Azərbaycan küçə heyvanlarına qarşı qəddarlığa son qoymağa çağrılıb

dogs
    • Müəllif, Durna Səfərova
    • Vəzifə, BBC Azərbaycanca üçün

Azərbaycanda Bakı 2015 Olimpiya Oyunları qabağı küçə itlərinin yandırılmasının iddia olunduğu videoların yayılmasından sonra, Ümumdünya Heyvanları Müdafiə Təşkilatı Azərbaycan hakimiyyətini “bu qəddarlığa son qoymağa” çağırıb.

Qurumun Avropa üzrə Regional direktoru Ruud Tombrock BBC Azərbaycancaya deyib ki, müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycanda küçə heyvanlarına qarşı aparılan bu münasibət prinsiplərin “birbaşa pozulmasıdır”.

Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını göstərdiyi deyilən video son günlərdə Azərbaycan internetində partlayış yaradıb.

Videoda sobanın içərisində heyvanların yanmaqda olan ayaqları və başı göstərilir.

Hakimiyyət artıq məsələyə reaksiya verib. Prezidentin sözçüsü Əli Həsənov yerli mətbuata açıqlamasında medianın bu məsələni işıqlandırmasını qara piar adlandırıb və onun Azərbaycanda çəkildiyini şübhə altına alıb.

“Hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar”, cənab Həsənov deyib.

“Küçə heyvanlarıyla əlaqədar problemləri həll etmək üçün əvvəlcə onlarla bağlı vəziyyəti və sayı diqqətlə araşdırmaq lazımdır. Eyni zamanda sayları nəzarətdə saxlamaq üçün sterilizasiya proqramları həyata keçirilə bilər”, Ruud Tombrock bildirib.

O, Azərbaycan hakimiyyətini “bu müdafiəsiz heyvanlara qarşı qəddarlığa görə məsuliyyət daşıyan” şəxsləri cəzalanırmağa və bu hərəkətlərin “dərhal dayandırılmasına” çağırıb.

Ətraf mühitə qarşı cinayətlər

"Azərbaycanda vətəndaşların heyvanlara qarşı davranışlarını hardasa sübut etmək və qarşısını almaq mümkündürsə də, dövlət məmurlarının ətraf-mühitə qarşı törətdikləri cinayəti nə sübut etmək, nə də onları dayandırmaq olur".

Bu fikirləri səsləndirən heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev Azərbaycanda küçə heyvanlarına münasibətin ölçüyəgəlməz bir qəddarlıqla müşayiət olunduğunu deyir.

Sosial şəbəkələrdə bir neçə gündür ki, Azərbaycanda küçə heyvanlarına qarşı qəddar rəftarla bağlı yeni video və foto görüntülər yayımlanır.

Videodan görünən odur ki, evsiz itlər ya güllələnəndən sonra xüsusi sobalarda yandırırlar, ya da bəlli bir əraziyə gətirib elə oradaca öldürürlər. Öldürülən və yandırılan itlər arasında küçüklər də gözə dəyir.

“Addımbaşı qədarlıq...”

Uzun zaman jurnalist fəaliyyəti göstərmiş Elxan Mirzəyev həm də heyvanların hüquqlarının qorunmasında könüllü çalışmaqdadır. O, hazırda Azərbaycanda digər heyvan haqları fəalları və könüllüləri ilə birgə itləri güllələyən dövlət orqanlarına qarşı məhkəmə işlərinin təşkiliylə məşğuldur.

Elxan Mirzəyev deyir ki, respublikanın bütün bölgələrində hər addımda heyvanların məhvinə şahid olmaq mümkündür:

"Bu, təbiətin qətliamıdır. Bakı Meriyası əməkdaşları itləri silahla öldürür, balalarını kürəklə döyüb-öldürürlər, pişiklərə zəhər verirlər. Şəkidə də belədir, Sumqayıtda da. Hər addımbaşı budur vəziyyət. Lerik rayonunda itlərin güllələnməsi polislərin nəzarəti altında həyata keçirilir. Lerikdə həmçinin qanunsuz ov da var. Nazirliklərdən meşəyə ova gedib qabanları, canavarları, dovşanları, quşları vururlar. Bu, qanuna ziddir. Əsl soyqırım baş verir".

“Ucuz metodlar”

“Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”, - bu sözləri isə prezidentin köməkçisi Əli Həsənov deyir.

Bu açıqlamanın sonra yerli mətbuat orqanlarının əksəriyyətində həmin videogörüntülər çıxarıldı.

Bunun ardınca Meydan TV Balaxanı qəsəbəsində - Bakı Şəhər İcra Hakimiyyətinə tabe Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə aid ərazidə çəkilişlər aparıldığını deyib. TV-nin görüntülərində göstərilən sobanın itlərin yandırıldığı soba olduğu iddia edilir və oradan çıxan tüstü göstərilir.

Videodakı görüntünün müəllifi Bakı sakini, iti öldürülən Yelena Simakinadır. O deyir ki, 2014-cü ilin avqustunda əli silahlı şəxslər onun itini həyətindəcə vurub aparıb, o da bu işin izinə düşüb. Axtarışları isə itlərin yandırıldığı sobanı tapmasıyla nəticələnib.

"İdmançı olsaydım, bu olimpiadaya gəlməzdim..."

Elxan Mirzəyev hesab edir ki, sahibsiz itlərin və pişiklərin öldürülməsinin arxasında böyük maliyyə dayanır:

"Qara mühasibat"da bir itin öldürülməsi 20 manata başa gəlir. Böyük məbləğdə pullar yuyulur. Qısacası, bu işin içində də korrupsiya var… Minlərlə məsum heyvanın qanını axıdaraq bu tədbirə hazırlıq görürlər. Mən idmançı olsaydım, günahsız itlərin, pişiklərin qanıyla boyanmış bir Olimpiadaya gəlməkdən imtina edərdim».

Eurovision Mahnı Müsabiqəsinin Bakıda keçirildiyi ərəfədə küçələrin heyvanlardan təmizlənməsi işi yenidən vüsət almışdı.

O zaman heyvansevərlər online kampaniyaya başlamış və 22 mindən çox imza toplanmışdı. Elxan Mirzəyev bildirir ki, Olimpiya Oyunları öncəsi heyvanların öldürülməsi daha da çoxalıb.

Ölkənin imicinə kim zərbə vurur?

“Ölkənin imicinə biz zərbə vurmuruq, heyvanları qətlə yetirən bir dövlət məmurunun var olması faktı özü ölkənin imicinə zərbədir”, heyvan haqları müdafiəçisi deyir.

“Heyvanların hüquqlarının qorunmasında qanunun tələblərinə riayət edilməlidir. Təbiəti qanına qəltan edən insanlar, məmurlar elə əsl cinayətkarlardır. Bu qanlı Olimpiada öncəsi heyvanların güllələnməsi əməliyyatı isə Azərbaycanın bütün icra strukturlarının himayəsi altında aparılır”.

Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Bu sənədin tələblərinə görə, heyvanların sayına humanist üsullarla nəzarət edilməlidir.

Küçə heyvanlarıyla bağlı fəaliyyəti olan qurumlardan biri də Dövlət Baytarlıq Xidmətidir. Qurum yalnız qeydiyyatda və sahibi olan itlərlə bağlı iş aparır, burada 2014-cü il ərzində 250 minə yaxın heyvan peyvənd edilib. Xidmətinin sözcüsü Yolçu Xanvəli sahibsiz heyvanların öldürülməsini pisləyib.

“Hansısa qurum sahibsiz heyvanlara nəzarət edirsə, biz onların sağlamlığına nəzarət edə bilərik. Azərbaycanda sahibsiz heyvanların peyvəndi heç vaxt aparılmayıb. Indi də bu, gündəmdə deyil. Bu gün də aparılmır. Bunun üçün vəsait ayırılmalı, peyvəndlər gətirilməlidir. Külli miqdarda vəsait tələb olunur. Quduzluğa görə sahibli və qeydiyyatda olan itlərin vaksinasiyası aparılır”, cənab Xanvəli deyir.

Heyvan haqlarının müdafiəçisi Elxan Mirzəyev isə quduzluqla bağlı rəsmilərin açıqlamalarının cəmiyyətdə təlaş yaratdığı fikrindədir.

“Küçə itləri arasında heç bir quduzluq halı qeydə alınmamışdır”, o iddia edir.

“Quduzluq mifdir, bununla dövlət məmurları əhalini qorxudurlar, insanlar da buna inanırlar”.

Bakı Şəhər İcra Hakimiyyətinə etdiyimiz müraciətlərə baxmayaraq, onlardan bu barədə açıqlama almaq mümkün olmayıb.

Heyvansevərlər itöldürənlərə qarşı

Azərbaycanda heyvan haqları üçün könüllü fəaliyyət göstərən şəxslərin adları məhkəmə qeydlərinə düşüb. Sayları da az deyil.

Məsələn, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin iki şikayət üzrə rədd qərarı Bakı Apellyasiya Məhkəməsindədir. Bu iddia 2013-cü ildə Yasamal rayonunda itləri güllələdiyi üçün Bakı Meriyasına qarşı qaldırılıb. Məsələ ilə bağlı 5 iddia var, ümumi olaraq iddiaçıların sayı isə 98 nəfərdir.

Bundan başqa, Elxan Mirzəyev şəxsən Şəki İcra Hakimiyyətini məhkəməyə verib. Səbəb yenə də küçə itlərinin öldürülməsidir. Mirzəyevin bu iddiası Azərbaycanda bütün instansiyalarda rədd edilib, iş hazırda Avropa Məhkəməsindədir.