Tərtər: "10 dəqiqə ərzində 5 mərmi atılıb"

Tərtərdə 10 dəqiqə ərzində 5 mərmi atılıb
Şəklin alt yazısı, Tərtərdə 10 dəqiqə ərzində 5 mərmi atılıb

Hazırda cəbhə xəttinin yaxınlığında yerləşən Tərtərin Qarağacı kəndinə mərmi atılır, jurnalistlər və yerli sakinlər BBC Azərbaycancaya deyir.

"Bizi kəndə buraxmadılar. Mülki maşınları kəndə buraxmırlar. Tez-tez mərmi və qrad səsləri eşidilir. Mərmilərin hara düşdüyü bilinmir", jurnalistlər əlavə edib.

Jurnalistin sözlərinə görə, 10 dəqiqə ərzində 5 mərmi atılıb.

Yerli sakinlər də BBC Azərbaycancaya bildirib ki, Tərtər istiqamətində ara-sıra atışma səsləri hələ də gəlməkdədir.

Tərtərin Qarağacı kəndi atışmalardan zərər görüb
Şəklin alt yazısı, Tərtərin Qarağacı kəndi atışmalardan zərər görüb

"Atışma səsləri eşidilməsə də, ağır artilleriyadan atılan 3-4 mərminin səsi eşidilir. Səhər atılan mərmi bir evdə 2 heyvanı öldürüb", Tərtərdən jurnalist Seymur Kazımov BBC Azərbaycancaya bildirib.

Jurnalistlər deyir ki, Ağdamın Çıraqlı, Təzəkənd, Bənövşələr, Baharlı qəsəbələri, Sarıcalı, Əhmədağlı və Tərtərin Qapanlı və Qəzyan kəndlərində "mülki əhali demək olar ki qalmayıb".

"Ağdamdan fərqli olaraq, Tərtərdə ictimai iaşə obyektləri və restoranların çoxu işləmir."

"Rüstəm Fərəcov Tərtər rayonu Həzi Aslanov küçəsində yaşayır. Aprelin 2-də səhət saat 9-da işğal altında olan 3-cu Sovxoz deyilən ərazidən yaşadığı evə mərmi atıblar. Hamam və su çəni tamamilə sıradan çıxıb. Mərmi bağ sahəsinə düşdüyü üçün evdə xəsarət alan olmayıb. Ailə üzvləri hazırda qohumları gildə, özü isə maşında gecələyir."

"Bəzi kəndlərdə yalnız kişilər qalıb, onlar da deyirlər ki, mal-qaraya görə qalıblar."

Tərtərin Qarağacı kəndi
Şəklin alt yazısı, Tərtərin Qarağacı kəndi
Ağdamın Sarıcalı kəndində ev
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində ev
Ağdamın Sarıcalı kəndində ev
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində ev

Ağdam rayon sakini Barat Məmmədov BBC Azərbaycancaya deyib ki, Ağdamda gecə saatlarında nisbi sakitlik olub, lakin Tərtər tərəfdən mərmi səsləri eşidiblər.

Onun sözlərinə görə, səhər saatlarında yerli polis şöbəsinin rəisi onlara yaxınlaşaraq narahatlığa əsas olmadığını deyib.

"Evlərindən çıxan ailələr hələ də geri qayıtmayıb. Camaat ehtiyat edir", deyə kənd sakini ancaq kişilərin kənddə qaldığını bildirib.

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 12, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.

Tərtər

Ötən gün Tərtər rayonunda gedən atışma zamanı dinc sakinlərdən biri dünyasını dəyişib, digəri isə ağır yaralanıb, rayonun bələdiyyə nümayəndəsi Asif Əliyev BBC Azərbaycancaya məlumat verib.

Ağdamın Sarıcalı kəndində ev
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində ev

Asif Əliyevin sözlərinə görə, məcburi köçkün Cəlal Rəhimov idarə etdiyi maşında qardaşı oğlu Orxan Rəhimovla birgə getdikləri zaman atılan mərmilərdən biri maşının "1 metrliyinə düşüb".

"Mərmidən açılan qəlpə yaraları nəticəsində Orxan iki ayağını da itirib. Təcili yardım tez gəlsə də, yolda qan itirmədən dünyasını dəyişib", bələdiyyə nümayəndəsi mərhumun əmisi, Cəlal Rəhimovun vəziyyətinin ağır olduğundan onun xəstəxanaya yerləşdirildiyini deyir.

Ağdamın Sarıcalı kəndində ev
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində ev

"Avtomat silah heç yoxdur. Ancaq iri çaplı silahlardan atırlar", bələdiyyə nümayəndəsi atışmanın Qapanlı və Qaradağlı kəndlərində gecədən başlayaraq indiyə qədər davam etdiyini vurğulayıb.

Onun sözlərinə görə, döyüşə yaxın ərazilərdə yerləşən evlərdən "qadın və uşaqlar çıxarılıb" və indi kənddə yalnız "kişilər qalıb".

Ağdam

Ötən gün Ağdam sakinləri bildiriblər ki, ötən gecə təhlükəsizliklərini necə qoruyacaqlarını bilmədiklərinə görə qəsəbədə sakinlərin "çoxu qapını bağlayıb evlərini tərk edib."

Ağdamın Sarıcalı kəndində ev
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində ev

"Kişilər bir az qalıb. Qadinların demək olar ki, 100 faiz çıxıb. İndi küçədə baxırsan gözə adam dəymir. Elə bir neçə maşındır", deyə kəndli ötən gecə Ağdamın Baharlı qəsəbəsindəki mənzərəni təsvir edib.

Qəsəbə sakinləri təhlükəsizliklə bağlı icra rəsmilərinin onları məlumatlandırmadığını vurğulayıb.

"Səhər televiziya gəlmişdi çəkilişə, rəsmilərdən də bir-iki nəfər onlarla gəldi. Dedilər ki, açıqlıqda ya da koma durmayın, həmişə çalışın divar arxasında durun və getdilər. Ondan sonra gəlib bizə bir söz deyən yoxdur", kənd sakini deyib.

Ağdamın Sarıcalı kəndində məktəb
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində məktəb

Buna baxmayaraq "nə başqa yerə getmək, nə də yatmaq fikrimiz var" deyən Barat bütün gecəni yerdə qalan qonşuları ilə birlikdə evini "yiyəsiz qoymamaq" üçün ayıq duracaqlarını bildirib.

Kənd sakinlərinin sözlərinə görə "hərdən bir atışma səsi" gəlib.

"Atışmadan müdafiə olunmaq üçün uşaqları və qadınları zirzəmiyə yığırıq, həyətdə olan kişilər də xəndəyə uzanır", Ağdamın Baharlı qəsəbə sakini BBC Azərbaycancaya bu gecədən Azərbaycanın cəbhə ərazilərində başlayan atışmadan necə müdafiə olunmalarından danışıb.

Onun sözlərinə cəbhə boyu gecədən başlayan "ağır döyüşdə" atılan "toplardan" biri qəsəbədəki yaşayış evlərindən birinin yanına, digəri isə yaxınlıqda olan hərbi hissəyə düşüb.

Ağdamın Sarıcalı kəndində məktəb
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində məktəb

"Topu atanda evdə heç kim yox idi deyə eləcə evə xətər toxundu. Hərbi hissədə də ancaq maşınlara ziyan oldu", Valeh deyib.

Onun sözlərinə görə gecə saat üç-dörd radələrində başlayan atışma bir neçə saat davam edib. Qısa fasilədən sonra yenidən artileriya atəş səsləri eşidilib.

Kənd sakini ilə telefon əlaqəsi saxladığı vaxt BBC Azərbaycancanın müxbiri iki dəfə gurultu səsi eşidib. Müxbirə "eşitdinizmi?" sual edən Valeh səsin "atılan artileriya silahı" olduğunu deyib.

"Yalnız ağır artileriyadan atılan" toplardan qorunmaq üçün sakinlər gecə ikən müdafiə üçün evlərin zirzəmilərinə daxil olub. Bəziləri isə ailələrini bir qədər sakit olan qonşu kəndlərə yollayıb.

Ağdamın Sarıcalı kəndində məktəb
Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində məktəb

Onun sözlərinə görə qarşı tərəf daha çox qəsəbə yaxınlığında olan hərbi hissəni atəşə tutub.

"20 dəqiqə idi ki, sakitləşmişdilər. İndi yenidən başladılar", deyə Valeh dinc sakinlərin müdafiə olunmaq üçün tez-tez yerlərini dəyişdiklərini deyib.

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında dünən gecədən başlayan ağır döyüşlər gedir, hər iki tərəfdən azı bir nəfər mülki şəxs ölüb, <link type="page"><caption> Bakı və Yerevanda yayılan məlumatlarda deyilir.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160402_azerbaijan_armenia_karabakh_conflict" platform="highweb"/></link>

Azərbaycan və Ermənistan rəsmiləri döyüşlərin başlamasına görə bir-birini ittiham ediblər.

Rusiya Prezidenti Vladimir Putin və beynəlxalq təşkilatlar tərəfləri döyüşlərə son qoymağa çağırıb.

Azərbaycan bazar günü atəşi "birtərəfli" dayandırdığını açıqlayıb, Ermənistan tərəfi bu məlumatı təkzib edib.