Azərbaycan: 1 jurnalist həbs edilib, digəri izlənildiyini deyir

Şəklin mənbəyi, Courtesy photo
Bazar ertəsi günü Daxili İşlər Nazirliyi "JAM.az" saytının rəhbəri Fikrət Fərəməzoğlunun "bir restoran sahibindən 3000 manat alarkən" saxlanıldığını açıqlayıb.
Jurnalistin vəkili Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, ötən həftənin cümə axşamı saxlanılan baş redaktor, Fikrət Fərəməzoğlu barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə 4 aylıq həbs qətimkan təbiri seçilib.
Azərbaycanda ötən həftə bir jurnalist həbs edilib, digəri isə izlənildiyini iddia edir.
Həftənin şənbə günü isə "Azadlıq" qəzetinin direktoru Faiq Əmirli naməlum şəxslər tərəfindən, piyada və maşınla izlənməsi barədə məlumat yayıb.
Faiq Əmirli bu haqda həmin gün hüquq mühafizə orqanlarına təfərrüatlı məlumat verməsinə baxmayaraq bu günə qədər hər hansı tədbir görülməməsindən gileylənir.
DİN bu barədə açıqlama verməyib.
Həbs
"JAM.az" saytının baş redaktoru olan Fikrət Fərəməzoğlunun ailəsi bu günə qədər onunla əlaqə yarada bilmir, jurnalistin adının çəkilməsini istəməyən yaxın qohumlarından biri BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, jurnalisti cümə axşamı günü "yolda, maşınından götürüb aparıblar" və indiyə qədər nə özündən, nə də maşınından xəbər var.
O deyir ki, evə gəlib jurnalistin noutbuk və "uşaqların bağça şəkilləri olan diskləri" aparanda ailəsi Fikrət Fərəməzoğlunun saxlanılmasından xəbər tutub.
"Sənədləri aparanda heç bir sənəd təqdim etməyiblər. Gələnlər mülki geyimli olub. İndiyə qədər neçə dəfə cəhd etmişik. Heç bir məlumat vermirlər. Qaranlıqdır hər şey" - o, sabah bəzi məlumatların dəqiqləşəcəyinə ümid edir.
Vəkil Nemət Kərimlinin sözlərinə görə, "kənardan aldığı" məlumata əsasən jurnalist həbsə qədər Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə idarəsində saxlanılıb.
"Həbsdən sonra onun harada olması haqqında heç bir məlumat verilmir", vəkil deyir.
DİN açıqlamasında bildirilir ki, Fikrət Fərəməzoğlu həyata keçirilmiş əməliyyat tədbirləri ilə iyunun 30-da bir restoran sahibindən "3000 manat alarkən saxlanılıb".
Məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək Fikrət Fərəməzoğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını bildirib.
Şikayətçi deyib ki, Fikrət Fərəməzoğlu "həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat" tələb edib.
"Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər," məlumatda deyilir.
DİN əlavə edir ki, hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İzlənmə iddiaları

Şəklin mənbəyi, Courtesy photo
Azadlıq qəzetinin direktoru Faiq Əmirli deyir ki, şənbə günü ailəsi ilə ticarət mərkəzlərindən birində gəzinərkən "30-35 yaşlı" naməlum şəxs tərəfindən izlənilib.
"Biz aşağı düşdükcə gördük ki, o da arxamızca izləməyə başlayıb. Biz bir etaj, iki etaj qalxdıq və gördük ki, o arxamızla gəlir. Aşağı düşdük, o yenə arxamızla gəlir", cənab Əmirli bunun "təxribat" olacağını ehtimal etdiyinə görə adama yaxınlaşmayıb.
Həmin şəxsi ilk dəfə gördüyünü deyən Faiq Əmirli vurğulayır ki, həyat yoldaşı həmin şəxsi övladını bağçaya aparanda müəssisənin ətrafında bir neçə dəfə görüb.
Onun sözlərinə görə, ticarət mərkəzindən çıxıb maşınla hərəkət edəndə onu içərisində iki nəfər olan qara rəngli "Hyundai Accent" markalı maşın izləyib.
"Mən bir iki manevr etdim, dar küçələrdən keçdim bilim ki, bu maşın doğrudan da məni izləyir ya yox. Gördüm ki, doğrudan da bu maşın məni izləyir", qəzet direktoru maşının izini nəşriyyata çatanda itirdiyini əlavə edir.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra cənab Əmirli Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində yazılı izahat verib və ona hadisə ilə bağlı məlumat verəcəklərini bildiriblər.
"Hər şey bəllidir, məni izləyən maşın və nömrəsi, rəngi də bəllidir. İki gün keçməyinə baxmayaraq heç bir tədbir görülməyib", deyə qəzet direktoru yenidən rəsmi müraciət etməyi planlaşdırır.
Azadlıq qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev əməkdaşlarının naməlum şəxslər tərəfindən izlənməsini "qəzetə təzyiq" kimi dəyərləndirir və hadisənin yalnız onun qəzetdəki fəaliyyəti ilə bağlı olduğunu düşünür.
"2006-cı ildən başlayaraq Azadlıq qəzetinə qarşı çox dəhşətli repressiyalar, çox dəhşətli təzyiqlər var. Son 10 il ərzində Azadlıq qəzetinə qarşı olanlar heç bir mətbuat orqanına qarşı olmayıb", deyə qəzet nümayəndəsi bu günə qədər əməkdaşlarının başlarına gələn həbs, bıçaqlanma və döyülmə faktlarını sadlayaraq "Azadlıq qəzeti üçün burda təəccüblü heç nə yoxdur" deyir.
Daxili İşlər Nazirliyinin sözçülərindən baş vermiş hadisə ilə bağlı hər hansı mövqe almaq mümkün olmayıb.




