlı danışmaq, müzakirə aparmaq əxlaqsızlıqdırmı?
- Qətiyyən! Mən hesab edirəm ki, əxlaq daha geniş anlayışdır. Hüquqi alternativ kimi cəmiyyətdə davranış qaydaları toplusudur.
Amma sırf onu namus səviyyəsinə salırlarsa, o mənada əxlaq deyəndə, mən hesab etmirəm ki, bakirəlik mövzusunda danışmaq əxlaqsızlıqdır.
Çünki, orta statistik azərbaycanlını götürsək , yəni mentalitetlə yaşayan azərbaycanlını götürsək, onun həyatında olandan ölənə kimi bakirəlik mövzusu, cinsiyyət orqanları üzərində olan mübahisələr bütün həyatını əhatə edir – insan evlənənə qədər özünü necə qorumalıdır, evlənəndə necə olmalıdır...
Xüsusən evliliyin bizdə belə böyük bir kult halına alması, şadlıq evlərindən tutmuş müxtəlif resurslara qədər – xınayaxdı, yengə, ... – bunlar hamısı sırf cinsiyyət orqanına verilən çox böyük əhəmiyyətdən irəli gəlir.
Bu mövzuda danışmaq bizim həyatımızı təşkil edir. Sırf mentalitet tərəfdən deyirəm. Mən hələ Avropa təhsillimi deyim, qərbçimi deyim, belə insanların düşüncəsini demirəm.
Mentalitetlə yaşayan bütün insanların mövzuları, məqsədləri, niyyətləri 90 faiz həmin bu cinsiyyət orqanları ilə əlaqəlidir.
Ona görə də bunun ayıb sayılmasını çox qəribə qarşılayıram. Onlar qızları qoruyur, toya necə hazırlaşmasına, toydan sonra onun üzərində nəzarət edir.
Xüsusən boşanmış qadın üzərində böyük nəzarət, ondan biyabırçı şübhələr - bunlar hamısı ona hesablanıb.
Özləri də ayıb saymırlar, sadəcə kiminsə, hansısa dairənin danışmaq səlahiyyəti olan mövzulardır, kiminsə arvadı barədə yalnız əri danışa bilər, qızı haqqında atası danışa bilər, yaxud da ata-anası danışa bilər, baldızı danışa bilər, bölüblər vəzifələri.
Bu, patriarxal ənənədir, başqası danışanda əsəbləşirlər, amma ümumiyyətlə, danışmağa pis baxmırlar, ayıb baxmırlar.
- Sizcə, Azərbaycanda bütün kişilərin mövqeyi belədirmi, bütün kişilər bu mövzuları tabu sayırlar?
- Düzü, mən bir neçə il əvvələ qədər belə hesab edirdim ki, bu ictimai sektor adlandırdığımız yerdə insanlar daha çox oxuyurlar siyasi ədəbiyyat, mətbuatı oxuyurlar, yəqin ki onlar belə düşünməzlər.
Amma sonra ətrafımdakı insanlar evləndikcə, ailə həyatı qurduqca gördüm ki, heç də belə deyil.
Hətta Qərb təhsili almış, kifayət qədər ədəbiyyat oxumuş insanlar var ki, adət-ənənəyə, mentalitetə, bakirəlik də daxil olmaqla, çox böyük önəm verirlər.
Nəinki öz həyat yoldaşları, eləcə də öz dostlarının, yaxınlarının həyat yoldaşlarının bakirə olmasını da önəmli sayırlar.
- Sizcə, bunun səbəbi nədir, yəni necə olur ki təhsil almışlar da dəyişmir?
- Hesab edirəm ki, təhsil insanın şüurunu dəyişdirir, rasional qərarlarını dəyişdirir. Amma alt şüuru, adət-ənənə ilə gələn, minillər boyunca gələn bir şeyi təhsilin dəyişməsi çox çətindir.
Dəyişə bilər, amma məncə buna daha çox yuxarıdan, dövlət dəstəyi lazımdır. Dövlətin maarifləndirmə işləri güclü olmalıdır.
Bizim televiziyalarda hər gün milli mentalitet təbliğ olunur, televiziyalarda çox iyrənc şeylər təbliğ olunur, insanlar nə qədər oxumuş olsa da, fərqi yoxdur, onun təsirində qala bilirlər, tək televiziyalardan söhbət getmir, ümumiyyətlə, bütün cəmiyyətdən.
Bizdə mentaliteti, namusu, əxlaqı təbliğ edən insanların özləri bütün cəmiyyət tərəfindən əxlaqsız olaraq qəbul olunmuş insanlardır.
O cür insanlar hesab edirlər ki, bizim əxlaqımız əldən gedir, biz bunu mümkün qədər daha çox qorumalıyıq, nəticədə qorumaqla məşğuldurlar.
Bunun da çanağı çatlayır qadınların başında, çünki kişilərin güc tətbiq etməyə başqa heç bir yeri yoxdur, heç bir siyasi hüquqlarını reallaşdıra bilmirlər. Nəticədə o balaca dövlətləri öz ailələrində qururlar.
Hesab edirəm ki, yuxarıdan maarifləndirmələr olmadıqca, yerli maarifləndirmələr çox az əhəmiyyətli olacaq, çox az insanı dəyişə biləcək.
- Bizə gələn şərhlərdə daha çox deyilirdi ki, əsl Azərbaycan qadını belə deyil. Siz necə başa düşürsünüz bu söhbəti?
- Yadımda deyil, hansısa yazar belə bir ifadə işlətmişdi ki, bizim klassik ailələrdə belə hesab edirlər ki, o ailələrdə cinsi əlaqə heç vaxt olmayıb və heç vaxt da olmayacaq.
Yəni valideynlər özlərini uşaqlarla elə aparırlar. Öz təcrübəmdən deyə bilərəm ki, doğurdan da belədir. Valideynlər özlərini elə aparır ki, guya ata ilə ana arasında heç vaxt belə əlaqələr olmayıb.
Əsl Azərbaycan qadınını belə təqdim etməyə çalışırlar ki, aseksual, yalnız ev işləri ilə məşğul olan, həyatını övladlarına həsr etmiş bir qadın, bir insan, bir mexanizmdir.
Əlbəttə ki, belə deyil, başqa cürdür və bu, normaldır. Azərbaycan qadını deyə bir irq, canlı növu yoxdur, hamı homo sapiendir...
Azərbaycan qadını da, təbii ki, ona uyğun xüsusiyyətlər daşıyır. 13-14 yaşından seksual istəklər yaranmağa başlayır, 16-17 yaşdan bunu həyata keçirməlidir, keçirməsə də problemlər yaranır.
Biz cəmiyyətimizdə görürük ki, ailə daxili problemlərin yaranmasının səbəblərindən biri də budur ki, qadınları sıxdıqca onlar da müqavimət göstərirlər.
Yəni Azərbaycan qadını deyə ayrıca bir məhfum yoxdur. Bütün qadınlar aşağı-yuxarı eyni səviyyədədir, hamı eyni mərhələlərdən keçir.
- Azərbaycanda qadın azadlığının vəziyyətinə ümumiləşdirməni necə verərdiniz?
- Müqayisə aparmaq istəsək, bizdən daha pis vəziyyətdə olan daha bir neçə dövlət var. Xüsusən müsəlman ölkələri, orada qadın azadlıqlarının vəziyyəti bizdən daha pisdir.
Amma ümumən, bizdə qadın azaqlıqlarının vəziyyəti dünyanın orta səviyyəsindən çox aşağıdır.
Dediyim kimi, insanlar siyasi hüquqlarını reallaşdıra bilmədikcə - öz prezidentini, parlamentini seçə bilməmək enerjisini gətirib tökürlər ailələrinin üstünə. Ailədə diktator olurlar.
Qadın da fiziki cəhətdən zəif olduğuna görə, tarixi cəhətdən daha idarə olunan kimi gəldiklərinə görə hərşey onların başında çatlayır. Nəticədə qadınlar əzilməyə məcbur olurlar.
Hazırda mən hesab edirəm ki, qadınların hüquqlarının vəziyyəti Azərbaycanda çox pisləşib, pisləşə-pisləşə də gedir.
Sosial şəbəkələrdə yazırlar ki, biz son vaxtlar inkişaf görürük, məsələn, şortik geyinməyə artıq pis baxmırlar.
Əslində bu böyük bir dəyişiklik deyil, şortik geyinməyə pis baxmamaq o boyda böyük inkişaf deyil.
Mən məhkəmələrdə nəzarətçi kimi işləmişəm, banklarda hüquqşünas və müstəqil hüquqşünas kimi işləmişəm.
Orada qadınların mülkiyyət hüquqlarının faktiki cəhətdən nə qədər boğulduğunu görmüşəm, qanunlarda fərq qoyulmasa da.
Mülkiyyət hüquqlarından tutmuş, ailədaxili hüquqlarına qədər, bütün hüquqları tapdanır, boğulur.
Qadınları o qədər sıxırlar ki, nəticədə onlar da kişilərin xoşuna gəlməyən nəsə hərəkətlər etməyə məcbur olurlar. Bu da axırda ailədaxili zorakılığı gətirib çıxarır.
Azərbaycanda qadın hüquqlarının vəziyyəti, hətta 10 il qabaqkından da pisdir, nəinki 30-40 il qabaqkından.
- Yenidən Sitarə İbrahimovanın Reflektor layihəsinə qayıdaq. Bizə gələn şərhlərdə Sitarəyə qarşı çox pis təhqirlər var.

Şəklin mənbəyi, Getty
Aydın məsələdir, o təhqirlər gələcək. Çünki bilirsiniz, o videoda göstərilir ki, toy gecəsi qadının bakirə olub-olmadığı yoxlanılır.
Onu yoxlayan adamların özləri həyat yoldaşlarının bakirə olub-olmamasından əmin deyillər.
Bu, əslində dəhşətli vəziyyətdir. Ailə həyatı heç bir etibarın olmaması üzərinə qurulur.
Əslində ailə elə etibar deməkdir, yoxsa bu, ailə olmaya bilər, adi bir münasibət də ola bilər.
Ailə, sadəcə bir-birinə etibar etmək deməkdir. Onu rəsmiləşdirmək isə sadəcə hüquqa, formallığa tabe olan bir şeydir.
Əxlaqa qalası olsa, ailə həyatı etibarın üzərində qurulmalıdır, amma o videoda görünən səhnə etibarsızlığın üzərində qurulan [ailədir].
Orada gəlini o vəziyyətə salan adamlar, həmin eyni adamlardır ki, Sitarə xanımı söyürlər. Çünki onlar özləri həyat yoldaşlarına etibar etmirlər.
Öz ailələrini etibarsızlıq üzərində, özlərinin əxlaqsız keçmişləri və öz yoldaşlarının əxlaqsızlığına şübhələr üzərində formalaşdığını bilirlər.
Mən, məsələn, Sitarə xanımı söymürəm. Çünki mənim aləmimdə elə bir problemim yoxdur.
- Sizcə belə bir layihəni kişi etsəydi, yenə belə tənqidlər alardı?
- Layihəni edənin kişi və ya qadın olması elə də əhəmiyyətli deyil.
Mən, məsələn, əvvəllər bakirəlik əleyhinə, bakirəliyin önəmli sayılmasının əleyhinə çoxlu yazılar yazmışam, şəxsi dairəmdə də çoxlu söhbətlər etmişəm. Oxşar münasibət mənə qarşı da olub.
Bizim insanların dilində, söyüşlərində qadını alçaltmağın varianti bir başqa cürdür, kişini alçaltmağın variantı bir başqa cür.
Sitarə xanım kimi mənə o cür sözlər deməyiblərsə, mənə də başqa sözlər deyib alçaldıblar öz aləmlərində.
Fərqi yoxdur yəni, kişi yazanda, belə deyək, onu öz aləmlərində kişi hesab eləmirlər.




