#BBCAzeriTrending: “James Bonar – Cəbrayıldan olan azərbaycanlı ingilis”

Şəklin mənbəyi, Meydan TV

Sosial media istifadəçiləri Lider TV-nin, Bakıda keçirilən Avropa Oyunları ərəfəsində turistlərin Azərbaycanla bağlı nə düşündüyünü əks etdirən reportajı çərçivəsində, “Ceyms Bonar” adlı “ingiltərəli turist”in müsahibəsini müzakirə edirlər.

Meydan TV-nin Facebook səhifəsilə paylaşdığı kollajda Lider TV-ə “Ceyms Bonar” adı ilə müsahibə verən gəncin Facebook profili də nümayiş etdirilir. Profildə gəncin Cəbrayıldan olan məcburi köçkün olduğu görünür.

Bu arada isə Lider TV bu müsahibəni Meydan TV tərəfindən qəsdən hazırlanmış təxribat hesab etdiyini deyib.

"James Bonar" haqqında Vikipediada da ayrıca səhifə açılıb. Qısa vaxt ərzində canlı olan səhifədə yazılıb: James Bonar - Cəbrayıldan olan azərbaycanlı ingilis, yaxşı yemək dequstatoru.

Facebook və Twitter şəbəkələrində #JamesBonar həştəqi ilə müxtəlif satirik foto və videolar paylaşılıb, bəziləri öz parodiya videolarını da çəkib.

Facebook istifadəçiləri Wikipediada açılmış "James Bonar - Cəbrayıldan olan azərbaycanlı ingilis" səhifəsinin skrinşotunu paylaşıblar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Facebook istifadəçiləri Wikipediada açılmış "James Bonar - Cəbrayıldan olan azərbaycanlı ingilis" səhifəsinin skrinşotunu paylaşıblar

Blogger Mehman Hüseynovun hazırladığı satirik videoda o, özünü almaniyalı turist kimi təqdim edir və Azərbaycanı tərifləyərək, Almaniya haqqında mənfi fikirlər bildirir.

Sosial mediada həmçinin dünyanın müxtəlif şəhərlərinin qeyd olunduğu Azərbaycan xəritəsi də paylaşılıb. Xəritədə Azərbaycan rayonları, dünyanın böyük şəhəri kimi göstərilir.

@HasaNahid tvitləyib: “Heç olmasa, saxta olsa da, Britaniya aksenti ilə danışmağa çalışardı”.

“Milləti qoun yerinə qoyublar,” Orxan Şamilov yazır.

Orxan Quluzade adlı Facebook istifadəçisi yazır: “Bu ölkə Şimali Koreyanı keçəcək. Daha bundan belə onlara gülmək lazım deyil, özümüz onların günündəyik”.

Sosial mediada dünyanın müxtəlif şəhərlərinin qeyd olunduğu Azərbaycan xəritəsi də paylaşılıb

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Sosial mediada dünyanın müxtəlif şəhərlərinin qeyd olunduğu Azərbaycan xəritəsi də paylaşılıb

Shamo Shamoyev isə yazıb: “Dünyanın ən ağıllı millətiyik e, gör hansı millətin ağlına gələrdi bu!”

“Həqiqətən sözün bitdiyi an... Əsəbin, heyrətin, məyusluğun, utancın susqunluğa məğlubiyyəti bu olsa gərək!” Mansura Q-va adlı Facebook istifadəçisi yazıb.

Alxan Abdullayev yazıb: “Hərdən bu ölkədən olduğuma utanıram, belə şeylər eşitdikcə, gördükcə. Yaxşı ki, yarışda qalib gələnlərimiz var”.

Ayka Buckie adlı istifadəçi isə belə yazıb: “Mən bunu İngiltərədə də görsəm bilərəm ki, azəridir”.

Hüseynov Ferda sual edir: “Görəsən, heç olmasa, açılış mərasimində pianoda ifa eləyən Lady Gaga-nın özü idi?”

Blogger Mehman Hüseynovun hazırladığı satirik videoda o, özünü almaniyalı turist kimi təqdim edir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Blogger Mehman Hüseynovun hazırladığı satirik videoda o, özünü almaniyalı turist kimi təqdim edir

Aida Aysa Adilqızının fikrincə, belə bir səhv işin gərginliyi və jurnalistin təcrübəsizliyi səbəbindən baş verib: “Gərgindir ona görə ki, ölkədə mühüm tədbir keçirilir. Mən jurnalistəm və bilirəm ki, iş çoxdur. Həmişəkindən daha gərgin işləyirik. O jurnalist təcrübəsiz ola bilər. Hamının başına gələ bilər belə şey, təzə işə başlayanda”, deyə o, BBC Azərbaycancanın Facebook səhifəsində yazıb.

Yasemin Tombul: “Vay vay, nə günə qalmışıq biz. 7 ildir vətəndən uzaqdayam, bəzən darıxıram. Amma belə şeyləri görəndə utanıb, yerə girirəm. Bu qədər də yox”.

Lamiye Aliyeva isə belə yazıb: “Kimə desələr danışar. Mən də danışardım. Ölkə istəyəndən sonra nə etmək olar, çalışırıq ölkəmizin adı yaxşı yerlərdə olsun. Bu oğlanda zərrə qədər də günah yoxdur. Günah kanaldadı ki, fərsiz işlərlə məşğuldur. Amma xeyli güldüm”.

“Sabah yolda onu görən kimi hamı ingiliscə danışsın onunla. Ona sual verərsiz ki, Qarabağ haqqında nə bilir?” Ceyhun Huseyni yazır.

Facebookda TV-də yayımlanan müsahibənin Azərbaycan dilinə tərcümə edilməmiş versiyası da yayımlanıb.

Videoda müsahibə verən şəxs, ingiliscə çətinlikə, adının James Bonar olduğunu, Londondan gəldiyini və Azərbaycanda ilk dəfədir ki olduğunu deyir.

O, Azərbaycanın çox gözəl olduğunu deməyə çalışır və buranı çox bəyəndiyini bildirir.

Jurnalistin yeməklərlə bağlı sualına isə, “turist” ingiliscə, “yeməklər çox-çox yaxşıdır,” deyə cavab verir.