Bazarlarda qiymət artımı sünidirmi?

- Müəllif, Elnarə Məmmədova
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Ötən ilin dekabr ayından başlayaraq manatın dəyərinin kəskin azalması ilə Azərbaycan bazarlarında qiymət artımı müşahidə olunur.
Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin belə surətlə artması əhali arasında narazılığa səbəb olub.
İqtisadi təhlilçilərin fikrinə görə, hətta yerli malların belə qiymət artımı "gözləniləndir".
Dövlət orqanları qiymətlərin "süni artırıldığını və buna qarşı mübarizə aparıldığını" desə də, BBC Azərbaycancaya danışan sakinlər hələ də qiymət artımından şikayətçidir.
Yeni ildən sonra...
“Həmişə 40 qəpiyə aldığım soğanı keçən həftə yarmarkadan 80 qəpiyə aldım. Kartof 60 qəpiyə idi, indi 1 manat 10 qəpiyə aldım”, 28 May yaxınlığında yerləşən mağazadan alış-veriş edən alıcı bahalaşan yerli məhsulların qiyməti barədə, oradakı mağazalardan birinin qarşısında BBC müxbirinə nəql edir.
Xaricdən gələn mallarla yanaşı, yerli məhsulu almaq üçün də çox pul xərclədiyini deyərkən pərişan görünən alıcı qadın, qiyməti 3.35 manat və yerli istehsal məhsulu olan qarğıdalı yağını göstərib “əvvəllər 2.70 manata alırdıq bunu” deyib köks ötürür.
“Göyərtini də dollarla əkib becərirlər?” deyə alıcı 20 qəpiyə aldığı dəstədəki göyərti sayının kəskin azaldılmasından gileylənir.
Supermarketdə digər bir alıcının narazılığına səbəb 10 ədədini 63 qəpiyə aldığı lavaşın indi ona 80 qəpiyə təklif olunmasıdır. “Yeni il ərəfəsində köhnə qiymətə idi, bunu yeni ildən sonra artırıblar”, - alıcı deyir.
28 Mayda yerləşən topdan satış mərkəzindən 15 AZN ödədiyi bir kisə yerli una indi 30 AZN vermək məcburiyyətində qalan alıcı isə "daha məhsul alanda hirsimdən qiymətinə də baxmıram", deyir. O, bahalaşma ilə mübarizənin yolunu “soyuqqanlı olmaqda” görür.
Yerli məhsulları satışa çıxaran iri şirkətlər hələ ötən ay qiymət artımını dolların manata nəzərən bahalaşması ilə əlaqələndirmişdi.
Bazar günü Nazirlər Kabinetinin növbəti iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkədə istehsal olunan yerli məhsulların qiymətini “süni” artıranları <link type="page"><caption> “işbaz” və “natəmiz insan” adlandıraraq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160110_aliyev_cab_min.shtml" platform="highweb"/></link> prokurorluq orqanlarını bu məsələ ilə "çox ciddi məşğul olmağa" çağırıb.

Xarici bazardan “asılı olan” yerli istehsal
Mütəxəssislərin sözlərinə görə, yerli məhsullardakı qiymət artımı “gözləniləndir”. Ekspert Vahid Məhərrəmov bunun səbəbini ölkə əhalisinin ehtiyacını ödəyən 50 faiz yerli istehsalın əsas komponentlərinin - xammal, avadanlıq və digər vasitələr - xaricdən gətirilməsi ilə izah edir.
<italic>Həmçinin oxuyun: <link type="page"><caption> "Ucuz neft və dəyəri düşən valyuta ölkəsində bahalı idman yarışları"</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160107_formula1_costs" platform="highweb"/></link></italic>
Ekspert Azərbaycanın nə kənd təsərrüfatı, nə də ərzaq məhsullarını 100 faiz özü istehsal etdiyini deyir.
“Deyirlər şəkər tozu yerli məhsuldur. Ancaq baxın, şəkərin 97 faiz xammalı xaricdən gətirilir. Bitki yağı ölkədə istehsal olunur: xammalın demək olar ki, 100 faizi xaricdən gətirilir. Çay istehsalı: xammalın 95 faizi xaricdən gətirlir. Il ərzində 8000 ton xaricdən gətiririk, 500 ton isə Azərbaycanda istehsal edirik”, o bildirir.
İqtisadçı ekspert Azər Mehdiyevə görə, sahibkarların xammalı xaricdən almağa üstünlük verməsinin səbəbi ölkədə istehsal olunan xammalın "inhisarçı qiymətə" satılması ilə bağlıdır. Nəticədə ölkə daxilində istehsal olunan məhsulun maya dəyəri xaricdən gətirilən analoji məhsulun satış qiymətindən yüksək olur.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat katibi Murtuzəli Hacıyev isə bəyan edir ki, yerli istehsal bu gün kənd təsərrüfatının bir çox sahələrində tələbatı təmin edir. Bu məsələdə meyvə-tərəvəzin payı 100 faiz, taxıl, ərzaq buğdasında tələbat isə 75 faiz təşkil edir. Bu məhsulların istehsalı üçün lazım olan bütün xammal da ölkə daxilində yerli məhsullarla təmin olunur.

“Gözdən pərdə asmaq”
Ekspert Vahid Məhərrəmov bu fikirdədir ki, istehsalının hətta böyük hissəsini yerli xammalla həyata keçirən fermer və ya sahibkarlar belə tezliklə məhsullarının qiymətini artırmağa məcbur olacaqlar.
"Gündəlik xərclərin artması fonunda ola bilməz ki, mal əti satan fermer məhsulu həmişəki kimi 5-6 manata təklif etsin və gedib sonra bazarda 8 manatdan 11 manata bahalaşan kərə yağını alıb normal yaşasın”, ekspert bəzi yerli məhsulların qiymət artımının onun maya dəyəri ilə deyil, fermer və ya sahibkarın öz xərclərinin artmasından qaynaqlandığını da istisna etmir.
Ötən ilin sonunda İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edilməsi hallarına qarşı "qanunvericiliyə uyğun tədbirlər görəcək".
Qurumun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə aparılan mübarizədə qanun pozuntusuna yol verən şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

İqtisadçı ekspert Azər Mehdiyev isə bu cür xəbərdarlıq və yoxlamaların “gözdən pərdə asmaq” üçün edildiyi qənaətindədir.
“Azərbaycanda yerli istehsalın səviyyəsini müəyyən etmək çox çətindir. Ona görə də prezidentin verdiyi tapşırığa əsasən hökümət bu məsləni ya həll edə bilməyəcək ya da cəmiyyətdə hökumətin suni qiymət artımı ilə mübarizə aparması haqqında fikir yaratmaq üçün ayrı-ayrı təşkilatları cərimə edəcək”, ekspert bu addımın yerli istehsalı daha da məhdudlaşdırmasına gətirib çıxaracağını istisna etmir.
Ötən ilin dekabr ayının ortalarında manatın dollara nisbətdə 47 faizdən çox ucuzlaşmasından sonra bazarda ərzaq məhsullarının qiyməmətində kəskin artım müşahidə olunur. Eyni məhsular müxtəlif marketlərdə fərqli qiymətlərə təklif olunur. Artım yerli məhsullara da təsir edib.



