Bakı marketlərində Rusiya istehsalı məhsullar "ucuzlaşmayıb"

Rusiya Azərbaycanın əsas iqtisadi partnyorlarından biridir.
Şəklin alt yazısı, Rusiya Azərbaycanın əsas iqtisadi partnyorlarından biridir.

BBC Azərbaycancaya danışan market sahiblərinin sözlərinə görə, Rusiyada rublun məzənnəsi enməyə başlayandan Azərbaycana ixrac olunan məhsulların qiymətində “ciddi fərq” yoxdur.

Bakının iri marketlərində Rusiyadan idxal olunan və satışa çıxarılan məhsulların qiymətində son bir həftə ərzində “fərq yoxdur”.

BBC Azərbaycancaya danışan bəzi market sahiblərinin sözlərinə görə, yeni ildən qiymət dəyişikliyinin olacağı gözlənilir.

“Araz” marketin adının çəkilməsini istəməyən administratoru son bir ay və bir həftədə Rusiya istehsalı olan süd və süd məhsullarında, ət və ət məhsullarının qiymətində “nə enmənin, nə də qalxmanın müşahidə olunmadığını” deyir.

Qiymət fərqi

“Qiymətlərfə bir qəpik belə dəyişiklik yoxdur”, o qeyd edib.

“Rahat” marketin müdir müavini Telman Məmmədov Rusiyada istehsal olunan malların satış qiymətində fərqin “hiss olunmadığını” desə də, süd və süd məhsullarının qiymətində bir neçə qəpik artımın olduğunu deyir.

“Ət və ət məhsullarının qiymətləri sabitdir. Ümumiyyətlə Yeni il öncəsi adətən qiymətlərin enməsi yox, daha çox qalxması müşahidə olunur”, o əlavə edib.

“Sarı” marketin direktoru Şakir Hüseynovun sözlərinə görə, Rusiya istehsalı olan duru yağın, süd və süd məhsullarının, ət və ət məhsullarının qiymətində “qalxma yoxdur”.

“Amma yanvarın 1-dən xaricdən idxal olunan bəzi məhsulların qiymətinin qalxacağını deyiblər. 5-10 qəpik artım olacağını gözləyirik”, o qeyd edib.

Rublun ucuzlaşması Rusiyadan ixracın artmasına xidmət etməlidir.
Şəklin alt yazısı, Rublun ucuzlaşması Rusiyadan ixracın artmasına xidmət etməlidir.

BBC Azərbaycancaya danışan iqtisadçı ekspertlər Rusiya istehsalı olan bəzi məhsulların “ucuzlaşdığını”, bəzilərinin isə əksinə “bahalandığını” bildirirlər.

“Yüngülvari ucuzlaşma”

İqtisadi təhlilçi Samir Əliyevin sözlərinə görə, Rusiya Türkiyə ilə yanaşı Azərbaycana ən çox məhsul ixrac edən ölkələr sırasında birincidir və rublun ucuzlaşması iqtisadiyyat üçün “müəyyən təhlükələr yaradır”.

“Rusiyadan bizə müxtəlif məhsullar gəlir - süd və süd məhsulları, ət və ət məhsullarıdır və bəzi kənd təsərrüfatı məhsulları. Rusiyanın daxilində satılan məhsulların qiyməti qalxır və Azərbaycan fermerlərinin apardığı məhsulun rəqabət qabiliyyəti aşağı düşür. Amma Azərbaycana gələn məhsullar isə əksinə yüngülvari ucuzlaşır”, ekspert qeyd edib.

Bununla belə Əliyevin sözlərinə görə, Rusiya rublunun iki dəfə ucuzlaşması fonunda Azərbaycana idxal olunan məhsulların qiyməti iki dəfə aşağı enməyib.

“Bu, qiymətlərə əhəmiyyətli dərəcədə təsir etmir və bu ucuzlaşma rublun ucuzlaşmasına adekvat deyil”, o əlavə edib.

Rusiya istehsalı olan avtomobillərin ucuzlaşmasının dünya bazarında müşahidə olunduğunu qeyd edən ekspert deyir ki, bu qiymət fərqi Azərbaycanda “çox cüzidir”.

“Bu halda təbii ki, əhəmiyyətli ucuzlaşmadan söhbət getməlidir və məntiqlə qiymət düşməlidir. Məlumatlara görə müəyyən ucuzlaşma var, amma çox cüzidir. Gömrükdə olan qeyri-şəffaflığa görə dünya bazarında qiymət fərqi Azərbaycan bazarlarına təsir göstərmir”, ekspert bildirib.

“Avtomobillərin qiymətində endirim ola bilər”

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycana gətirilən Rusiya istehsalı avtomobilləri alışının rublla həyata keçirildiyini əsas gətirərək avtomobil bazarında Rusiya maşınlarının qiymətinin ucuzlaşdığını deyir.

“Azərbaycanda Euro 3 standartları tətbiq olunduğundan Rusiya istehsalı olan bəzi avtomobillər bizim bazarda satılır. Misalçün, ən ucuz Lada modeli dolların kursu 30-32 rubl olanda 8 min dollar idi, indi bu qiymət 3500-ə qədər enib”, ekspert qeyd edib.

Onun sözlərinə görə, dekabrın əvvəlində ölkəyə gətirilən avtomobillərin qiymətində endirim ola bilər.

“Müəyyən dərəcədə qiymətlərin enməsi müşahidə olunacaq. Dolların məzənnəsinin yüksək olduğuna və neft qiymətlərinin düşdüyünə görə bunu gözləmək olar. Həm də bəzi dilerlər partnyorları ilə belə anlaşıblar ki, maşını gətirib satandan sonra ödəniş edirlər. Əgər yaxın zamanlarda gətirilən Rusiya istehsalı avtomobillər rublla təsbit olunubsa və Azərbaycanda satış dollarla həyata keçirildiyindən ola bilər ki, bu ay endirim olsun”, iqtisadi təhlilçi qeyd edib.

Ekspert yanvardan qiymət endiriminin ümumiyyətlə hiss olunmayacaq səviyyəyə düşəcəyini proqnozlaşdırır.

“Artıq Rusiya Avtomobillər İstehsalçıları Birliyi yanvardan avtomobillərin qiymətində rublla satışlarda 10-15 faizıik artım olacağını açıqlayıb. Yanvardan istehsalçı da qiyməti qaldıracaq və Azərbaycanda da Rusiya istehsalı avtomobilin qiymətində endirim o qədər də ciddi hiss olunmayacaq”, Cəfərli bildirib.

Rusiya məhsullarının qiyməti artıb?

Ekspertin sözlərinə görə, Rusiyanın daxili bazarında Qərbin sanksiyalarından sonra ərzaq məhsullarının qiyməti “sürətlə bahalaşır”.

“Embarqolardan sonra Rusiyanın daxili bazarında qıtlıq yaranıb. Daxili təlabat artdığından Azərbaycana gətirilən Rusiya istehsalı olan məhsulların Bakının pərakəndə satış məntəqələrində son bir ayda nəzərə çarpacaq dərəcədə qiymət artımı olub. Məntiqlə azalma olmalıdır, çünki məhsullar rublla alınır. Amma görünür ki, bu Azərbaycana gətirilən mallara ciddi təsir göstərməyib”, Cəfərli qeyd edib.

Onun sözlərinə görə, rublun dollara nisbətdə ucuzlaşmasının davam edəcəyi və gələn ilin əvvəlində ikirəqəmli inflasiyanın proqnozlaşdırıldığından Azərbaycana və digər ölkələrə göndərilən məhsullarda “ciddi endirim” gözləmək olmaz.