Kerry Azərbaycan rəsmilərinə qarşı sanksiyalara çağrılır

berlin_protest

Şəklin mənbəyi, Bertus Bouwman

Şəklin alt yazısı, Bu ilin yanvar ayında Berlində Prezident İlham Əliyevin Almaniya səfəri zamanı keçirilmiş etiraz aksiyası

Freedom House təşkilatı da keçmiş ABŞ diplomatlarının və bir sıra insan haqları təşkilatlarının dövlət katibi John Kerry-yə məktubuna qoşularaq Azərbaycanda insan haqları fəallarının getdikcə artan həbslərinə və mühakimələrinə cavab kimi rəsmi Bakı üzərinə sanksiyaların qoyulmasına çağırıb, Vaşinqtondan verilən xəbərlərdə deyilir.

Məktub müəllifləri rəsmi Bakını təməl insan haqlarına hörmət göstərməyə məcbur etmək üçün insan haqları pozuntuları ilə əlaqəsi olan Azərbaycan rəsmilərinə viza qadağanı qoyulmasına və mülkiyyət və hesablarının dondurulması kimi təbirlərin tətbiqinə çağırıblar.

Azərbaycana qarşı təklif olunan tədbirlərin sırasında həmçinin Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının açılışının dövlət rəhbərləri səviyyəsində boykot edilməsi göstərilir.

Azərbaycan rəsmiləri insan haqlarının pozulması ilə bağlı Qərbdən gələn tənqidləri dəfələrlə əsassız kimi rədd ediblər.

Məktub müəllifləri həmçinin Oyunların partnyorlarını sponsorluqdan geri çəkilməyə dəvət edirlər.

“İllər boyu Azərbaycanın enerji təchizatçısı və təhlükəsizlik və antiterror məsələlərində əhəmiyyəti bu ölkədə bərbad insan haqlarına diqqətin üstündən xətt çəkib, – deyilir məktubda. - Lakin ötən il ərzində artmaqda olan repressiya, indi belə yanaşmanı xüsusən qeyri-məqbul edir. Biz narahatıq ki, Qərb qətiyyətli addımlar atmazsa, gələn il üçün planlaşdırılan parlament seçkiləri ərəfəsində vəziyyət daha da pisləşə bilər”.

Məktubda hazırda Azərbaycanda yüzədək siyasi məhbusun olduğu göstərilir və onların siyahısı təqdim olunur.

Bu da qeyd edilir ki, siyasi məhbusların ailə üzvləri də təqiblərə məruz qalırlar.

Sözü gedən məktubu Morton Abramowitz, ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Elliott Abrams, Şərqi Avropada Demokratiya İnstitutunun direktoru Eric Chenoweth, Georgetown Universitetindən Jeffrey Gedmin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich və başqaları imzalayıblar.

Freedon House təşkilatı bildirir ki, 2014-cü il ərzində Azərbaycan hakimiyyəti 34 insan haqları müdafiəçisini, siyasi və vətəndaş cəmiyyəti fəalını və jurnalisti həbsxanaya salıb və ya onlara qarşı ittiham irəli sürüb.

Onlardan bəziləri, belə görünür, Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq qurumlarla əməkdaşlığa görə cəzalandırılıblar.

İnsan haqları qrupları bu qənaətdədirlər ki, hökumət tənqidçilərinin həbsləri iyunun 12-də başlanacaq Avropa Olimpiya Oyunları ərəfəsində “təmiz küçələr” yaratmaq siyasətinə bağlıdır.

Aprelin 9-da prokurorlar İnsan Haqları Klubunun rəhbəri, Azərbaycanda insan haqları pozuntularına qarşı, xüsusilə də özünün “Demokratiyaya Nəğmə Deyək” kampaniyası ilə mübarizə aparan Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyiblər.

Bu kampaniya 2012-ci ildə “Eurovision” mahnı yarışına ev sahibliyi edən Azərbaycan hökumətini xüsusilə qıcıqlandırmışdı.