Azərbaycan Avropa İttifaqı heyətinin Bakıya səfərini təxirə salıb

Şəklin mənbəyi, AP
Azərbaycan Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair sazişin müzakirəsi üçün Avropa İttifaqı Komissiyası heyətinin gələn həftə Azərbaycana nəzərdə tutulan səfərini təxirə salıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Bu qərar, Avropa Parlamentinin cümə axşamı günü qəbul etdiyi və Azərbaycan rəsmilərinə qarşı sanksiyalara çağıran qətnamədən verilib.
Məlumatda o da qeyd olunur ki, "anti-Azərbaycan və anti-İslam meyllərinin güclü olduğu Avropa İttifaqı ilə əlaqələr yenidən nəzərdən keçirilməlidir".
Bundan əvvəl isə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Marda Xarici İşlər Nazirliyinə çağrılıb.
"Qınayırıq"
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılır.
Rəsmi Bakı Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməni "kəskin şəkildə qınadığını" bildirib.
"Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır", - Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Malena Marda çatdırdığı rəsmi bəyanatda deyilir.
"Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz".
Ötən gün Avropa Parlamenti Azərbaycana dair qəbul etdiyi qətnamədə "bütün siyasi məhbusların, insan haqları müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının dərhal və şərtsiz azadlığa buraxılmasına" çağırıb.
XİN-ə çağrılmazdan əvvəl Malena Mardla Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.
"Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb", - APA görüşdə nazirin dediklərindən sitat gətirib.
Qətnamə
Qətnamədə xüsusilə Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunusun adları çəkilir, jurnalist Rasim Əliyevin ölümünün "sürətlə" araşdırılması tələb olunur.
Bu qətnamənin lehinə 365, əleyhinə 202 parlament üzvü səs verib. 72 parlament üzvü isə səs verməyib.
Səsvermədən öncə keçirilən müzakirələrdə çıxış edən parlament üzvlərinin demək olar ki, hamısı Azərbaycanda insan haqları vəziyyətinin pisləşdiyini qeyd edib. Amma bunu deyən bəzi siyasətçilər belə bir qətnamənin "düzgün addım olmadığını" bildirərək onun əleyhinə səs verəcəklərini bəyan ediblər.
Digərləri daha sərt danışıb: "Bu gün Prezident Əliyevin ölkəsində siyasi məhbusların sayı, Rusiya üstəgəl Belarusdakılardan iki dəfə çoxdur. Prezident insan haqları və beynəlxalq öhdəlikləri vecinə almır. Biz Azərbaycandakıları dəstəkləməliyik və mən partiyamı bu qətnaməni imzalamağa çağırıram".
Bəzi parlamentarilər Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq haqqında Sazişlə bağlı danışıqların dayandırılmasına çağırışlar ediblər.
Qətnamənin əleyhinə çıxış edənlərin bəziləri xüsusilə sənəddəki bu sözləri bəyənməyib: "Hökumət universal insan haqlarına hörməti inkişaf etdirmək üçün konkret addımlar atana qədər, Azərbaycanla Strateji Əməkdaşlıq haqqında Saziş üçün danışıqlar dərhal dayandırılmalıdır".
Bundan başqa, Avropa millət vəkilləri Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. Bunun əleyhinə çıxanlar isə ikili standartlardan şikayət edib. "O zaman niyə Çinlə biznes aparırsınız? Nigeriyadan neft alırsınız?" deyə biri sual edib.
"Bəziləri elə bilir ki, Şərq Tərəfdaşlığı, digər (ölkələrə) ağıl öyrətmək üçün yaradılmış bir yerdir. Təbii ki, bizim Azərbaycanda baş verənlərlə bağlı narahatlıqlarımız var amma gəlin ağıl öyrətməyək - bu, onun üçün deyil".




