İntiqam Əliyevə insan haqları mükafatı təqdim olunub

Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Şəklin mənbəyi, Azad Fikir Universiteti

Şəklin alt yazısı, Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə Avropa Vəkillər Kollegiyası ve Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Ali insan haqları mükafatı verilib.

Cümə axşamı Vyanada təşkilatın illik hesabat toplantısında mükafatı hüquqşünasın oğlu Nəcmin Kamil qəbul edib.

Nəcmin Kamil BBC Azərbaycancaya deyib ki, mükafat İntiqam Əliyevə insan haqları sahəsindəki fəaliyyətinə görə 2 ay bundan əvvəl Brüsseldə təqdim olunmalı imiş, amma Fransada baş verən hücumlardan sonra təqdimetmə gecikib.

"Mükafatı qəbul edərkən iştirakçılara Azərbaycanda siyasi məhbuslara və çətin şəraitdə fəaliyyət göstərən vəkillərə dəstək istədim", deyən Nəcmin Kamil İntiqam Əliyevin məktubunu da oxuduğunu əlavə edib.

İntiqam Əliyev daha öncə "People in Need" təşkilatının, Norveç Helsinki Komitəsinin və Beynəlxalq Vəkillər Kollegiyasının mükafatlarına da layiq görülüb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.

Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.