Azərbaycanda vətəndaş cəmiyyətinə repressiyalar davam edir

Azərbaycanda son həftələrdə vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin növbəti dalğasında hüquqşünas İntiqam Əliyev saxlanılıb, jurnalist hüquqlarını müdafiə təşkilatının isə mühasirəyə alınmasına dair xəbərlər var.
İntiqam Əliyev rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyəti qeyri-hökümət təşkilatının ofisində axtarışdan sonra məhkəməyə aparılıb və prokurorluq işçiləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisinə daxil ola bilib, BBC Azərbaycanca öyrənib.
Bundan əvvəl insan haqları kampaniyaçısı Rəsul Cəfərov, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus həbs olunublar. Jurnalist Xədicə İsmayılovanın məlumatına görə, bu üç şəxs siyasi məhbuslar siyahısı və hesabatı üzərində işləyirdi.
"Siyahı üzərində işləyən işçi qrupa vəkillər və 12 təşkilat daxil idi", jurnalist Facebook səhifəsində yazıb. "Mən media təmsilçisi olaraq, prosesi başdan sona izləmişəm".
Axtarış və məhkəmə
Ofisində axtarış olan İntiqam Əliyev üç maddə ilə - vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilir, vəkil Cavad Cavadov deyib.
Cənab Əliyev Nəsimi Rayon Məhkəməsinə gedərkən jurnalistlərə deyib ki, başına gələnlər "siyasi sifariş"dir.
"Mən həbs edilən digər heç bir məhbusdan artıq deyiləm. Özünüzdən muğayat olun, bu, siyasi sifarişdir", BBC Azərbaycancanın müxbiri Nailə Abdiyeva cənab Əliyevin sözlərindən sitat verib.
Axtarışla bağlı vəkil Cavad Cavadov BBC Azərbaycancaya deyib ki, axtarış zamanı ofisdən sənədlər və kompüterlər götürülüb.
"Hazırda içəridə Baş Prokurorluğun müstəntiqləri axtarış aparır. İntiqam müəllimin özünü də bura gətiriblər və axtarışda o da vəkillə iştirak edir", Demokratik Təsisatlar İnstitutunun rəhbəri Akif Qurbanov BBC Azərbaycancaya deyib.
Hüquqşünasın qızı Nərmin Əliyeva BBC Azərbaycancaya deyib ki, atası cümə günü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılıb.
"Telefonlarına zəng çatmır. Bildiyimizə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılıb", o deyib.
Nərmin Əliyeva əlavə edib ki, atası cümə günü həmin İdarəyə ifadə verməyə çağırılıb.
"Hazırda evimizdə axtarış gedir,", o qeyd edib.

Şəklin mənbəyi, Ramin Deko
Bir həftə öncə Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən Hüquq Maarifçiliyi Cəmiyyətində yoxlama aparılıb. İntiqam Əliyev 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir.
Hüquq müdafiə fəaliyyəti ilə məşğul olan hüquqşünas, həm də bir neçə beynəlxalq təşkilatın qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir.
Avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş "qanun pozuntuları faktlarına" dair "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə cinayət işi başlanıldığı bildirib.
RATİ-nin ofisi
Baş Prokurorluğun müstəntiqləri bank hesabına həbs qoyulan təşkilatlardan biri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisinin ikinci mərtəbəsinə daxil olub, Turan agentliyi bildirir.
Cümə səhərindən bəri RATİ ofisinin binasının ətrafı polis tərəfindən mühasirəyə alınıb. Müstəntiqləri ofisin ikinci mərtəbəsinə ofisin nümayəndələrindən biri buraxıb, agentlik bildirir.
Səhərdən bəri içəridə qalan işçilər isə ofisin birinci mərtəbəsinə düşüb. Turan agentliyi qurumun sənədləri və texnikasının da birinci mərtəbəyə düşürüldüyünü qeyd edib.
Bundan əvvəl, müstəntiqlər işçilərdən qapını açmağı tələb edib.
"Ofis sahə müvəkkili və 5-6 nəfər mülki geyimli tərəfindən mühasirəyə alınıb" RATİ-nin hüquqşünası Günay İsmayılova səhər BBC Azərbaycancaya bildirib.
İki gün əvvəl RATİ-nin yaradıcısı Emin Hüseynova ölkədən çıxmaq qadağan edilib və qurumun bank hesabına həbs qoyulub.

Rəsul Cəfərov həbsdə qaldı
Cümə günü həmçinin üç aylıq həbs edilən İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun appelyasiya məhkəməsi keçirilib.
Məhkəmə hüquq müdafiəçisi Rəsul Cəfərov barədə 3 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb, vəkil Fariz Namazlı bildirib.
Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə <link type="page"><caption> ittiham olunub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140802_rasul_jafarov_halid_bagirov.shtml" platform="highweb"/></link>.
O, "6 min manatdan çox məbləği mənimsəməkdə" şübhəli bilinir. Rəsul Cəfərov bu ittihamları onun ictimai fəaliyyəti ilə əlaqələndirir.
Hüquq müdafiəçisi <link type="page"><caption> Leyla Yunus</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140730_leyla_yunus.shtml" platform="highweb"/></link> və onun həyat yoldaşı <link type="page"><caption> Arif Yunus</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140805_arif_yunus_arrest.shtml" platform="highweb"/></link> isə, əsasən "dövlətə xəyanətdə" ittiham edilərək hər biri üç aylıq həbs edilib.
Avqustun 5-də "dövlətə xəyanət" və "dələduzluq" maddələri ilə ittiham olunan konfliktoloq Arif Yunus barədə həbs qətimkan tədbiri seçilib. Bundan əvvəl, iyulun 30-dan bəri o, polis nəzarətində idi. Onun həbsini hakimiyyət haqqında tətbiq edilən "komendant saatı"na əməl etməməsi ilə əlaqələndirib.
Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus isə iyulun 30-da dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılıb və məhkəmənin hökmü ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.




