Jurnalist Seymur Həzi 5 illik həbs cəzası alıb

Şəklin mənbəyi, Ayende M

Xuliqanlıqda ittiham edilən jurnalist Seymur Həzi beş illik həbs cəzası alıb.

Onun saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən avqustun 29-da jurnalist Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında natanış adama qarşı zor tətbiq etdiyindən sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.

Seymur Həzi öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyir.

"Haqsızlıq"

Jurnalistin vəkili Adil İsmayılov Reuters agentliyinə deyib ki, qərar "haqsız", məhkəmə işi isə "tamamilə qondarmadır".

Vəkilin sözlərinə görə, məhkəmə qərarına appelyasiya şikayəti veriləcək.

Bu arada Human Rights Watch insan haqları təşkilatı illik hesabatının Azərbaycana dair hissəsində deyib ki, 2014-cü il ərzində hökumət "ən azı 33 hüquq müdafiəçisini, siyasi və ictimai fəalı, jurnalisti və bloqqeri siyasi motivli ittihamlar əsasında" həbs edib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin baş vermədiyini bildirir. Ötən həftə Berlində danışan Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın "mətbuat azadlığı reytinqi ilə problemi yoxdur".

Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktorudur.