Bölgələrdə etirazlar: Siyəzəndə "55 nəfər saxlanılıb"
Siyəzəndə iki gündür baş tutan kütləvi etirazlarda 55 nəfər saxlanıb, hökumət deyir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olub və bununla bağlı cinayət işi başlanılıb.
Siyəzən rayonunda iki gündür, kütləvi çıxışlar baş verir və sakinlər əsas tələblərinin sosial problemlərin və işsizliyin həlli olduğunu deyir.
Çərşənbə günü rayona Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri yeridilib. BBC Azərbaycancaya danışan rayon sakininin sözlərinə görə, saxlanılanlar var və DİN qüvvələrilə aksiya iştirakçıları arasında "toqquşmalar" baş verib.
Baş prokurorluq və DİN-in birgə məlumatında bildirilir ki, 12-13 yanvarda Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib. Məlumata görə, aksiya iştirakçıları ictimai qaydanı "kobud surətdə pozub", xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.

Şəklin mənbəyi, Meydan Tv
"Onlara (polisə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib", məlumatda deyilir.
Müsavat və AXCP
Etiraz aksiyaları ilə bağlı çərşənbə günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılan Müsavat Partiyasının başqanı Arif Hacılı isə partiyanın aksiyaların təşkilində iştirakı olmadığını bildirib.
“Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”, o bildirib.
Daha öncə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyəzən rayon təşkilatının sədri Gündüz Dadaşovun bildirdiyinə görə, aksiyada "minlərlə insan iştirak edir".
Sədrin sözlərinə görə, xüsusi qüvvələrlə sakinlər arasında "toqquşmalar baş verib" və sakinlərə qarşı "gözyaşardıcı qazdan" istifadə edilib. O deyib ki, hər iki tərəfdən "xəsarət alanlar" var.
Siyəzən Rayon Mərkəzi Poliklinikasından BBC Azərbaycancaya verilən məlumata görə, bir neçə həkim briqadası hadisə yerində xəsarət alanlara yardım etmək üçün səhər saatlarından hadisə yerinə yollanıb.
Siyəzən rayonunun İcra Hakimiyyəti isə rayonda sabitliyin "təmin olunduğunu" bildirib. İcra orqanı keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan məlumatları təkzib edib.
Rayonun icra başçısının müavini Zəfər Əliyev isə APA-ya açıqlamasında deyib ki, ölən və yaralananların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”, o bildirib.
APA agentliyi AXCP və Müsavat Partiyası Lənkəran təşkilatlarının sədrlərinin 30 sutkalıq həbs olunduğunu xəbər verir. Nazim Həsənli və İmanverdi Əliyev qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən çıxışa qatılmaqda ittiham olunurlar.
Agentlik həmçinin bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Arif Hacılıya xəbərdarlıq edilib.
Füzuli
Yerli mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Füzuli rayonunun Bala Bəhmənli kəndində də sakinlər bahalaşmaya görə etiraz aksiyası keçirib. Yayılmış video görüntülərdə ərazidə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini görmək olar. Video görüntülərin nə vaxt çəkildiyini təsdiqləmək hələ ki, mümkün olmayıb.
"Acından gəlmişik bura... Biz qanunu pozmuruq, biz yaşaya bilmirik...", yayılmış video görüntüdə sakinlərdən birinin bunları dediyini eşitmək olar.

Şəklin mənbəyi, Meydan Tv
Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov Füzulidə baş verən etiraz aksiyasına qiymət artımının səbəb olduğunu təsdiqləyib.
Rayon icra hakimiyyəti rəhbərliyinin "sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb, saxlanılan və xəsarət alan olmayıb", APA cənab Aslanovdan sitat gətirir.
Ağcabədi

Şəklin mənbəyi, Azadliq Radiosu
Bahalaşma və işsizlik Hindarx kəndində də etirazlara səbəb olduğu bildirilir. Kənd sakini Vüqar Əliyevin BBC Azərbaycancaya verdiyi məlumata görə günorta saatlarında 200-ə yaxın sakin bir araya gələrək Ağdaş-Bərdə yolunu bağlayıblar.
"Əraziyə 100-ə yaxın çevik polis alayı, yol polisi və prokurorluq əməkdaşı, maskalı adamlar gəldi. Əhalini dağıtdılar. Sonra da icra başçısı Şahin Məmmədov gəldi ki, bəs kimin sözü var gəlsin danışaq", sakin deyir.
Görüş kənddə yerləşən stadionda keçirilib. BBC Azərbaycancaya verilən məlumata görə, kəndlilər öz sosial problemlərini, qarşılaşdığı çətinliklər haqqında məlumat verib. Görüşün sonunda icra başçısı onlara problemin həlli ilə bağlı vədlər verərək insanaları sakitləşdirib, sakinlər deyir.
Ağsu
Yayılmış digər məlumatda Ağsu rayonunda da aksiya keçirildiyi bildirilsə də, rayon İcra Hakimiyyəti bu məlumatın doğru olmadığını bildirib.
İcra başçısının birinci müavini Rasim Novruzov deyib ki, bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib və burada icra başçısı tərəfindən qəbul edilib.

Şəklin mənbəyi, APA
Çərşənbə axşamı Azərbaycanın Siyəzən, Lənkəran, Ağcabədi, Füzuli, Beyləqan kimi bölgələrində etiraz aksiyaları keçirildiyi və sakinlərin əsasən işsizliyə və qiymət artımına etiraz etdiyi bildirilir.
Deputatlar nə deyir?
Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova hadisə ilə bağlı rayondakı müvafiq qurum rəhbərləri, əhalinin müxtəlif təbəqə nümayəndələri ilə əlaqə saxladığını deyir.
Onun sözlərinə görə, sakinlərin şikayəti bahalaşma, xüsusilə də unun qiymət artımı ilə bağlı olub və problemlər onları “qane edəcək səviyyədə” həll olunub.
“Çörək və un istehsalı hamı bilir ki, Azərbaycanda müəyyən şirkətlərin fəaliyyət sahəsinə aiddir və o məsələ (qiymət artımı) bir müddətdir dövlət tərəfindən sərbəst buraxılıb. Müvafiq qurumlar, şirkət rəhbərləri ilə danışıqlar apardıq. İndi hər kəs öz öhdəsinə düşən funksiyanı görməklə məşğuldur”, millət vəkili BBC Azərbaycancaya bildirib.
Millət vəkili seçicilərlə görüşməyin onların fəaliyyətinin əsas hissəsi olduğunu desə də, sakinlərin problemlərini bilmək üçün mütləq rayona ezam olunub bilavasitə onları dinləməyə ehtiyac olmadığını düşünür.
“Dünya elektron hökumətlə idarə edilir. Əsas problemin həlinə çalışmaq lazımdır. Mən də ona çalışıram. Milli məclisdə seçicilərlə müntəzəm görüşürəm”, millət vəkili qeyd edib.
Ağcabədi-Füzuli rayon seçki dairəsindən seçilən millət vəkili Aqil Abbas sakinlərlə danışmaq üçün sabah Ağcabədiyə yola düşəcəyini deyir.
“Birinci Ağcabədiyə gedəcəm və orda kəndləri gəzib camaatla görüşəcəm. Ordan ola bilsin ki, gedib Füzuliyə də dəydim”, o əlavə edir.
Lənkəran şəhərindən seçilən millət vəkili Rüfət Quliyev isə bu günə qədər sakinlərin hər hansı bir problemlə bağlı onlara müraciət etmədiyini bildirir. Onun sözlərinə görə, bu dəfəki etiraza səbəb “əhalinin kommunal xərcləri ödəmə çətinliyi ilə bağlı olub” və məsələ bir saat ərzində "həllini tapıb".
“Müvafiq olaraq həmin kommunal qurumların rəhbərləri sakinlərlə görüşüb və deyiblər ki, nə vaxt vəsaitləri olacaq onda da hissə-hissə ödəyib borclarını bağlayacaqlar”, millət vəkili tərəflərin kompromisə gəldiyini və hazırda rayonda sakitliyin hökm sürdüyünü də vurğulayıb.




