Erdoğanın “Yeni Türkiyə”si təcridə sürüklənir

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Mark Lowen
    • Vəzifə, BBC, İstanbul

Türklərdə köhnə bir deyim var: “Türkün türkdən başqa dostu yoxdur”. Bu deyim, ölkə Recep Tayyip Erdoğanın rəhbərliyi altında təcrid olunduqca, ağrılı bir şəkildə həqiqət kimi səslənir.

Onun 11 illik baş nazirliyi ərzində Türkiyənin əhəmiyyəti artıb. Ölkə Avropa İttifaqına üzvlük üçün danışqılara başlayıb. Türkiyə özünün diplomatik fəallığını, xüsusən də Afrikada xeyli artırıb. Ölkənin ən böyük şəhəri İstanbul dünyanın ən böyük hava limanıdır. Onun təyyarələri hər hansı başqa hava şirkətinin təyyarələrindən daha çox ölkəyə uçur.

Lakin son aylarda, bəlkə də son bir-iki ildə nəsə baş verib. Dünyanın dövlət xadimləri, məsələn, bu həftə Amerikanın vitse-prezidenti Joe Biden kimi bu ölkədə yolüstü ayaq saxlayırlar, lakin bu gün Türkiyə dostsuz qalıb.

Ötən ay BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının yeni üzvlərini seçərkən, Türkiyə əmin idi ki, bu dəstədə onun yeri təmin olunub. Lakin çox pərtedici bir tərzdə o bu yeri İspaniya və Yeni Zelandiyaya uduzdu. Bu, avqust ayında prezident seçilmiş cənab Erdoğan üçün bir sillə idi.

Bütün bunlar “Ərəb baharı”ndan başladı. Türkiyə Misirdə Müsəlman Qardaşlıığını dəstəkləməklə və Suriya prezidenti Əsədi devirmək sevdasına düşməklə yanlış addım atdı. İndi ölkənin Qahirədə səfiri yoxdur və cənab Erdoğan özünün misirli həmkarı Abdul Fəttah əl-Sisini “seçkisiz tiran” adlandırır.

Erdöğanın 11 illik rəhbərliyi ərzində Türkiyənin dünya səhnəsində rolu əhəmiyyətli şəkildə artıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Erdöğanın 11 illik rəhbərliyi ərzində Türkiyənin dünya səhnəsində rolu əhəmiyyətli şəkildə artıb.

Türkiyə özünü qaçılmaz bir şəkildə Suriya cəhənnəminə yuvarladıb, cihadçılara öz sərhədlərini açdığı üçün danlanıb. İraq, İran və Səudiyyə Ərəbistanı ilə bağlar zəifləyib.

Polis Erdoğan hökumətinin siyasətinə etiraz edənlərə qarşı dəfərlərlə sərt rəftar göstərib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Polis Erdoğan hökumətinin siyasətinə etiraz edənlərə qarşı dəfərlərlə sərt rəftar göstərib.

İsraillə köhnə strateji partnyorluq çilik-çilik olub. Tel-Əvivdəki səfir geri çağırılıb, cənab Erdoğan İsrailin Qəzzanı bombardman etməsini “Holokostu xatırladan soyqırım” adlandırır.

Lakin hazırda hətta ABŞ kimi ən köhnə müttəfiqlərlə də münasibətlər korlanıb. Vaşiqnton İslam Dövlətinə qarşı döyüşmək üçün koalisiya quranda Türkiyə çəkilib bir kənarda dayanıb və koalisiya həm də Suriya prezidenti Əsədi vurmayınca və Suriyada uçuşlarsız zona yaratmayınca, öz hərbi bazalarının ABŞ tərəfindən istifadəsinə razılıq vermir.

Cənab Erdoğan ötən ay prezident Obamanı Suriyada kürd döyüşçüləri silahlandırmamağa çağırdıqdan dərhal sonra ABŞ kürdlərin havadan silahla təchizatına başlayıb. Fikir ixtilafının bundan bariz nümunəsi ola bilməz.

“Misli görünməmiş uğur”

“Hökumət daxilində nələrin əldən çıxmasını hiss edirlər, - deyir Edam analitik mərkəzindən Sinan Ülgen – Ankara buna onunla haqq qazandırmağa çalışır ki, guya Türkiyənin təcrid olunmasına səbəb bu ölkənin yüksək mənəvi dəyərlərdən çıxış edəcək və bu dəyərlərə söykənən xarici siyasət yürüdəcək qədər cəsarətli olmasındadır”.

“Bu arqumenti Erdoğanın elektoratı qəbul edir və ona da elə bu lazımdır” – deyir təhlilçi.

Recep Tayyip Erdoğanın hərəkətverici qüvvəsi budur. Onun seçkilərdəki misilsiz uğuru ona siyasətlərinin düzgün olduğuna dair sarsılmaz əminlik verib.

Cənab Erdoğan Misir lideri general Abdul Fəttah əl-Sisini "seçilməmiş tiran" adlandırıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cənab Erdoğan Misir lideri general Abdul Fəttah əl-Sisini "seçilməmiş tiran" adlandırıb.

Onu 2013-cü ildə Gezi Parkında tikinti planları ilə bağlı kütləvi küçə etirazları da bu cığırdan döndərməyib. Hətta onun öz ətrafındakı vəzifəli fiqurlar da onu dialoqa çağırdığı bir vaxtda, o, nümayişçiləri “avaralar” adlandırırdı.

O hətta bir il əvvəl onu və yaxın adamlarını korrupsiyada ittiham edən şəxsi telefon söhbətlərinin mediaya sızmasından yaranmış qalmaqaldan da faydalanmağa çalışmışdı.

“Zəifləmiş nüfuz”

O bunu “çevriliş cəhdi” adlandırmış, minlərlə hakimi və polis zabitini vəzifəsindən çıxarmış, sosial medianı qadağan etməyə cəhd göstərmişdi. O bu işdə özünə son dərəcə sadiq olanlarla bir araya gəlmişdi.

“Gezi etirazlarının ardınca onun korruspiya iddialarına göstərdiyi reaksiya beynəlxalq rəyi Erdoğanın əleyhinə çevirib” – deyir Sinan Ülgen.

“Türkiyənin təcrid olunması həm ölkənin özü, həm də Qərb üçün problemdir. Əgər Qərb regionda özünün təhklükəsizlik məqsədlərinə çatmaq istəyirsə, onun potensial baxımdan Türkiyədən daha yaxşı partnyoru yoxdur.

Erdoğan İsraili tənqid edərək Qəzzanın bombardman edilməsini “Holokostu xatırladan soyqırım” adlandırıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Erdoğan İsraili tənqid edərək Qəzzanın bombardman edilməsini “Holokostu xatırladan soyqırım” adlandırıb.

Lakin Türkiyənin təsir gücü azaldıqca, Qərbin də mövqeyi zəifləməyə başlayır. Erdoğan inanır ki, demokratik legitimlik yalnız seçki qutusundan doğur. Başqaları isə Türkiyə demokratiyasından azad mətbuat, müstəqüil ədliyyə və qanunun aliliyi kimi başqa şeylər də gözləyirlər.

Son həftələrdə Erdoğanın meşə qoruğunda dəyəri 615 milyon dollar olan 1000 otaqlı prezident sarayını 30-dək hüquqi əngələ baxmayaraq tikdirməsi, xarici jurnalistləri təhqir etməsi, müsəlmanlar barədə “Amerikanı Kolumb yox, onlar kəşf ediblər” kimi ziddiyyətli bəyanatları ölkə daxilində prezidentin tənqidinə səbəb olub.

Bütün bunlar hökumətə olan inamı sarsıdıb.

“İqtisadi mühərrik”

Buna baxmayaraq, Erdoğan, ona sadiq olanların dəstəyinə malikdir. Onu prezident seçmiş 52 faizi nə Twitter-in qadağan olunması, nə də korrupsiya iddiaları narahat edir. Onlar düşünürlər ki, belə şeylər əksər siyasətçilərin ətrafında həmişə olur.

Onlar üçün maliyyə səbətinin son on ildə ölkəni dünyanın 17-ci böyük iqtisadiyyatına çevirməsi – yeni xəstəxanalar, yollar və məktəblər daha mühümdür.

Onu dəstəkləyənlər, əsasən də dini mühafizəkarlar özlərinin məktəb və universitetlərdə dünyəvi hakimiyyətin 80 ili ərzində qadağan olunmuş baş örtüyünü geyinmək hüququnun prezident tərəfindən dəstəklənməsi ilə azadlıq əldə etdiklərini düşünürlər. Və onlar Erdoğanın Qərbə sözünü deyə bilən güclü kişi obrazına vurğundurlar.

Onun müşavirlərindən İbrahim Kalın deyir ki, Cənab Erdoğan Türkiyəni “siyasi və iqtisadi mühərrikə çevirərək orta sinfi gücləndirib”.

O kürd məsələsini həll etmək üçün “yeni prosesə başlamış, dini azlıqların hüquqlarının tanınması və 1960-cı ildən bəri dörd hökumət devirmiş ordunun hegemonluğuna qarşı mübarizə kimi tarixi addımlar” atmışdı.

Erdoğanın göstərişilə tikilən prezident sarayı çoxsaylı tənqidlərə səbəb olub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Erdoğanın göstərişilə tikilən prezident sarayı çoxsaylı tənqidlərə səbəb olub.

Lakin onun liderliyinin erkən uğurları getdikcə artan avtoritarlığı ilə unuduldu.

“Şəxsi münasibətlərdə o mehribandır – deyir bir Avropa rəsmisi, - və o məsləhətə qulaq asa bilər. Lakin ictimaiyyət qarşısında hər şey qalib gəlmək həvəsinə çevrilir. Onun nəzərində kompromislər, razılaşdırma və balanslar zəiflik əlamətinə dönür. O sövqi-təbii döyüşə girir və məhz bundan sonra başqa münasibət sərgilənməli olduğu qənaətinə gəlir”.

Avropa İttifaqının rəğbəti ölkədə ifadə azadlığının vəziyyəti ilə əlaqədar qeyb olub. Türkiyənin üzvlük üçün danışıqlarında tərəqqi divara dirənib, Avropanın genişlənməsi prosesi durğunluğa düşüb və bu, Türkiyənin təcrid olunması hissini gücləndirib.

“Ona qarşı olan yaxşı hisslər əriyib gedib və bu hisslər hətta ehtiyatlanmaya çevrilib – deyir rəsmi. – Lakin biz İttifaqa üzvlük prosesinin davam etməsini istəyirik. Biz daha sanballı münasibətlər istəyirik. Türkiyənin mühümlüyünü hamı başa düşür”.

Beynəlxalq aləmdə Erdoğana ehtiyacı olduğu əminliyi verən də budur: Türkiyə hələ də önəmli oyunçudur. Bu ölkə təlatümlü Yaxın Şərqdə Qərbin söykənəcəyi dayaqdır və ölkə heç kimin dana bilməyəcəyi iqtisadi yüksəlişə nail olub.

“Erdoğanın şəxsi ambisiyası tarixin ən böyük Türkü olmaqdır, - deyir Avropa rəsmisi – və hətta bizim ona güvəncimiz zəifləsə də, o hələ də birgə iş görəcək adamdır”.

Recep Tayyip Erdoğan öz təbirincə desək, “Yeni Türkiyə” qurur. Başqaları bunu qütbləşmiş, bədbəxt Türkiyə adlandırırlar. Bu ölkənin daxildəki və xaricdəki dostları beləcə sürətlə qeyb olurlar.