Müdafiə Nazirliyi Xankəndinə "zərbəyə hazır olmaq" göstərişi verib

Şəklin mənbəyi, AP
Azərbaycan Müdafiə Nazirlyi orduya Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə "dağıdıcı zərbələrin endirilməsinə hazır olmaq" əmri verib.
Qısa müddətdə yaşayış məntəqələrinə zərbələr dayandırılmazsa, ordu belə zərbələrin endirilməsinə hazır olmalıdır, Müdafiə Nazirliyi deyir.
BBC Azərbaycancaya Tərtər rayonundan verilən məlumatda deyilir ki, hazırda əraziyə mərmilər atılır.
Daha öncə, həm Azərbaycan, həm də Ermənistan atəşi durdurmağa hazır olduqlarını bildirmişdi.
Azərbaycan və erməni silahlı qüvvələri arasında atışmalar və cəbhə bölgəsində gərginlik davam edir, hər iki tərəfdən olan məlumatlarda deyilir.
Aprelin 1-ə keçən gecədən bəri başlayan qarşılıqlı hücumlardan sonra, Azərbaycan 15, erməni tərəfi isə 20 hərbçisinin ölməsi barədə məlumat yayıb. Erməni tərəfi 72 əsgər və zabitinin yaralı olduğunu da bildirib. Azərbaycanda yaralı hərbçilər barədə məlumat verilmir.
Azərbaycan tərəfindən 2 nəfər mülki şəxsin ölməsi və 10 nəfərin xəsarət alması barədə məlumatlar var. Ermənistan isə 4 mülki şəxsin ölməsi və 12 əsgərin yaralı halda xəstəxanada olması barədə məlumat yayıb.

Şəklin mənbəyi, AFP
Hər iki tərəf atəşin dayandırılmasının tərəfdarı olduğunu desə də, son məlumatlara görə, atışma davam edir.
Azərbaycan Müdafiə Nazirliyi "Ermənistanın işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın etdiyini" bildirib və video yayıb.
Tanınmamış Dağlıq Qarabağın "Müdafiə Nazirliyinin" yaydığı məlumata görə, cəbhə xətti boyunca qızğın toqquşmalar davam edir.
Məlumatda, Azərbaycan tərəfinin böyük sayda canlı qüvvə və hərbi texnika itirdiyi yazılıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyanat yayaraq, Ermənistan silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusunun məhv edildiyini bildirib.
Nazirliyin məlumatına görə, Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə "cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində Azərbaycan mövqelərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur."
Bundan başqa Azərbaycan Müdafiə Nazirliyi Ermənistan informasiya vasitələrinin gecə yarısından erməni hərbi bölmələrinin “Qarabağ cəbhəsində ciddi uğurlar əldə edərək yeni hüdudlara” çıxdıqları ilə bağlı məlumatlarını təkzib edib.
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb.
Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.




