İntiqam Əliyev "daha böyük enerji ilə" vəkillik fəaliyyətini davam etdirəcək

Hüquq müdafiəçisi İntiqam Əliyev bundan sonra da insan haqları sahəsində fəaliyyət göstərəcək, o deyib.

Həbsxanadan "evə göndərilən" hüquq müdafiəçisi bu sözləri evində onunla görüşə gəlmiş yaxın dostları və mediaya bildirib.

Haqqında dərhal azad edilmə qərarı çıxan İntiqam Əliyev günortadan sonra həbsxanadan "evə göndərilib", bu barədə onun oğluna 6 saylı cəzaçəkmə müəssisəsində deyilib.

Hərçənd onu qarşılamaq üçün onlarla şəxs- ailəsi və yaxın dostları 6 saylı həbsxananın qarşısına toplaşmışdı, lakin təxminən 3 saat yarımdan sonra hüquq müdafiəçisinin "evə göndərildiyi" barədə məlumat verilib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova xəbər verir.

İntiqam Əliyev bazar ertəsi səhəri 5 il cəza müddəti qalmaqla şərti azadlığa buraxılıb.

"Bu gün Ali Məhkəmənin Plenumunda İntiqam Əliyevə təyin edilmiş cəza, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edildi. 5 il sınaq müddəti təyin edildi və onun dərhal həbsdən azad edilməsi qərara alındı", vəkil Cavad Cavadov BBC Azərbaycancaya bildirib.

Vəkil əlavə edib ki, müdafiə tərəfi onun tam bəraət olmasına çalışacaq və işdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

Bazar ertəsi Ali Məhkəmənin Plenumunun iclasında hüquq müdafiəçisinin cəzasının yüngülləşdirilməsi üçün verilən əlavə kassasiya şikayətinə baxılıb.

Intiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs edilib
Şəklin alt yazısı, Intiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs edilib

İntiqam Əliyev qan dövranı xəstəliyindən əziyyət çəkir

Ötən cümə axşamı Azərbaycanın baş prokuroru Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevə təyin olunan cəzanın mübahisələndirilməsinə - cəzanın ağır olması, bir sıra yüngülləşdirici halların, sağlamlıq vəziyyəti, şərti cəzanın nəzərə alınmaması və cəzanın dəyişdirilməsinə dair əlavə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

"Onun əsasən qan dövranı problemi var, bu da onun üçün çətinlik törədirdi, daima hərəkətdə olmalı idi, bu da həbsxana şəraitində mümkün deyildi. Həmçinin nevroloji problemləri və boynunda yırtıq var", oğlu Nəcmin Kamilsoy bildirib.

Gün ərzində azad olunacaq İntiqam Əliyevi qarşılamaq üçün ailəsi və yaxın dostları 6 saylı həbsxananın qarşısına toplaşıb
Şəklin alt yazısı, Gün ərzində azad olunacaq İntiqam Əliyevi qarşılamaq üçün ailəsi və yaxın dostları 6 saylı həbsxananın qarşısına toplaşıb

Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin iştirakı olmadan keçirilən iclasa yalnız onun vəkilləri qatıla bilib.

İclası izləmək üçün bina qarşısında toplanan ailə üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, siyasi partiya nümayəndələri və fəallar, o cümlədən tələbələrin heç biri zala buraxılmayıb.

"O həbsxanada bir gün də qalmamalı idi. Onun adına çox sevinirik", İntiqam Əliyevin oğlu Necmin Kamilsoy deyir
Şəklin alt yazısı, "O həbsxanada bir gün də qalmamalı idi. Onun adına çox sevinirik", İntiqam Əliyevin oğlu Necmin Kamilsoy deyir

Əfv sərəncamı əsasında azadlığa çıxan Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu, SMDT rəhbəri Anar Məmmədli də bina qarşısında toplaşanlar arasındadır.

53 yaşlı İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Mart ayında Azərbaycanda prezident İlham Əliyevin Əfv sərəncamı ilə daha 13 nəfər - insan haqları müdafiəçisi, jurnalist və fəallar azad edilib.