İlham Əliyev: "Müraciət edin, iş yerləri olacaq"

"2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”, prezident bildirib.

Şəklin mənbəyi, azertag.az

Şəklin alt yazısı, "2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”, prezident bildirib.

Şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalı və iş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər, Azərbaycan prezidenti İlham Əliyev deyib.

"İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər", - APA Prezidentdən sitat gətirir.

"Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır", Prezident bildirib.

Çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən prezident bildirib ki, ötən il çətin olsa da, "biz inamla inkişaf edəcəyik".

Eyni konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlində tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb.

İlham Əliyev qeyd edib ki, qeyri-neft sənayesində 8,4 faiz, kənd təsərrüfatında isə 6,4 faiz artım olub. Onun sözlərinə görə, bu il yeni iş yerləri, müəssisələrin yaradılmasına çalışılmalıdır.

"2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”, prezident bildirib.

"Cəzalandırılacaqlar"

Cənab Əliyev korrupsiya ilə bağlı danışaraq, onu "bütün ölkələr üçün böyük bəla" adlandırıb.

"Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur", - o deyib.

Prezident onu da vurğulayıb ki, hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir və dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar.

"Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər", o bildirib.

Özəlləşdirmə, xarici investisiyalar

Cənab Əliyev Azərbaycanda genişmiqyaslı özəlləşdirmələrin həyəta keçirilməsinin vacibliyindən də danışıb.

"...elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır. Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”, o deyib.

Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz, prezident vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. O deyib ki, xarici investisiyanın qeyri-neft sektoruna cəlb edilməsinə çalışılmalıdır.