Amnesty International Bakı 2015 və "amansız repressiyalar" haqqında

Şəklin mənbəyi, AFP
Azərbaycanda hökumət tənqidçilərinə qarşı təqiblər artmaqdadır, Amnesty International (AI) insan haqları təşkilatının Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı yaydığı yeni hesabatında deyilir.
"Haqları müdafiə etməkdə təqsirli: Azərbaycanın insan haqları müdafiəçiləri və fəallar barmaqlıqlar arasında" adlı hesabat "Bakı 2015" oyunları ərəfəsində fəalların "amansız repressiyalara" məruz qaldığı qeyd olunur.
"Tər-təmiz beynəlxalq reputasiya nümayiş etdirmək və beynəlxalq investisiya cəlb etmək üçün Azərbaycanın təşkil etdiyi beynəlxalq şounun parıltısı və dəbdəbəsi heç kəsi aldatmasın", insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen deyib.
AI Azərbaycan həbsxalanlarında "ən azı 22 vicdan məhbusunun" olduğunu desə də, rəsmi Bakı Azərbaycanda insanların siyasi və ya dini səbəblərə görə həbs olunduğunu inkar edir.
Azərbaycan "medalçıdır"
"[Azərbaycan] hakimiyyəti Avropada ən repressiv [rejimlərdən] biridir və, əgər barmaqlıqlar arasında olan fəal və hüquq müdafiəçilərinin sayına görə mükafatlar verilsəydi, şərtsiz medalçılar arasında olardı", John Dalhuisen deyib.

Şəklin mənbəyi, Getty
O əlavə edib ki, gözlərini "Azərbaycanın neft-dollarlarına zilləyən beynəlxalq ictimaiyyət ölkənin repressiv taktikaları və insan haqları pozuntuları haqqında son dərəcə səssiz olub".
Hesabatda hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə İsmayıl, bloqçu Orxan Eyyubzadə və digərlərinin məhkəmə işləri qeyd olunur.
Təşkilat Azərbaycan hakimiyyətini "bütün vicdan məhbuslarını ...dərhal və şərtsiz" azadlığa buraxılmasına və pis rəftar barədə bütün ittihamların hərtərəfli araşdırılmasına çağırıb.




