Siyəzən sakini: "Saxlanılanlardan xəbərsizik"

Şəklin mənbəyi, Meydan TV
Kütləvi çıxışların baş verdiyi Siyəzənin mərkəzi küçələrinə Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri nəzarət edir, sakinlər deyir.
BBC Azərbaycancaya danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyəzən rayon təşkilatının sədri Gündüz Dadaşovun bildirdiyinə görə, hazırda rayonda "sakitlikdir".
"Küçələrdə az insan var, polis onları bir yerə toplaşmağa qoymur", o deyir.
Cənab Dadaşovun sözlərinə görə, saxlanılanların Bakıya aparıldığı deyilir və sakinlər bu barədə narahatdır. O həm də iddia edir ki, dünən axşam rayona yeni DİN qüvvələri yeridilib və saxlanılanların sayı rəsmilərin dediyi 55 nəfərdən daha çoxdur.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə yeridilən yeni qüvvələr barədə məlumatı "yalan" adlandırıb.
"Orda nə var ki, yeni qüvvələr yeridilsin", o sual edib.
Sakinlər toqquşmalar zamanı hər iki tərəfdən yaralıların olduğunu desə də Siyəzən Mərkəzi rayon xəstəxanasından BBC Azərbaycancaya verilən məlumata görə, son iki gündə "xəstəxanaya heç kimi gətirməyiblər".
Siyəzəndə kütləvi etirazlar yanvarın 12-dən başlayıb. Sakinlər əsas tələblərinin sosial problemlərin və işsizliyin həlli olduğunu deyir.
Siyəzən rayonundan millət vəkili seçilmiş Tahir Süleymanov isə baş verən etirazın qiymət artımı və kütləvi işdən ixtisar olmalar ilə heç bir əlaqəsi olmadığını bildirib.
Onun sözlərinə görə, hadisə "sırf AXCP-nin orada törətdiyi təxribat"dır.
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli bu iddiaları rədd edib və aksiyaların partiya tərəfindən təşkilini təkzib edib, "AXCP mitinqlərini xəlvət keçirmir" o deyib. O etirazları "xalqın mitinqləri" adlandırıb.
"Ağsaqqallarla görüş"
Millət vəkili APA-ya açıqlamasında rayonda unun qiymətinin qalxmadığını və sakinlərin də bununla bağlı heç bir narazılığının olmadığını da qeyd edib.
Tahir Süleymanov deyib ki, yanvarın 12-dən Siyəzəndədir və orada ağsaqqallarla "görüşüb, məsələni aydınlaşdırıb".
"Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat yaramaq istədilər ki, hazırda onlar saxlanılıblar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və həmin şəxslər tərəfindən öyrədiliblər", millət vəkili deyib.
Etiraz aksiyaları ilə bağlı çərşənbə günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılan Müsavat Partiyasının başqanı Arif Hacılı isə partiyanın aksiyaların təşkilində iştirakı olmadığını bildirib.
“Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”, o bildirib.
Çərşənbə günü Siyəzən rayonuna Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri yeridilib. BBC Azərbaycancaya danışan rayon sakininin sözlərinə görə, saxlanılanlar var və DİN qüvvələrilə aksiya iştirakçıları arasında "toqquşmalar" baş verib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, etirazlarda 55 nəfərin saxlanıldığını bildirib. Məlumata görə, aksiya iştirakçıları ictimai qaydanı "kobud surətdə pozub", xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.
Çərşənbə axşamından başlayaraq Azərbaycanın müxtəlif bölgələrində qiymət artımı və işsizliyə qarşı etirazlar başlayıb.
Siyəzən, Füzuli, Ağcabədi, Ağsu, Lənkəran kimi bölgələrdə əhali problemlərini ifadə ediblər.




