Seymur Həzi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib

Şəklin mənbəyi, Ayende M

Xuliqanlıqda ittiham edilən jurnalist Seymur Həzi barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Cümə günü saxlanılmış jurnalistin vəkili Həziyə qarşı xuliqanlıq maddəsilə irəli sürülən ittihamı qəbul etmədiyini bildirib.

“Seymur Həzi xuliqanlıq etməyib. Burada provakasiya var. O,özünü müdafiə edib. Seymur Həziyə qarşı bu ittiham qanunsuz və əsassızdır. Həbsin özü planlaşdırılmış həbsdir”, - Elton Quliev Turan agentliyinə deyib.

Öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu hesab edən jurnalist Ceyranbatan qəsəbəsində ona yaxınlaşıb sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşan şəxsin hücumuna məruz qaldılğını bildirib.

"Seymur Həzi özünü müdafiə etmək istəyib və əlindəki plastik butulkanı həmin şəxsə tərəf atıb" - Elton Quliev cümə günü BBC Azərbaycancaya deyib.

Jurnalistin saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən Seymur Həzi avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında natanış adama qarşı zor tətbiq etdiyindən sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalist cümə günü yerli vaxtla təxminən saat 3-də özü vəkilə zəng edərək saxlanıldığını və Abşeron Polis İdarəsində olduğunu bildirib.

Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktorudur.