Human Rights Watch: "Azərbaycanda repressiyalar gücləndirilir"

Şəklin mənbəyi, Aziz Kerimov
"Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşmışdır", Human Rights Watch İnsan haqları təşkilatının 2015-cü il üzrə Dünya Hesabatının Azərbaycana dair hissəsində deyilir.
Cümə axşamı buraxılan hesabatda qeyd olunur ki, 2014-cü il ərzində hökumət "ən azı 33 hüquq müdafiəçisini, siyasi və ictimai fəalı, jurnalisti və bloqqeri siyasi motivli ittihamlar əsasında" həbs edib, bəzi fəallar ölkəni tərk etməyə və ya gizlənməyə məcbur olub.
Media azadlığına gəldikdə Human Rights Watch deyir ki, son il ərzində ən azı 10 jurnalist, bloqqer və sosial media fəalı "tənqidçi və araşdırmaçı jurnalistika ilə məşğul olduğuna görə saxta ittihamlarla günahlandırılaraq" həbs olunub.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin baş vermədiyini bildirir. Ötən həftə Berlində danışan Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın "mətbuat azadlığı reytinqi ilə problemi yoxdur".
Tərəfdaşlar "hökumətə təzyiq tətbiq etmədilər"
Həmçinin qeyd olunur ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ölkədə vətəndaş cəmiyyətinə qarşı edilən təzyiqlərə görə hökuməti tənqid etsələr də, Azərbaycan hökuməti ilə "qarşılıqlı əlaqələrini insan haqlarının yaxşılaşdırılması üçün şərtləndirə bilmədilər".
Avropa İttifaqi kimi beynəlxalq və regional institutlar və tərəfdaşlar hüquq pozuntuları ilə bağlı kəskinləşən vəziyyətin yaxşılaşdırılması üçün "hökumətə təzyiq tətbiq etmədilər".
Ölkədə işgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir, insan haqları təşkilatı deyir. "2014-cü ildə həbs edilən gənc fəallar polisdəki saxlanma məntəqələrində döyülməyə, təhdidə və məcburi şəkildə cinayəti boynuna alması kimi zorakılıq hallarına məruz qalmaları haqda şikayətlər etmişdirlər, hökumət isə bu iddialarla bağlı "heç bir səmərəli araşdırma" aparmayıb.
Dünyada ümumi vəziyyət
656 səhifəlik bəyanata girişdə təşkilat deyir bütün dünyadakı təhlükəsizlik problemini dilə gətirərək deyir: "Hökumətlər ciddi təhlükəsizlik çətinliklərinə qarşı mübarizə aparmaq üçün insan haqlarına məhəl qoymayanda böyük bir səhvə yol verirlər".
Təşkilatın icraçı direktoru Kenneth Roth-a əsasən, bu günkü qlobal münaqişələrin bə böhranların ağırlaşmasına görə "insan haqları pozuntuları böyük rol oynayıb" və onları həll etməyin yolu, insan haqlarını qorumaqdır.
Dünya Hesabatının 25-ci buraxılışında 90-dan çox ölkədə insan haqları vəziyyətinə baxılır.




