Müxalifət fəalı və redaktor Seymur Həzi xuliqanlıqda ittiham olunur

Şəklin mənbəyi, Ayende M
Azərbaycanda müxalifət fəalı və qəzet redaktoru Seymur Həzi xuliqanlıqda - "tanımadığı adamı döyməkdə" ittiham edilir, vəkil Elton Quliyev BBC Azərbaycancaya deyir.
Şübhəli şəxs qismində saxlanılan və haqqında təqsirləndirilən şəxs kimi cinayət işi açılan jurnalist barədə sabah məhkəmədə qərar veriləcək.
Jurnalist vəkilə bildirib ki, Ceyranbatan qəsəbəsində tanımadığı bir şəxs ona yaxınlaşaraq sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub və "cavab gözləmədən" Seymur Həziyə hücum edib.
"Seymur Həzi özünü müdafiə etmək istəyib və əlindəki plastik butulkanı həmin şəxsə tərəf atıb", deyən vəkil əlavə edir ki, jurnalisti həmin şəxsə şüşə butulka ilə vurmağa görə həbs ediblər.
Jurnalist cümə günü yerli vaxtla təxminən saat 3-də özü vəkilə zəng edərək saxlanıldığını və Abşeron Polis İdarəsində olduğunu bildirib.
BBC Azərbaycanca Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə hələlik əlaqə saxlaya bilməyib.
Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktorudur.
