Gecə klubunda "Erdoğana səs verənə pulsuz üzvlük" reklamı

Şəklin mənbəyi, BBC World Service
Qərbi Almaniyada türk gecə klubu növbəti prezident seçkilərində Baş nazir Recep Tayyp Erdoğanı dəstəkləyənlərə pulsuz üzvlük təklif edir, məlumatlarda deyilir.
"Avropanın ən böyük türk əylənmə zalı" olduğunu deyən Klub Taksim Boçum Erdoğanı "Yeni Türkiyənin yeni prezidenti" kimi təqdim edərək saytında reklam yerləşdirib, Türkiyə xəbər portalı Diken məlumat verir. Reklamda deyilir: "Səs ver, bülleten ilə foto çəkdir, onu bizə gətir və bir illik pulsuz üzvlük al".
Almaniyada yaşayan 2,7 milyon nəfər türkiyəli səsverənlərin 5 faizini təşkil edir və avqustda keçiriləcək seçkilərdə mühüm rol oynaya bilər.
Bu yaxınlarda cənab Erdoğanın adı korrupsiya iddialarında çəkilsə də, onun seçkilərdə asanlıqla qalib gələcəyi gözlənilir.

Şəklin mənbəyi, AP
Bəzi türk xəbər saytları klubda satılan spirtli içkiləri detallı şəkildə təsvir edib. Müsəlman Baş nazir Erdoğan alkoqol içmir və rəqs etməyi sevmir.
Türkiyədə siyasi liderlər şərh verməsələr də, Almaniya siyasətçilərinin reaksiyası qəzəbli olub. "Bu, bizim demokratik prinsiplərimizə ziddir və qanunla cəzalandırıla bilər", Sosial Demokratlar partiyasının türk əsilli millət vəkili Serdar Yüksel Westdeutsche Allgemeine Zeitung-a deyib.
Xristian Demokratik Birliyinin lideri Christian Haardt "səsləri satın almaq cəhdinin müvafiq qurumlar tərəfindən" araşdırıldığına ümid etdiyini bildirib.
Klubun sahibi İbrahim Demircan isə deyir ki, reklama görə yerli marketinq şirkətini qınayır və onları məhkəməyə verə bilər. "Mən alkoqol satmaqla dolanıram", cənab Demircan Westdeutsche Allgemeine Zeitung-a deyib. "Gələnlərin 95 faizi Erdoğana qarşıdır. Belə bir reklam etmək üçün yəqin dəli olmalıyam. Təsəvvür edin 10 000 adam gəlib deyir ki, Erdoğana səs vermişəm. Mənim buna imkanım yoxdur!"
Xəbəri BBC Monitoring hazırlayıb.




