"Lider Cola"da partlayış: elə bildim "qiyamət günüdür"

Binəqədi rayonunda yerləşən "Lider Cola" şirkətində baş vermiş partlayış ətraf ərazidə yerləşən bir neçə evə ziyan vurub.
Ötən gün gecə saatlarında qeydə alınan hadisəyə səbəb şirkətin ərazisindəki çənlərdən birində baş verən partlayış səbəb olub. Ölən və ya xəsarət olanlar barədə məlumat yoxdur.
Zərər çəkmiş ev sahibləri BBC Azərbaycancaya deyib ki, şirkət rəhbərliyi və yerli hakimiyyət orqanlarının nümayəndələri onlarla görüşüb və "hər şeyin yaxşı olacağını" bildirib.
BBC Azərbaycancaya danışan"Lider Cola" şirkətinin sözçüsü məsələnin hazırda dövlət qurumları tərəfindən araşdırıldığını və evlərə dəymiş ziyanın qarşılanacağını deyir.
"Qiyamət günü"

Partlayış nəticəsində daha çox zərər çəkən evin sahibi Rəhimov Səid deyir ki, hadisə zamanı oyaq olub.
"Çölə çıxmışdım, evə 2 dəqiqə gec daxil olsaydım mən də xəsarət ala bilərdim. Evə daxil oldum partlayış oldu. Elə bildim "qiyamət günüdür", o yaşadıqlarını təsvir edir.
Müsahibmizin 2 mərtəbəli evinin pəncərələri sınıb, evin damı zərər görüb. Evin ön tərəfindəki aynabənd isə yerindən çıxıb. Çəkiliş apararkən ev sahibi məhz aynabəndlərdən ehtiyat etməyi məsləhət görür.
Evinə azı "15 min manatlıq" ziyan dəydiyini bildirən cənab Rəhimov bütün gecəni evə daxil olmadığını da əlavə edir.


O, həmçinin qeyd edir ki, şirkət rəhbərliyi ziyan görmüş evə baxıb və "hər şeyin yaxşı olacağını" deyib.
"Amma kompensasiya barədə dəqiq heç nə deyilmədi", cənab Rəhimov bildirir.
"Uşağı şüşənin içindən götürdük"

Zərər görmüş digər evin sahibi Vəfa Axundova evin otaqlarındakı mənzərəni göstərir. Tavana zərər dəyib, divarlarda çatlar var. Çılçıraqlar tökülüb.
"Namaz üçün oyanmışdım. Saat 3 idi. Elə bil bomba partladı. Çılçıraqlar qırılıb, tökülüb. Partlayışdan sonra otağa girdim beşikdəki uşağı şüşələrin içindən götürdüm", o danışır.


Vəfa xanımın sözlərinə görə, bələdiyyə və şirkət nümayəndələri onlara baş çəkib və "nə lazımdırsa, təmin ediləcək, məhkəməlik işimiz olmayacaq" deyib.
Müsahibim əlavə edir ki, evin 3 otağına ciddi ziyan dəyib və dam dəyişməlidir.
Digər zərərçəkən Şəfiyevlər ailəsinin evində də çatlar əmələ gəlib, pəncərələr qırılıb.

Şəklin mənbəyi, bb
"Zərbə necə güclü oldusa, uşaqların çarpayısını qaldırıb yerə vurub. Ev toz içində idi, heç nə görünmürdü", evin xanımı hadisədən bəhs edərkən deyir.
O da şirkət rəhbərliyi ilə görüşsə də, kompensasiya veriləcəyinə inanmır.

Zavoddan xeyli uzaq bir evdə məskunlaşmış Məhəbbət Əhmədova da zərbənin gücündən danışaraq evin divarlarında yaranmış çatları göstərir.
O, əvvəlcə zəlzələ baş verdiyindən şübhələnib. Hadisə baş verdikdən sonra isə bütün gecəni evə daxil olmayıb.
"Lider Cola" şirkətinin özünü satış müdiri kimi təqdim edən sözçüsü deyir ki, hadisəyə səbəb karbon qazı çəninin partlaması olub və hazırda dövlət qurumları tərəfindən partlayışın baş vermə səbəbləri araşdırılır.
Onun sözlərinə görə, işçilər arasında xəsarət alan yoxdur və ziyan dəymiş evlərin xərcləri qarşılanacaq.























