ATƏT: Azərbaycanda parlament seçkilərinin müşahidə missiyası ləğv edilir

Şəklin mənbəyi, OSCE

Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlər, parlament seçkilərinin müşahidə missiyasının ləğv edilməsi məcburiyyətini yaradır, ATƏT direktoru Michael Georg Link bildirib.

Cənab Linkin sözlərinə görə, Azərbaycan hökumətinin tətbiq etdiyi məhdudiyyətlərin ardından ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi (ODİHR), noyabrın birində keçirilməsi planlaşdırılan parlament seçkilərini müşahidə missiyasını ləğv etməyə məcbur olub.

“Seçkilərdə iştirakı planlaşdırılan bir çox müşahidəçiyə tətbiq edilən məhdudiyyət, missiyanın effektli və etibarlı seçki müşahidəsini mümkünsüz edir,” ODİHR direktoru bildirib.

ATƏT-in internet saytında yazılıb ki, Azərbaycan, ATƏT-ə üzv bütün ölkələr kimi, seçkilərin müşahidəsi üçün beynəlxalq müşahidəçiləri dəvət etməyə məsuliyyət daşıyır.

Saytda həmçinin deyilir ki, avqustun 31-də Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi, Azərbaycanın yalnız 6 uzun müddətli və 125 nəfərə qədər qısa müddətli ODİHR müşahidəçilərinin işinə şərait yaradacağını bildirib.

Azərbaycan, Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair sazişin müzakirəsi üçün Avropa İttifaqı Komissiyası heyətinin gələn həftə Azərbaycana nəzərdə tutulan səfərini də təxirə salıb.

Bu qərar, Avropa Parlamentinin cümə axşamı günü qəbul etdiyi və Azərbaycan rəsmilərinə qarşı sanksiyalara çağıran qətnamənin ardından verilib.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, "anti-Azərbaycan və anti-İslam meyllərinin güclü olduğu Avropa İttifaqı ilə əlaqələr yenidən nəzərdən keçirilməlidir".