Türkiyə seçkiləri: Erdoğan populyarlığının bədəli

Şəklin mənbəyi, AP
- Müəllif, Mark Lowen
- Vəzifə, BBC News, İstanbul
Bosfor çayının sahilində, mahnı səsi yüksəlir: “ölkəmin üzərindən yeni günəş yüksəlmiş, millətim üçün yeni ümid, güclü istək və böyük ürəklə... Recep Tayyip Erdogan”.
Cənab Erdoğan-ın tərəfdarları ahənglə əl çalır. Musiqi olduqca cəlbedicidir, şəxsiyyətin özü kimi. Türkiyənin son 11 il ərzində baş naziri olmuş cənab Erdoğan-ın qarşısında yeni bir məqsəd var: bazar günü keçiriləcək prezident seçkilərində qalib gəlmək.
Bu vəzifə əvvəllər parlament tərəfindən müəyyən edilirdi və formal xarakter daşıyırdı. Bu dəfə isə prezident, tarixdə ilk dəfə olaraq xalq tərəfindən seçiləcək və cənab Erdoğan da prezidentin səlahiyyətlərini artırmaq istədiyini bildirmişdi.
İstanbul şəhəri boyu onun şəklini əks etdirən bayraqlara və posterlərə rast gəlmək olar.
Erdogan üçün efir vaxtı
Recep Tayyip Erdoğan bu təşviqatda irəlidədir, rəqibləri olan müxalif Ekmeleddin İhsanoglu və gənc kürd namizəd Selahettin Demirtas-ı bir xeyli üstələyir.
Dövlət tərəfindən nəzarət olunan media, baş nazirə daha çox rəğbət göstərdiyi üçün tənqidlərə məruz qalıb.
Türkiyə dövlət televiziyası olan TRT iyul ayında iki gün boyunca cənab Erdoğan-a 533 dəqiqə efir vaxtı ayırıb. Onun rəqibləri olan cənab İhsanoglu-na üç dəqiə 24 saniyə, cənab Demirtas-a isə cəmi 45 saniyə vaxtı ayrılıb.
İslam rişəli siyasətçi olan cənab Erdoğan, Türkiyədə mühafizəkar və dindar çevrələrin dəstəyinə malikdir.
Konstitusiyaya görə dünyəvi dövlət sayılan bir ölkədə dini siyasətə qatdığı üçün tənqidçilərin nifrətini qazanmış Erdogan-ın xanımı hicab geyinir. Bu hal daha öncə bir baş nazirin xanımı üçün ağlagəlməz sayılardı. Onun təhrikçi ritorikası da, dindar tətəfdarlarına xitab edir.
“O, Türkiyədə hərkəs üçün – mənim kimi qadınlar üçün yaxşı işlər görüb,” cənab Erdogan-ın partiyası, AKP-nin lokal nümayəndəsi Kubra Sasi Seo Lecoq deyir.
“Əvvəllər hicab geyinən qadınlar çalışa bilmirdi. Mənim bununla bağlı universitetdə problemlərim olub. İndi hamımız üçün azadlıq var. Erdogan-dan öncə Türkiyədə stabillik yox idi. İndi isə həm siyasi, həm də iqtisadi cəhətdən hər şey yaxşıdır”.
“Tanıdığım insan deyil”

Şəklin mənbəyi, AP
İstanbulun üfüqü, baş nazirin uğurlarından xəbər verir. Yeni ofis binaları və otellər tikən kranları hər yerdə görmək mümkündür. Parıldayan göydələnlər keçən onilliyin uğurlarını nümayiş etdirir.
Türkiyə indi dünyanın 15 ən güclü iqtisadiyyatından biridir. Cənab Erdoğan-ın rəhbərliyi altında ölkədə Ümumi Daxili Məhsul üç dəfə artmışdır. Yeni infrastruktur, hospitallar və məktəblər ölkəyə böyük güvən vermişdir.
1960-cı ildən bəri Türkiyədə dörd hökuməti devirmiş güclü ordu isə ram edilmişdir. Türkiyə 2005-ci ildə Aİ namizədliyi statusuna nail olmuşdur. 40,000 insanın ölümü ilə nəticələnən uzun konfliktin ardından, kürd PKK partiyası ilə sülh prosesi davam edir.
Lakin son vaxtlar baş nazirin profili korlanıb. Türkiyədə cənab Erdoğan-ın da cəlb olunduğu yüksək səviyyəli korrupsiyanın olduğunu iddia edən məlumatın sızmasından sonra, baş nazir Twitter və YouTube-u qadağan etməyə çalışdı, lakin bu, konstitusiya məhkəməsi tərəfindən rədd edildi.
Recep Tayyip Erdoğan bütün tənqidçilərinə qarşı çıxdı. Onların arasında Türkiyənin İslam alimi Fetullah Gülen-in tərəfdarları xüsusi yer tutur. Cənab Erdoğan, Gülen terefdarlarını “paralel dövlət” idarə etməkdə günahlandırır. Gülen hərəkatına üzv olduğu üçün yüzlərlə polis məmuru və hakim işdən azad edildi.
Tənqidçiləri deyir ki, cənab Erdoğan, fırıdaqçılıq ittihamlarının qarşısını almaq üçün pərdədən istifadə edir. Cemal Uşşak baş nazirlə eyni məktəbdə oxusa da, indi cənab Gülen-in davamçısıdır.
Cemal Uşşak deyir ki, cənab Erdoğan-ın “gülençilərin” “paralel dövlət” planları barədə yalanları cəfəngiyatdır. “Onun bizim haqqımızda danışıq üslubu, seçdiyi sözlər mənə Hitler-in yəhudilər barədə dediklərini xatırladır,” cənab Uşşak deyir.
“Bizə qarşı heç bir sübut yoxdur. Onun bu cür danışması mənə çox ağır gəlir. Bu, tanıdığım Erdogan deyil”.
“Hisslərin ustası”
Əvvəllər İslamla demokratiyanı uyğunlaşdıra bildiyi üçün Qərb tərəfindən alqışlanan baş nazir, indi təcrid olunmuşdur.
Avropa və ABŞ-la münasibətlər pisləşib və Erdoğan-ın Qəzza böhranı zamanı İsraili “soyqırım”da ittiham etməsinin ardından vəziyyət daha da gərginləşib.

Cənab Erdogan-ın Misirdə Müsəlman Qardaşlarını dəstəkləməsi, Qahirədəki yeni hökumətlə konfliktə səbəb olub. Suriyadakı müxalifəti dəstəkləməsi isə, cihadçı qrupların Türkiyəyə axışmasına yol açdığı ittihamlarına səbəb olub.
Əvvələr vurğulanan “qonşularla heç bir problem” siyasəti, indi sadəcə düşmənçilik görən insanların lağ mövzusuna çevrilib. “O, hisslərin idarə olunmasında ustadır,” Hürriyyet qəzetinin baş redaktoru Murat Yetkin deyir.
“Beləliklə, o, qurbandır və burda həmişə onun gücünü sarsıdaraq devirmək istəyən daxili və xarici düşmənlər var: O isə mediadan bütün effektiv yollarla istifadə edir.
“O bilir ki, onu dəstəkləyən geniş ictimaiyyət sosial mediada maraqlı deyil. Onlar əsas TV kanallarına baxır və onun dediklərinə inanırlar”.
Cənab Erdoğan-ın baş nazirlik dövründəki dönüş nöqtəsi 2013-cü ilin iyun ayında baş verib. Həmin vaxt sakinlər İstanbulun Gezi parkında planlaşdırılan tikinti layihəsinə qarşı etirazlara başlamışdılar.
Parkı zəbt etmiş insanları dağıtmaq üçün polis göndərilmiş və gözyaşardıcı qazlardan istifadə edilmişdi.
Zorakı etiraz aksiyaları bütün ölkəni bürümüş, ətraf mühitin müdafiəsi hərəkatı Erdoğan-ın insan haqlarını kobud şəkildə pozmasına və avtoritar siyasət yeritməsinə qarşı qəzəb nümayiş etdirmişdi. Türkiyə dünyada ən çox jurnalistin həbsdə olduğu bir ölkədir.
"Millətin adamı?"
Baş nazir həmin vaxt etirazçıları "törtöküntü" kimi qələmə vermişdi. Etirazlarda 14 yaşlı Berkin Elvan da daxil olmaqla, 14 nəfər dünyasını dəyişmişdir. O, bir səhər çörək almaq üçün dükana gedərkən yaxalanmışdı.
Yüzminlərlə insanın Berkin Elvan-ın cənazə mərasimində iştirak etməsinə baxmayaraq, cənab Erdogan onu "terrorist" adlandırmışdı. Berkin-in atası, Sami, onun polis tərəfindən qətlə yetirildiyi yeri mənə göstərir.
"Mən onun ölümünə görə Erdoğan-ı günahlandırıram," cənab Sami deyir. "O bizi ayırır. Mən indi yaşamağa çalışıram - lakin Berkin-siz çox çətindir".
Bosfor sahilində isə böyük ekranlarda Erdoğan-ın seçki təşviqatı nümayiş etdirilir. "Mən onu sevirəm," deyir tələbə Mehmet, "o bizi güclü edib".
Lakin Türkiyənin ən güclü müasir baş naziri bu milləti qütbləşdirib. Erdoğan kultu (şəxsiyyətə pərəstiş) çox güclü qüvvədir və bazar günü özünün parlaq nöqtəsinə çata bilər.




