Azərbaycanın bir neçə bölgəsində etiraz aksiyası keçirilib

Şəklin mənbəyi, APA
Çərşənbə axşamı Azərbaycanın bir neçə bölgəsində etiraz aksiyaları keçirilib. Siyəzən, Lənkəran, Ağcabədi, Füzuli, Beyləqan kimi bölgələrdə sakinlərin əsasən işsizliyə və qiymət artımına etiraz etdiyi bildirilir.
Siyəzən və Lənkəran icra hakimiyyətləri aksiyaların baş tutduğunu təsdiqləsə də, digər rayonlarda baş verənlər barədə rəsmi məlumat almaq mümkün olmayıb.
Ağcabədi rayon sakini BBC Azərbaycancaya deyib ki, rayonun sakinlərindən biri intihar etmək üçün dama çıxıb.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov aksiyalara süni qiymət artımı və dollar ajiotajının səbəb olduğunu deyib.
Siyəzən
Siyəzən rayonunun icra hakiminin müavini Zəfər Əliyev bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər.
"Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər", APA-nın məlumatına görə, icra hakimiyyəti nümayəndəsi deyib.
Cənab Əliyev onu da deyib ki, icra başçısı Asif Hüseynov vətəndaşları qəbul edib.
Vətəndaşlar, həmçinin Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyib. Görüşün "çərşənbə günü keçirilməsi planlaşdırılıb", - Zəfər Əliyev bildirib.
Lənkəran
Lənkəran rayonunun Liman şəhərində keçirilən aksiyada isə vətəndaşlar Ələt-Astara yolunu bağlamağa cəhd edib, rayon İcra hakimiyyəti məlumat verib.
Məlumata əsasən, aksiyada "100-ə yaxın" sakin iştirak edib və hadisə yerinə polis qüvvələri və rayon icra hakimiyyətinin rəsmiləri gəlib.
"Hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”, Lənkəran şəhər İcra Hakimiyyəti APA-ya məlumat verib.
BBC Azərbaycancaya danışan Lənkəran sakini isə bildirib ki, insanların aksiya keçirməsinə "polis imkan verməyib".
Ağcabədi
Aksiyalardan birinin də Ağcabədi şəhərində baş tutduğu bildirilir.
Müsavat partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli BBC Azərbaycancaya deyib ki, şəhərin mərkəzinə yaxın ərazidə yerləşən qaçqın şəhərciyində bir sakin intihar etmək üçün binanın damına çıxıb. O, "dolanşıqdan şikayət edib və vəziyyətinin çətin olduğunu" bildirib.
"Orada 200-ə yaxın adam var idi, tədricən toplaşmışdılar. Ortaq şüar yox idi, hərə öz probleminə etiraz edirdi", cənab Nəcəfli deyib.
Onun sözlərinə görə, etirazçılar arasında həm ağcabədililər, həm də məcburi köçkünlər olub. Onlardan bir qismi işsizliyə, digərləri isə aldıqları "maaşlardan tutulmalara" etiraz edib.
Rəşid Nəcəfli deyib ki, etirazçılar Ağcabədi-Ağdam magistral yolunu bağlayıblar. Sonradan əraziyə polis və icra hakimiyyəti nümayəndələri gəlib.
"Ciddi qarşıdurma olmadı. Sakinlər deyirlər ki, onlara vədlər verildi. İntihar etmək istəyən şəxslə də icra hakimiyyəti nümayəndələri görüşüb", cənab Nəcəfli qeyd edib.
Ağcabədi şəhərində baş tutan hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Beyləqan, Füzuli rayonlarında da etiraz aksiyalarının keçirildiyi bildirilsə də, bu məlumatı təsdiqləmək mümkün olmayıb.
"Süni qiymətlərə ciddi nəzarət"
Milli Məclisin deputatı Siyavuş Novruzov isə etiraz aksiyalarına süni qiymət artımının səbəb olduğu fikrindədir.
Azərbaycanda istehsal olunan məhsulların qiymətinin qaxmasını mümkünsüz sayan cənab Novruzov, xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər ola biləcəyini deyir. Amma o, daxili bazarda qiymətə ciddi nəzarətin vacibliyini də vurğulayır.
"Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları və İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir", - APA-ya açıqlamasında millət vəkili süni qiymət artımı, süni dollar ajiotajının etiraza səbəb olduğunu da bildirib.
Mərkəzi Bank ötən il dekabrın 21-də manatın üzən məzənnə rejiminə keçdiyini elan edib. Bundan sonra manat dəyərini kəskin itirib.
Əhali bazar və marketlərdə qiymətlərin artımından narahatlıq ifadə ediblər. Ekspertlər isə 2016-cı ilin Azərbaycan iqtisadiyyatı üçün ağır il olacağını proqnozlaşdırır.




