Azərbaycan: hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Şəklin mənbəyi, Reuters
İstanbulun beynəlxalq Atatürk hava limanında atəş və bomba hücumundan sonra Bakının Heydər Əliyev hava limanında da təhlükəsizlik tədbirləri yüksəldilib, Azərbaycan Hava Yollarının sözçüsü deyir.
"Hadisədən sonra dünən axşamdan başlayaraq biz daha da gücləndirilimiş iş rejimində işləyirik", AZAL sözçüsü Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib.
İstanbula olan reyslər isə davam edir. Cənab Kəsəmənski deyir ki, çərşənbə axşamı səhər saat 8:45-də Heydər Əliyev hava limanından İstanbula reys yola düşüb.
Atatürk hava limanına hücum zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması isə araşdırılır, Azərbaycan XİN sözçüsü deyir.
Hikmət Hacıyevin sözlərinə görə, İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olması faktını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

Şəklin mənbəyi, Getty
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Recep Tayyip Erdoğana məktub ünvanlayaraq, hücumdan "sarsıldığını" bildirib.
"Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik", məktubda bildirilir, prezident.az saytı yazır.
Çərşənbə axşamı İstanbulun beynəlxalq Atatürk hava limanına edilən atəş və bombalı hücum nəticəsində azı 36 nəfər həlak olub, 147-dən çox insan yaralanıb.
Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, ilkin versiyaya görə, hücumların arxasında özünü İslam Dövləti adlandıran qruplaşma dayanır.




