Azərbaycan mətbuatı: "Dörd bölgədə xalq etiraz etməyə başlayıb"

Şəklin mənbəyi, Getty

"Azadlıq": Dörd bölgədə xalq etiraz etməyə başlayıb

"Yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.

Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər. Aksiya iştirakçılarından biri Azadlıq Radiosuna deyib ki, artıq yaşaya bilmirlər: "Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub".

Məlumatlara görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri cəlb olunub."

Siyəzəndə isə bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın qeyri-mümkün olduğunu bildiriblər.

"Daha bir etiraz aksiyası da Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya etiraz ediblər. Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.

...Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər".

"Azadlıq": İri ticarət və iaşə şəbəkələri sıradan çıxır

"Ölkədə maliyyə böhranı dərinləşdikcə iri ticarət və iaşə şəbəkələri də bir-birinin ardınca sıradan çıxır. Bir neçə gün əvvəl “Baku Elektroniks”in paytaxtda fəaliyyət göstərən 2 böyük mağazası bağlandı. Dünən isə ölkənin telekommunikasiya məhsullarının satış bazarında liderlik edən “Inteqral”ın Bakıda üç mağazası bağlanıb." Mağazaların işçilərininsə ixtisar olunduğu bildirilir.

Mobil qurğular və rabitə xidmətlərinin topdan və pərakəndə satışını həyata keçirən şirkət fəaliyyətə başlayarkən Bakı, Gəncə, Sumqayıt şəhərləri və respublikanın təxminən 50 regionunu əhatə edib.

“Maqnit” mağazalar şəbəkəsininsə 5 mağazası bağlanıb. Bundan başqa “Çudo Peçka”nın bir neçə mağazasının fəaliyyətini dayandırdığı barədə məlumat var.

"“Azadlıq”a daxil olan digər məlumatda isə bildirilir ki, bəzi iri xidmət sahələri və ticarət mərkəzlərində isə ixtisarlara başlayıb. Lakin ixtisarlarla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ona görə də növbəti aylarda daha bir neçə iri xidmət sahələri və ticarət mərkəzləri fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq”.

"Azərbaycan": Dörd ölkəyə yeni səfirlər təyin edilib

Yanvarın 12-də Prezident İlham Əliyev Məmməd Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, Murad Nəcəfbəylinin Estoniya Respublikasında, Daşqın Şikarovun Birləşmiş Ərəb Əmirliklərində, Nərgiz Qurbanovanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncamlar imzalayıb.

"Yeni Müsavat": Valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv olundu: 6 min iş yeri bağlandı

Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlanıb.

"...Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.

Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.

"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib."