İntiqam Əliyev "azadlığa buraxıla bilər"

İntiqam Əliyev azadlığa çıxa bilər.

Şəklin mənbəyi, Azad Fikir Universiteti

Şəklin alt yazısı, İntiqam Əliyev dörd gündən sonra azadlığa çıxa bilər

Hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev dörd gündən sonra azadlığa buraxıla bilər, vəkil Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə baş prokuror Zakir Qaralov, hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Cavad Cavadov Ali Məhkəmənin Plenumun iclasında cəza hökmünün ləğv olunaraq İntiqam Əliyevin azadlığa buraxılacağını da istisna etmir.

Kassasiya protestinə martın 28-də, Ali Məhkəmədə baxılacaq.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.

Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.