#Baku2015 açılış mərasimi sosial mediada: "Möhtəşəm!"

Şəklin mənbəyi, Getty
Avropa Oyunlarının açılış mərasimi başlayan kimi #Baku2015 və oyunlarla bağlı digər həştəqlər on minlərlə dəfə istifadə olunub.
Təkcə #baku2015 ifadəsi son 24 saat ərzində 60 000 dəfədən çox tvitlənilib, #europeangames, #realbaku və #hellobaku kimi həştəqlərlə də on minlərlə tvit göndərilib.
BBC Azərbaycancanın sosial media səhifələrində bölüşülən fikirlərin böyük əksəriyyəti müsbət olub: "Möhtəşəm!" - çoxu yazıb. "Azərbaycan öz tənqidçilərini susdurdu!"
İlkin Balayev adlı istifadəçi BBC Azərbaycancanın Facebook səhifəsində yazıb: "Dünənə kimi qarşı çıxanlar indi fəxr eləyir bu oyunlarla".
Aztwi analitika saytında "qaynar mövzular"ın hamısı Avropa Oyunları ilə bağlıdır - onlar arasında "möhtəşəm" sözü də yer alıb.

Şəklin mənbəyi, BBC World Service
Lakin bir çoxu Avropa Oyunlarına görə sevinməyə səbəb görməyib. Məsələn, @HuseynovaTurkan açılış zamanı tvitləyib: "Şəxsən tanıdığım 10 nəfər həbsdədir, məndən hansı parabeyin oyunlara sevinməyimi tələb edə bilər?"
BBC Azərbaycancanın Google+ səhifəsində "men fexr ediremki Azerbaycanliyam" adlı istifadəçi yazıb: "Mən də izlədim, hər şey yaxşı idi ... ancaq kaş ki orda Azərbaycanın xəritəsini çəkərdilər və odla orada Azərbaycanın işğal olunmuş ərazilərini qeyd edərdilər".
Lady Gaga-nın çıxışı
Çoxu üçün mərasimin ən böyük anı, dünya şöhrətli müğənni Lady Gaga-nın çıxışı olub: Lady Gaga-nın bununla bağlı tvitləri minlərlə dəfə paylaşılıb və bəyənilib.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Lady Gaga pərəstişkarlarının çoxu da onun çıxışının video və fotolarını paylaşıb.
Lakin bəzi istifadəçilər müğənninin mahnı seçimini və ümumiyyətlə Azərbaycanda çıxış etməsini "riyakar" adlandırıb. O, John Lennon-un "Imagine" ("Təsəvvür et") mahnısını oxuyub.
İnsan haqları fəalı Rebecca Vincent Twitterdə yazıb: "@ladygaga mənim dostum Rəsul Cəfərov da xəyalpərəstdir. Onun xəyalı azad Azərbaycandır".
Texnologiya professoru Katy Pearce müğənninin fəal şəkildə dəstəklədiyi cinsi azlıqlar məsələsinə diqqət yetirib: "@ladygaga - səfər etdiyin yerdə LGBTQ icmasının necə rəftarla qarşılandığına baxmaq yaxşı olardı", o yazıb.
New York Times qəzetindən Robert Mackey isə qeyd edib: "@ladygaga Azərbaycana dinsiz dünyanı təsəvvür etməyi xahiş edir, amma [mahnının] "Acgözlük və aclıq gərək deyil" sözlərindən vaz keçir".
#Baku2015 üçün pik nöqtə, cümə günü Bakı vaxtı ilə saat 22-23:00 arasında olub.




